Xoşqədəm verilişinə dərdli adamlar çağırır. Sonra da ona qulaq asıb başlayır efirdə ağlamağa. Efir qurtarandan sonra həmin o dərdinə ağladığı adam bundan nəsə bir söz soruşanda qışqırır üstünə ki, ay bala, sən Allah, yeri get o tərəfə, baş-beynimi aparma. Halbuki, efirdə o adamın başını sığallayıb deyirdi ki, can, can...
Bu, nədir? Oyun.
Burda təkcə Xoşqədəm yox, hamı oyun oynayır, hamı rəqs edir. Hərənin öz rəqsi, hərənin öz oyunu var. Bəlkə də Xoşqədəmin verilişinə çıxıb dərdini danışan adamın da öz oyunu var. Bəlkə də oyunu-zadı yoxdur. Sadəcə səydir. Dünyanı oyun kimi dərk etməyəndə həyat adamı çox böyük faciələrə aparıb çıxarır. Yaxud gülməli bir vəziyyətə düşürsən.
Məsələn, qız oğlanı, oğlan da qızı sevir. Bir-birlərinə deyirlər ki, səndən ötrü ölümə də gedərəm. Amma həm də özlərini qoruyurlar. Məhləyə girəndə qız oğlana deyir ki, sən burdan qayıt, qonşular bizi bir-yerdə görməsin. Niyə? Nolur bir yerdə görəndə? Adına söz çıxar. Bir tərəfdən deyir, səndən ötrü ölümə gedərəm, o biri tərəfdən adının çıxmasını istəmir. Bir tərəfdən deyir, səndən ötrü ölümə gedərəm, ölsəm də səninəm, o biri tərəfdən də deyir, evlənəndən sonra sevişərik. Bu, nədir? Oyundur. Birdən olmadı elə, oldu belə. Gələcəyə ayaq yeri qoyur. İndi qız səhv edirmi? Bilmirsən. Düz edirmi? Onu da bilmirsən. O qız sadəcə öz oyununu oynayır. Qız oğlanın bütün dediklərini eləsə, adını qorumasa, bədənini qorumasa, sabah oğlan fikirini dəyişsə, onda qız nə olacaq? Qurban. Ona görə də qurban olmamaq üçün hərənin öz oyunu olmalıdır. Sən oyun oynamasan, sənlə oynayacaqlar.
İrandakı aksiyalarda meyit şəkillərinə baxıram. O meyitlərin hamısı qurbanlardır. Yəni öz oyunu olmayanlar. O meyitlər İranda molla rejiminə də lazımdır, hakimiyyətə gəlmək istəyənlərə də lazımdır. Rejimə ona görə lazımdır ki, başqaları qorxsun. Rejimi dəyişmək istəyənlərə isə ona görə lazımdır ki, proses daha da böyüsün, emosiyalar artsın. İndi o meyitlər ən çox Trampa lazımdır. Mən burda nə molla rejimini müdafiə edirəm, nə də ABŞ-ı. Dünyanın, həyatın oyunlarını izah etməyə çalışıram.
İndi İranda elə adamlar var, oturub evdə, çölə çıxmır, amma molla rejiminin dəyişməsini ən çox arzulayan adamdır. Sadəcə qurban olmaq istəmir. Bəlkə də rejim dəyişəndən sonra ən çox evdə oturanlar fayda götürəcək. Vəzifədə-zadda olacaqlar, ailəsi, uşaqları ən gözəl həyatı yaşayacaq. Qabağa düşüb qışqıranlar yenə də yesir günündə yaşayacaqlar. Yesir günündə yaşamaqlarının səbəbi təkcə ədalətsizlik, bəxt, tale deyil. Bir az da öz seçimləridir. Onların öz oyunları yoxdur. Onlar kiminsə oyununda təsadüfən sağ qalmış qurbanlardır.
Müharibədə döyüşən qazi ayda 150 manat alır, amma qaziyə mahnı yazanlar yüz minlər, milyonlar qazanır. Burda günahkar, ədalət, hüquq-zad axtarmayın. Burda qurban var, bir də oyunçu var. Başqa heç nə yoxdur.
İranda evdə oturanlar bəlkə də çölə də çıxacaq, amma elə vaxt çıxacaq ki, ölüm təhlükəsi olmayacaq. Bir az qışqırıb-bağıracaqlar ki, guya bunun da payı var rejimin getməyində. Bu, nədi? Bu da onun oyunudur. Bircə ölənlərin oyunu olmur. Onlar qurbanlardır. Bəlkə də onların da oyunu varmış, amma alınmayıb.
İngilis filosofu demiş:
"Hər bir inqilabı dahilər düşünür, fanatiklər həyata keçirir, alçaqlar isə bəhrələnir".
Kəramət Böyükçöl