Qarabağsız “Qarabağ klanı” kimə lazımdır?

Ermənistanda keçirilən parlament seçkiləri artıq başa çatdı. Seçkinin ilkin nəticələrinə görə Paşinyanın rəhbərlik etdiyi blok parlamentdəki 107 yerdən 72 -ni qazanmaqla təkbaşına höküməti formalaşdırmaq imkanı əldə etdi.

Azərbaycanın işğalçı ölkəyə qarşı həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı. Onun iqtisadiyyatının zəifləməsi və həm əhalinin sosial durumunun ağırlaşması, həm də erməni ordusunun təminat və təchizatı üçün ciddi problemlər yaratdı. Nəticədə Ermənistan hər gün xarici yardımlardan daha çox asılı vəziyyətə düşdü.

Azərbaycanın son illərdə həyata keçirdiyi fəal diplomatiya Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa və erməni yalanlarını ifşa etməyə də imkan verdi. Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri bir bir itirməyə başladı.

Ciddi sosial-iqtisadi problemlər və Qarabağ əməliyyatlar zonasındakı məğlubiyyətlər Ermənistan cəmiyyətini ayağa qalxmasına və R.Koçaryan-S.Sarkisyan cütlüyünün simasında 30 il ərzində insanları düşmənçilik ab-havasına kökləyən cinayətkar sistemi tarixin arxivinə göndərilməsi ilə nəticələndi.

Baş verən proseslər fonunda Ermənistanın işğal altındakı əraziləri sülh yolu ilə azad etmək niyyətində olmaması, bu az imiş kimi, növbəti təxribatlarından əl çəkməməsi, Azərbaycan rəhbərliyinin strateji hədəfləri düzgün müəyyənləşdirməsi, ordu quruculuğunda nəhəng addımlar atması, zəruri mexanizmləri formalaşdırması və nəticədə Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olması ilə başa çatdı.

Parlament seçkilərində Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, Azərbaycan Prezidentinin “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz müharibədə sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” ifadəsi əbəs yerə səslənməyib. Deməli, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin real nəticələrini artıq qəbul edib və heç bir halda revanşistlərə yenidən meydan vermək niyyətində olmadığını aşkar nümayiş etdirir. Beləliklə, erməni xalqı Qarabağsız “Qarabağ klanı”na siyasi arenada yer vermək niyyətində deyil.

Seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşist meyllərə yox deyir, o məğlubiyyətdən sonra demoralizə olunub və artıq müharibədən bezib. 2016-cı ilin aprelində Azərbaycan ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonu oldu, 2020-ci il müharibəsində məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik qapatdı.

Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, seçkilərdə iflasa uğradılar və Ermənistanın siyasi arenasından sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdur. Seçkilərin nəticələri həm də Qərbin qələbəsi deməkdir. N.Paşinyanın Qərblə ciddi bağlantılarının olduğu, Soros Fondunun diqtəsi ilə hərəkət etdiyi sirr deyil.

Rusiya bu seçkilərdə R.Koçaryana hər cür dəstək göstərsə belə onu hakimiyyətə qayrata bilmədi. Sirr deyil ki, seçki ərəfəsində Rusiya mediası qapılarını “Ermənistan” blokuna geniş açılmışdı və Koçaryana hərtərəfli dəstək verirdi. Həmin dövrdə Rusiya mediasında anti-Azərbaycan ritorikasının güclənməsi də məhz bunun nəticəsi idi. Lakin bütün cəhdlərə baxmayaraq, bu fəaliyyətlər Ermənistanda belə iflasa uğradı və heç bir nəticə vermədi.

Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti imzalanan 3 tərəfli birgə Bəyanatın yerinə yetirlməsində konstruktiv mövqe nümayiş etdirməyə məcburdur. Belə olan halda Ermənistan formalaşan yeni geosiyasi reallığın yaratdığı imkanlardan yararlanaraq gələcək inkişafını təmin edə bilər.

Ermənistanın müharibədəki məğlubiyyətinə baxmayaraq, Rusiyanın vahid namizədi olan Koçəryan seçkilərdə məğlub oldu, bu isə Rusiyanın nəinki mövcudluğu tamamilə Kremldən asılı olan forpostunda, həm də Qafqazda Kremldən asılı olan Ermənistanda nüfuzunun tam itirməsi deməkdir. Bütün bunlar Rusiyanın Qafqazda nüfuzunu getdikcə zəifləyəcəyini göstərir.
Baş verən proseslər, xüsusilə imzalan “Şuşa Bəyannaməsi”, Qafqazda Azərbaycan-Türkiyə erasının başladığını iddia etçməyə əsas verir. Tərəfdaşlarımızla koordinasiyalı addımlarımızı doğru və zamana uyğun planlaşdırmaqla, Qərb idarəetmə və Türk / NATO ordu modelinə keçid etməklə böyük nəticələr əldə etmək mümkündür.

Ədalət Verdiyev, hərbi ekspert

Facebook Comments