MSŞA Koalisiyası Elşən Əlisoyu dəstəkləyir

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası öz üzvü və həmçinin Koalisiyanın Monitorinq Qrupunun üzvü, “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İB-nın sədri, “Sozcu.az” saytının rəhbəri Məmmədov Elşən Əli oğlunun (Elşən Əlisoyun) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR-ın) vitse-prezidentlərindən biri İsmayılov Mikayıl İsmayıl oğlu tərəfindən mərkəməyə verilməsini pisləyir və SOCAR-ın vitse-prezidentindən E. Əlisoyun konstitutsion hüquqlarına hörmət etməsini tələb edir.

M. İsmayılov Elşən Əlisoyun onun şərəf və ləyaqətini ləkələməsini, nalayiq formada alçaldılmasını əsas gətirərək adıçəkilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə xüsusi ittiham qaydasında Ağsu rayon məhkəməsinə müraciət etmişdir. Həmin Xüsusi ittiham qaydasında Şikayət Ərizəsinə əlavə edilmiş İddia Ərizəsində Mikayıl İsmayılov şərəf və ləyaqətinin ləkələnməsinə görə Elşən Əlisoydan 100.000 (yüz min) manat təzminat (maddi ziyan?) ödəməsini tələb etmişdir.

Xüsusi ittiham qaydasında Şikayət Ərizəsində və həmin ərizəyə əlavə edilmiş mülki iddiada SOCAR-ın vitse-prezidentinin məhkəməyə müraciət etməsinin səbəbi kimi digər şəxsin rəhbərlik etdiyi “Azad soz” adlı saytda Mikayıl İsmayılovun qadın aparıcı və qadın müğənni ilə birlikdə olan şəkillərinin, həmçinin onun haqqında yayımlanmış tənqidi yazının Elşən Əlisoya məxsus Facebook səhifəsində paylaşılması və sonuncu tərəfindən həmin yazının altında “Bu qədər sərvəti neynir bunlar ilahi… Mikayıl İsmayılov SOCAR-ın 12 vitse-prezidentindən biridir. Mən buna vəhşilik və acğözlük deyirəm”- ifadələrini qeyd edərək münasibət bildirməsi göstərilmişdir.

MSŞT Koalisiyası, SOCAR kimi mötəbər bir qurumun vitse-prezidentinin digər bir şəxsin rəhbərlik etdiyi “Azad soz” saytında yayımlanmış məlumatı özünə məxsus Facebook səhifəsində paylaşmasına görə Elşən Əlisoy barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət etməsini sayt rəhbərinin müstəqil, tənqidi fikrinə görə təqib edilməsi hesab etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulmuş hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına zidd hərəkət kimi qiymətləndirir və Mikayıl İsmayılovu sayt rəhbərinin qeyd edilən konstitution azadlığına hörmətlə yanaşmağa, həmçinin “Azadsoz” saytında barəsində yayılmış tənqidi yazı ilə əlaqədar ictimaiyyətə açıqlama verməyə çağırır. Eyni zamanda, bəyan edir ki, MSŞT Koalisiyası hazırkı məhkəmə işini axıra qədər təqib etməklə bərabər, onun milli və beynəlxalq səviyyədə içtimailəşdirilməsini təşkil edəcək və qanunvericilikdə nəzərdə tutulmuş bütün mümkün vasitələrdən istifadə etməklə Koalisiya üzvü Elşən Əlisoyun hüquqlarını müdafiə edəcək!

Facebook Comments