İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir?

Azərbaycanda işləyənlərin sayında azalma qeydə alınıb. Belə ki, martın 1-nə olan məlumata görə, əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 784 min nəfərə düşüb. Bu isə ilin əvvəlindən 24 min nəfər azalma deməkdir. Buna səbəb nədir? Sozcu.az bildirir ki, Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, iş yerlərinin azalması bir neçə amillə bağlıdır: “İlk növbədə, bəzi sahələr mövsümi xarakter daşıyır. Məsələn, aqrar və turizm sektorlarında fəaliyyət ilin əvvəlində, xüsusilə birinci rübdə azalır, yay aylarına doğru isə bu sahələrdə aktivlik artır. Digər mühüm səbəb əmək bazarında baş verən dəyişikliklərlə bağlıdır. Son dövrlərdə əmək bazarında azalma tendensiyası müşahidə olunur və qlobal iqtisadi proseslər bu sahəyə birbaşa təsir göstərir. Bu tendensiya Azərbaycanda da özünü göstərir və bəzi hallarda ixtisarlar işçi sayının ciddi şəkildə azalmasına səbəb olur. Dövlət sektorunda aparılan struktur dəyişiklikləri də bu prosesə təsir edir. İdarəetmənin optimallaşdırılması çərçivəsində bir sıra qurumlarda, o cümlədən rayon icra hakimiyyətlərində ştat ixtisarları həyata keçirilir. Bu addımlar, əsasən, dövlət büdcəsi xərclərinin azaldılması və funksional yükü olmayan ştat vahidlərinin ləğvi məqsədi daşıyır. Ümumilikdə, bu ixtisarlar 3000-5000 işçini əhatə edəcək”. Ekspert bildirib ki, bəzi iri şirkətlər də maliyyə risklərini azaltmaq üçün ixtisarlara üstünlük verirlər: “Bu istiqamətdə müxtəlif qurumlarda, o cümlədən iri dövlət və özəl şirkətlərdə işçi sayının azaldılması halları müşahidə olunur. İşçi sayının azalmasına təsir edən digər mühüm amil əmək miqrasiyasıdır. Aşağı əməkhaqqı səbəbindən bir çox gənc ölkəni tərk edərək xaricdə işləməyə üstünlük verir. Son dövrlərdə azərbaycanlı mütəxəssislərin, xüsusilə həkimlərin Almaniya kimi ölkələrə üz tutması, eləcə də digər peşə sahiblərinin müxtəlif ölkələrdə fəaliyyət göstərməsi bu tendensiyanı gücləndirir. Qeyri-rəsmi məşğulluq da statistik azalmanı şərtləndirən amillərdəndir. Bəzi şəxslər yüksək vergi və sosial ödənişlər səbəbindən rəsmi fəaliyyətlərini dayandıraraq qeyri-rəsmi işləməyə üstünlük verirlər. Bu zaman fərdi sahibkarlıq fəaliyyəti bağlanır və nəticədə rəsmi statistikada işçi sayının azalması kimi qeydə alınır. Beləliklə, mövsümilik, struktur islahatları, ixtisarlar, əmək miqrasiyası və qeyri-rəsmi məşğulluq işləyənlərin azalmasına təsir göstərir”.

ABŞ Ukraynanın köməyinə ehtiyac duyur

ABŞ Səudiyyə Ərəbistanında yerləşən "Şahzadə Sultan Hava Bazası"nda Ukrayna istehsalı olan anti-dron müdafiə sistemini yerləşdirib. Sozcu.az xəbər verir ki, “Reuters”in beş məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, söhbət Ukraynanın “Sky Map” platformasından gedir. Məlumata əsasən, Ukrayna hərbi mütəxəssisləri bazaya gələrək ABŞ hərbçilərinə bu sistem üzrə təlimlər keçirlər. Bildirilir ki, “Sky Map” sistemi Ukrayna ordusu tərəfindən geniş istifadə olunur və xüsusilə İran istehsalı “Şahid” tipli pilotsuz uçuş aparatlarının aşkarlanması, zərərsizləşdirilməsində effektiv sayılır. Sistem həmçinin tutucu dronlar vasitəsilə əks-hücum imkanları yaradır. Məlumata görə, İrandan təxminən 400 mil məsafədə yerləşən hava bazası müharibə başlayandan bəri bir sıra hücumlara məruz qalıb. Bu hücumlar nəticəsində erkən xəbərdarlıq təyyarəsi məhv edilib, bir neçə yanacaqdaşıyan təyyarə zədələnib və bəzi radar obyektlərinə zərər dəyib. Hazırda bazanın müdafiəsində ABŞ-ın müxtəlif sistemlərindən, o cümlədən tutucu dronlardan istifadə olunur. Ekspertlər hesab edir ki, Ukrayna texnologiyalarının ABŞ bazasında tətbiqi Vaşinqtonun hava və raketdən müdafiə sistemlərində müəyyən boşluqların mövcudluğunu göstərir. Hudson İnstitutunun eksperti Timoti Uolton bildirib ki, ABŞ müdafiə sistemlərindəki boşluqlar uzun müddətdir məlumdur, lakin tam şəkildə aradan qaldırılmayıb. Qeyd edək ki, Ağ Ev və Pentaqon məsələ ilə bağlı şərh verməkdən imtina edib. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarına qarşı mübarizədə Ukraynanın yardımına ehtiyac olmadığını bildirmişdi.

Sabah külək güclənəcək - XƏBƏRDARLIQ

Aprelin 23-də bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir, Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın,Cəbrayıl, Füzuli, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT

30 il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumata görə, Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel 1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib: "Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər. Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər. Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub". Qeyd olunub ki, aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. "Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir", birgə məlumatda deyilir.

Anar Bayramov onları da işdən çıxardı

Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifələrindən uzaqlaşdırılıblar. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb. Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən azad edilib.

Azərbaycanda internet bahalaşdı - YENİ QİYMƏT

Bəzi mobil operatorlar internet paketlərinin qiymətlərinə artım tətbiq edib. Məsələn, 11 manatlıq paketlərin 13 manata yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet tariflərinin də bahalaşacağı ilə bağlı iddialar yayılıb. Qiymət artımının səbəbi nədir? Sozcu.az bildirir ki, globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov bu məsələnin bir neçə amil ilə əlaqələndirib: “Əvvəla, internetə olan tələbat əvvəlki illərlə müqayisədə xeyli artıb. İnsanlar artıq daha çox video izləyir, onlayn oyunlar oynayır, bulud xidmətlərindən istifadə edir. Bu isə operatorların şəbəkəsinə daha çox yük deməkdir. Şəbəkənin bu yükü problemsiz daşıması üçün isə daim yenilənmə və genişlənmə lazımdır. Digər tərəfdən, texniki xərclər də artıb. Operatorların istifadə etdiyi avadanlıqlar əsasən xaricdən gətirilir və valyuta dəyişiklikləri, logistika xərcləri bu sahəyə birbaşa təsir edir. Üstəlik, enerji xərcləri də əvvəlki kimi deyil və bu da ümumi maya dəyərini artırır. Eyni zamanda nəzərə almaq lazımdır ki, yeni texnologiyalara keçid dövründəyik”. E.Nuruşovun fikrincə, 4G və xüsusilə 5G kimi texnologiyalar istifadəçiyə daha sürətli və keyfiyyətli internet versə də, onların qurulması və saxlanması kifayət qədər böyük investisiya tələb edir: “Sabit internetlə bağlı bahalaşma xəbərlərinə də rast gəlinir. Burada da oxşar vəziyyətdir. Fiber-optik infrastrukturun genişləndirilməsi, daha stabil və sürətli xidmət təqdim etmək üçün görülən işlər operatorlar üçün əlavə xərclər yaradır. Qiymət artımı sırf operatorların qərarı kimi görünə bilər, amma arxasında daha geniş iqtisadi və texnoloji səbəblər dayanır”.

Tramp İranla bağlı qərar verdi - Pakistan təşəkkür etdi

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa İranla atəşkəs müddətinin uzadılmasına razılıq verdiyinə görə təşəkkürünü bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib. “Öz adımdan və feldmarşal Asim Munirin adından Prezident Trampa diplomatik səylərin davam etdirilməsi üçün atəşkəs müddətinin uzadılması xahişimizi nəzakətlə qəbul etdiyinə görə səmimi təşəkkürümü bildirirəm”, - Şahbaz Şərif vurğulayıb. O, tərəflərin atəşkəsə hörmət edəcəklərinə və hərtərəfli sülh razılaşmasına nail olacaqlarına ümid etdiyini açıqlayıb. Qeyd edək ki, danışıqların ikinci mərhələsinin bu gün İslamabadda keçirilməsi planlaşdırıldığı bildirilirdi, lakin İran tərəfinin mövqeyinə görə görüş qeyri-müəyyən müddətə təxirə salınıb. Xatırladaq ki, İranla ABŞ arasında atəşkəs razılaşması 8 apreldə iki həftəlik əldə edilmişdi. Bu gün atəşkəsin müddəti bitirdi. Tramp isə dünən açıqlama yayaraq, Pakistanın xahişi ilə atəşkəsin uzadıldığını elan etdi.

Temperatur yüksəlir, sabah 25 dərəcə isti gözlənilir

Sabah Azərbaycanda hava necə olacaq? Aprelin 23-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti olacaq.

Barat Yusubov vəzifəsindən azad edildiyini təsdiqlədi

Yeni Klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edildiyini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Barat Yusubovun özü deyib. O, işdən çıxarılma səbəbi ilə bağlı detalları açıqlamayıb: "Məlumat doğrudur, artıq Yeni Klinikanın direktoru deyiləm".

Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır. Sozcu.az APA-y istinadla xəbər verir ki, Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb. Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb. Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub. Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib. Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.

Paşinyan: Yerasx-Naxçıvan yolu ilyarım vaxt aparacaq

TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq. Sozcu.az Armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib. "Əminəm ki, 2026-cı ildə işlərə başlayacağıq. Məncə, ən tez istifadəyə verilən elektrik verilişi xətləri olacaq", - Paşinyan qeyd edib. O vurğulayıb  ki, Gümrüdən Türkiyəyə qədər və Yerasx (Arazdəyən)-Naxçıvan (Azərbaycan) dəmir yolu sahələrinin yenidən qurulması bir il - il yarım vaxt aparacaq.

Hesablama Palatası səhiyyə sektorunda nöqsanlar aşkarladı

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına əsasən həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri çərçivəsində səhiyyə sektorunda bir sıra ciddi maliyyə və idarəetmə nöqsanları aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir. Sənədə əsasən, aparılan yoxlamalar zamanı İcbari Tibbi Sığorta Fondunun (İTSF) gəlir və xərc göstəricilərinin bəzi hallarda düzgün əks etdirilmədiyi müəyyən edilib. Belə ki, gəlirlərin icrası ilə bağlı göstəricilərin tam nəzərə alınmaması, əvvəlki illərə dair xərclərin və öhdəliklərin düzgün tanınmaması Milli Məclisə təqdim edilən büdcə icrası hesabatlarında təhriflərə səbəb olub. Auditin nəticələrinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin maliyyələşmə mexanizmi də sığorta prinsiplərinə tam uyğun qurulmayıb. Mövcud sistemin əsasən saxlanma xərclərinə yönəldiyi qeyd olunur. Eyni zamanda, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik göstəricilərlə uyğun gəlmədiyi, bəzi hallarda eyni kateqoriyadan olan şəxslərin bir neçə mənbə hesabına sığortalanmasının nəzərdə tutulduğu aşkarlanıb. Bu isə dövlət büdcəsinə əlavə maliyyə yükü yaradaraq İTSF-in qalıq vəsaitlərinin artmasına səbəb olub. Hesabatda həmçinin qeyd edilir ki, idarəetmə xərcləri ilə bağlı hüquqi çərçivənin tam formalaşmaması, bu xərclərin yuxarı həddinin müəyyən edilməməsi və müxtəlif xərc istiqamətlərində parçalanaraq göstərilməsi inzibati xərclərin artımına gətirib çıxarıb. TƏBİB tərəfindən yaradılan hüquqi şəxslərin sayının çoxalması da bu tendensiyanı gücləndirib. Audit zamanı müəyyən edilib ki, adambaşına düşən icbari tibbi sığorta haqqının tərkibinə daxil edilən xərclər hər hansı hüquqi və ya metodoloji sənədlə əsaslandırılmayıb. Bununla yanaşı, sığorta haqqı, sığorta məbləği və tibbi xidmətlərin tariflərinin müəyyən edilməsi üzrə aydın və əsaslandırılmış mexanizmlər formalaşdırılmayıb ki, bu da tariflərlə xərclər arasında uyğunsuzluq riskləri yaradır. Bundan başqa, dövlət proqramları çərçivəsində həyata keçirilən satınalmalarda ehtiyac və tələbat göstəricilərinin düzgün müəyyən edilmədiyi, bəzi hallarda alınmış tibbi məhsulların ehtiyac sahiblərinə çatdırılmadığı qeyd olunub. Bu isə səhiyyə xidmətlərinə əlçatanlığın məhdudlaşmasına səbəb olub.("Report")

Tramp İrana neçə gün vaxt verib? - AÇIQLANDI

ABŞ prezidenti Donald Trump İranla atəşkəs rejimini konkret müddət göstərmədən uzadıb. Onun addımı diplomatiyaya razılaşma əldə etmək üçün əlavə imkan yaradır. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, bu qərarın səbəblərindən biri ABŞ və Pakistan vasitəçilərinin İranın ali lideri Müctəba Xameneidən son təklifə cavab gözləməsidir. İsrail mənbəsinin məlumatına görə, Xameneinin çərşənbə günü cavab verəcəyi gözlənilir. Başqa bir mənbə bildirib: “Tramp iranlılara işlərini yoluna qoymaq üçün əlavə 3–5 gün vaxt verməyə hazırdır, lakin atəşkəs qeyri-müəyyən müddətli olmayacaq”.

Azad olunmuş 4 şəhərin baş planı tamamlanır

İşğaldan azad olunan daha 4 şəhərin baş planı tamamlanmaq üzrədir.  Sozcu.az xəbər verir ki, bu barədə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi çərçivəsində İmişli şəhərində keçirilən "Memarlıq və şəhərsalma sahəsində dövlət nəzarəti və prokurorluğun rolu" mövzusunda konfrans zamanı bildirilib. O da qeyd edilib ki, azad olunmuş ərazilərdə görülən işlərə də toxunulub. Bildirilib ki, bu bölgələrdə artıq 8 şəhərin baş planı tamamlanıb, daha 4 şəhərin baş planı isə tamamlanmaq üzrədir. 41 yaşayış məntəqəsinə köç prosesi həyata keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

TƏBİB rəhbərinin müşavirləri 1 ilə ümumilikdə 1 milyon manatdan çox əməkhaqqı alırmış...

Xəbər verildiyi kimi, TƏBİB-in yeni icraçı direktorunun 6 müşaviri işdən çıxarılıb. Sozcu.az xəbər verir ki, TƏBİB rəhbərinin müşavirləri yüksək əməkhaqqı alırlarmış. Belə ki, onların ayda 15 min manata yaxın məvacib aldıqları məlum olub.  Bununla yanaşı, müşavirlərin hər rübdə maaş qədər də əlavə məvacib aldıqları bildirilir. Orta hesabla TƏBİB rəhbərinin müşavirləri il ərzində ümumilikdə 1 milyon manatdan çox maaş alıblar. Xatırladaq ki, TƏBİB-in yeni icraçı direktorunun müşavirləri Elşad Məmmədli, Zeynal Bayramlı,  Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrdən azad olunublar. Mənbə: Unikal.az

ABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik

ABŞ-yə məxsus təyyarə Hörmüz boğazı istiqamətində hərəkət edir. Sozcu.az  xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat paylaşıb. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə aid "Boeing KC-46A Pegasus" yanacaqdolduran tankeri Fars körfəzi səmasında qeydə alınıb. Uçuşuna Təl-Əvivdən başlayan hava gəmisi İordaniya və Səudiyyə Ərəbistanının hava məkanından keçərək Fars körfəzinə çatıb. Daha sonra isə təyyarə Hörmüz boğazı istiqamətində uçuşunu davam etdirib./Oxu.az

“Son zəng” bu tarixdə olacaq - RƏSMİ

Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

Tramp ABŞ ordusunun Çindən İrana göndərilən “hədiyyə”ni ələ keçirdiyini deyib

ABŞ Prezidenti Donald Tramp dünən İrana məxsus gəminin ələ keçirildiyini bildirib. Tramp CNBC-yə müsahibəsində gəmidə olan yükün Çindən göndərildiyini deyib. “Bu, Çinin "hədiyyəsi" idi. Mən təəccübləndim. Düşünürdüm ki, Si Cinpinlə razılaşmışdıq”, - ABŞ Prezidenti vurğulayıb./APA

Kür çayında son vəziyyət açıqlandı

Kür çayının Zərdab rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 11 santimetr artaraq 893, Sabirabad rayonu ərazisində 7 santimetr artaraq 751, Şirvan ərazisində 16 santimetr artaraq 557, Salyan rayonu ərazisində 20 santimetr artaraq 685, Neftçala rayonu ərazisində isə 4 santimetr artaraq 190 santimetr olub. Bu barədə Sozcu.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib. Bildirilib ki, Tərtərçayda su sərfi saniyədə 9, Tutqunçayda 7, Həkəriçayda 13, Bəsitçayda 7, Zabuxçayda 4, Bərgüşadçayda 23, Oxçuçayda 14, Levçay 7, Şəlvəçay 3 kubmetrdir.

Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir. Bakupost.az-a daxil olan məlumata görə, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Belə ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb. Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur. Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir. Məsələ ilə bağlı TƏBİB-dən rəsmi açıqlama almaq mümkün olmayıb.

Metroda yaranan problemin səbəbi nədir? - AÇIQLAMA

“Təmas relsinə yüksək gərginliyin verilməsində yaranan nasazlığın müxtəlif səbəbləri ola bilər. Dəqiq analiz aparmamış, konkret nəsə demək mümkün deyil. Belə halların təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir”. Bunu “Yeni Sabah”a açıqlamasında yeraltı nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov deyib. O bildirib ki, platforma daxilində enerji təminatını həyata keçirən müxtəlif avadanlıqların hər birində nasazlıq olma ehtimalı mümkündür: “Ümumiyyətlə platformanın içərisində müxtəlif işıq gücləndiriciləri, enerji ötürücüləri və transformatorlar var. Onlarda müəyyən nasazlıqlar, qısaqapanmalar olan zaman gərginliyin düşməsi müşahidə olunur. Ola bilsin, elektrik vericiləri yaxud relslərdə olan qəbuledicilərdə nasazlıq yaranıb. Sadalanan bütün avadanlıqlarda problem olması mümkündür. Bunu daha yaxşı energetiklər müəyyən edə bilər. Daha dəqiq səbəbi müvafiq araşdırmadan sonra öyrənə bilərik”. Qeyd edək ki, “Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət qoyulub. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə stansiyalardakı sərnişinlər təxliyə olunub. Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Tramp İranla sülh sazişini şəxsən imzalayacaq

ABŞ Prezidenti Donald Tramp, əgər İslamabadda keçirilən danışıqlar nəticəsində İranla sülh sazişi əldə olunarsa, həmin sazişin imzalanma mərasimində şəxsən və ya onlayn formatda iştirak edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Reuters” danışıqlarda iştirak edən pakistanlı mənbəyə istinadən məlumat yayıb. ABŞ tərəfi İranla danışıqların 2-ci raundunun Pakistanda baş tutacağına əminlik ifadə edib. İran tərəfi isə iştirakını “müsbət qiymətləndirdiyini” bildirib, lakin öz şərtlərinin yerinə yetirilməsini gözlədiyini vurğulayıb - bu şərtlərə uranın zənginləşdirilməsi hüququnun tanınması da daxildir. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin bu gün İslamabadda olması gözlənilir. Vəziyyət atəşkəsin bitməsi fonunda qeyri-müəyyən olaraq qalır: 28 fevralda ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan müharibədə elan edilən iki həftəlik atəşkəs yaxın saatlarda başa çatmalıdır. 10 gün əvvəl keçirilən ilk danışıqlar raundu nəticəsiz qalmışdı və bundan sonra Tehran yeni raunddan imtina etmişdi — buna səbəb kimi ABŞ-ın İran limanlarına dəniz blokadasını ləğv etməməsi və İran yük gəmisinin ələ keçirilməsi göstərilmişdi.

Orban kuklalarının 31 maya qədər vaxtı var - Magyar

Orbanın kuklaları 31 maya qədər könüllü olaraq vəzifələrindən istefa verməlidirlər. Sozcu.az xəbər verir ki, bunu Tisa Partiyasının lideri, Macarıstanın gələcək Baş naziri Peter Magyar özünün X səhifəsində yazıb. “Bu, Macarıstanın prezidenti, Ali Məhkəmənin sədri, Milli Məhkəmə İdarəsinin rəhbəri, Konstitusiya Məhkəməsinin sədri və Baş prokurora aiddir. Əgər bu vəzifəli şəxslər 31 maya qədər könüllü olaraq vəzifələrindən istefa verməsələr, onda milyonlarla macardan aldığımız mandat əsasında onları vəzifələrindən uzaqlaşdıracağıq”, - o qeyd edib.