“Sanki Rusiya Qarabağda hansısa xüsusi rejim yaradıb və onu özü idarə edir…”

“10 Noyabr razılaşmasından sonrakı ilk vaxtlar payız-qış dövrü olduğundan Azərbaycan Prezidenti də öz çıxışında vurğuladı ki, havalar soyuq olduğuna görə biz bəzi məsələlərə göz yumuruq…”

“Təbii ki, Yuxarı Qarabağda və Laçın dəhlizində yalnız sülhməramlı missiya daşımalı olan Rusiya hərbçilərinin 10 Noyabr üçtərəfli razılaşmasından bəri Azərbaycana qarşı cinayətlər törətmiş separatçı-terrorçu rejimlə çox isti münasibətlər qurması qətiyyən doğru deyil. Və bu həmin hərbi kontingentin rəsmi missiyasına da uyğun gəlmir. Amma aydındır ki, Qarabağda Rusiyanın öz maraqları var”.

Sozcu.az xəbər verir ki, bu fikirləri Moderator.az əməkdaşının “Son 8 ay ərzində Rusiya hərbçiləri Qarabağdakı adi erməni əhalidən daha çox, 30 illik bir zamanda, həmçinin II Qarabağ savaşında da Azərbaycana qarşı cinayətlər törətmiş separatçı-terrorçu rejimlə çox isti münasibətlər qurublar. Sizcə, sülhməramlı missiya daşıyan ordunun münaqişə tərəflərindən birinin digər tərəfə düşmənçiliyi açıq hiss olunan qanunsuz, özü də terror cinayətlərində suçlanan rəhbərliyi ilə mehriban münasibətdə olması doğrudurmu? Dünya praktikasında belə hala rast gəlinibmi?” sualına cavabında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı səsləndirib.

“Ümumiyyətlə, dünya praktikasında Rusiya hərbi kontingentinin son 8 ayda Azərbaycan torpaqlarındakı davranışlarına paralel tapmaq çətindir… 10 Noyabr və 11 Yanvar razılaşmalarına görə Rusiya hərbçiləri təmas xətlərində yerləşməli və erməni silahlı qüvvələri geri çəkilməli idi, onların yerini tutan sülhməramlılar eyni zamanda qanunsuz silahlı birləşmələri tərksilah etməli idi. Ancaq biz bunun real nəticələrini görmədik. Ən azı, Rusiya tərəfi onların erməni hərbçilərin yerin tutmasını əks etdirən video-görüntülər nümayiş etdirməli idi. Halbuki gerçəklik budur ki, müharibənin son günlərində Qarabağda qalan erməni silahlılarının əksəriyyəti öz yerindədir və ruslar da onları tam şəkildə himayə edirlər. Və Rusiya sülhməramlıları digər müstəvilərdə də öz səlahiyyətlərindən elə ilk gündən kənara çıxırlar. 10 Noyabr razılaşmasından sonrakı ilk vaxtlar payız-qış dövrü olduğundan Azərbaycan Prezidenti də öz çıxışında vurğuladı ki, havalar soyuq olduğuna görə biz bəzi məsələlərə göz yumuruq, imkan veririk ki, ermənilərə müəyyən dərəcədə humanitar yardım göstərilsin. Amma əslində bu işlər Rusiya hərbi kontinegntinin səlahiyyətlərinə daxil deyil. Fəqət, yaz-yay aylarında da biz rus hərbçilərin Qarabağda eyni işləri davam etdirdiyinin şahidi olduq. Deməli, onlar özlərini orada sülhməramlı kimi yox, həmin torpaqların sahibi kimi aparırlar. Bu da birmənalı şəkildə 10 Noyabr razılaşmasına ziddir. Və eyni zamanda Azərbaycanın suverenliyinə qarşı ən azından, yumşaq desək, hörmətsizlikdir. Sanki Rusiya Qarabağda hansısa xüsusi rejim yaradıb və onu özü idarə edir. Buna qətiyyən yol vermək olmaz. Bilimirik, bəlkə Azərbaycan hakimiyyəti Rusiyadan ehtiyat edir, yoxsa lazımi məqamadək siyasi-diplomatik səbir nümayiş etdirir. Bütün hallarda Azərbaycan dövləti artıq bu məsələləri yoluna qoymalı və Rusiyanın bu cür davranışlarına qarşı qətiyyətli mövqe tutmalı və ciddi addımlar atmalıdır”- deyə QAT sədri vurğulayıb.

Facebook Comments