Əbülfəs Qarayev nazirlikdəki kriminaldan danışmaq istəmir: “Mən evdəyəm…”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan mədəniyyət nazirinin keçmiş müavini, 1.8 milyon manatlıq mənimsəmə və rüşvət almaqda ittiham olunan Rafiq Bayramovun iyunun əvvəlində məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır. Lakin Rafiq Bayramov indiki mərhələdə ifadə verməkdən imtina edib. O bildirib ki, şahidlər dindiriləndən sonra ifadə verə bilər.

Keçmiş nazir müavini Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumlarda elan olunan tenderlərdə özlərinə yaxın şirkətləri qalib elan etməkdə, büdcədən ayrılan vəsaitlərin bir hissəsini mənimsəməkdə, mədəniyyət müəssisələrindən (musiqi məktəbləri və s.) hər ay rüşvət almaqda ittiham olunur. Rafiq Bayramova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 311.3.3 (külli miqdarda rüşvət alma) və başqa maddələrlə ittiham irəli sürülüb.

Rafiq Bayramov 2020-ci ilin mayında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onunla eyni vaxtda nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da həbs edilib. Onların işi üzrə istintaq birlikdə aparılıb. Lakin istintaqın sonunda Zakir Sultanovun işi ayrılıb, istintaq müddəti yenidən uzadılıb. Bütün bunlar göstərir ki, bu həbslərdən sonra işdən çıxarılan Əbülfəs Qarayev ətrafında da halqa darala bilər. Nazir müavini ifadə verməməklə Əbülfəs Qarayevə “danışaram” mesajımı göndərir? Əbülfəs Qarayev məhkəməyə gələcəkmi?

“Yeni Müsavat”ın əməkdaşı bu suallarla Əbülfəs Qarayevə müraciət edib. Telefon zənginə cavab verən sabiq nazir sualları dinləyib əvvəlcə “konfransdayam, bir qədər sonra zəng edin” deyib. “Müavininizin məhkəməsində iştirak edəcəksinizmi” sualına “mən evdəyəm” cavabını verib. Əbülfəs Qarayev ölkədən çıxışına qadağa qoyulması ilə bağlı sualı dinləyərək telefonu qapadıb.

Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirəndən sonra onun ölkədən çıxmağa çalışdığı bildirilirdi. Bu ilin fevralında gununsesi.info yazmışdı ki, Əbülfəs Qarayev Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb. Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib. Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib. O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb. Lakin sabiq nazirin ölkədən çıxışına icazə verilməyib.

Xatırladaq ki, 2020-ci il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. Nəticədə nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanov saxlanılıblar. Onların xidməti kabinetlərin və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Rafiq Bayramov uzun illər Əbülfəs Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi xəbəri həmin günlərdə vardı. Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

Əməliyyatdan sonra Mədəniyyət Nazirliyində yoxlama aparılıb, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir. Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası nazirlikdə yoxlama aparıb. Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Əbülfəs Qarayevin mədəniyyət sahəsinə ayrılan pulları necə taladağı haqda müəyyən təəssürat yaradırdı. Əməliyyatdan sonra Əbülfəs Qarayev açıq-aşkar müqavimət göstərir, kabinetini əldən vermək istəmirdi. Halbuki Mədəniyyət Nazirliyindəki böyük korrupsiya faktlarının videosübutları ortalıqda idi. Beləcə, Əbülfəs Qarayev “nəhsliyi” 13 gün davam etdi. Mayın 21-də Prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan uzaqlaşdırıldı. Həmin gündən sonra Əbülfəs Qarayev bir dəfə açıqlama verib, evində olduğunu bildirmişdi. Onun istintaqa təqsirləndirilən şəxs, şübhəli şəxs və ya şahid qismində cəlb olunduğu mediaya bəlli deyil. Əbülfəs Qarayev 26 il nazir postunu tutub, bu müddətdə Mədəniyyət Nazirliyinə ayrılan milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsi haqda iddialar var.

Facebook Comments