“İsa Qəmbərin çıxışlarına baxdıqca həzz alıram” – Əli İnsanov

Sabiq Səhiyyə naziri Əli İnsanov vəzifədə işlədiyi uzun illər ərzində həmişə hakimiyyət opponentlərinə aqressiv münasibəti ilə seçilib. İnsanovun, müxalifət liderlərinə, xüsusilə Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbərə münasibəti daha kəskin olub. O, ötən əsrin 90-cı illərində parlamentin iclaslarında İsa Qəmbərin ünvanına təhqiramiz ifadələr işlətməkdən çəkinməyib. AzTV-nin arxivi bu cür kadrlarla “zəngindir”.

Sozcu.az xəbər verir ki, LAF TV-nin efirində qonaq olan keçmiş nazir bu dəfə fərqli mövqeyi ilə tamaşaçıları təəcübləndirib. O, müxalifət funksionerlərinin, xüsusilə İsa Qəmbərin ünvanına tərifli sözlər işlədib, onu yetkin siyasətçi kimi xarakterizə edib:

“İnsan həmişə özünü günahkar saymalıdır. Çünki ağıllı, həyatı düzgün başa düşən insan gün ərzində etdiyi yaxşılıqların içərisində də pislik axtarıb tapmalıdır. Hans Selyenin gözəl bir sözü var: Ağılsız adam əgər səhvini başa düşürsə, o, yarımdahidir. Biz hər zaman səhvlərimizi etiraf etməyi bacarmalıyıq.

Bizim o vaxt müxalifətlə ciddi mübahisəmiz, mübarizəmiz olurdu. Bu da Azərbaycanın o dövrki müxalifət-iqtidar reallığı idi. Hətta parlamentdə davalar, həbslər olub. Mən bu gün Azərbaycan siyasətində İsa Qəmbərə ən yetkin bir neçə siyasətçi içərisində yer verərdim. Mən onun bütün müsahibə və çıxışlarına baxdıqca inanın, həzz alıram. Belə insanı incitmək çox nahaqdır. O vaxt İsa Qəmbəri yaxından tanımamışam. Zaman keçir, insanlar həyatı daha yaxşı dərk edir. Ona görə də vaxtilə tənqid etdiyim müxalifət liderlərinin bu gün hər biri ilə dostluq münasibətindəyəm və indi hər şeyi daha yaxşı başa düşürük”.

Facebook Comments