“Elə şey yoxdur, biz Qarabağı quracağıq, ruslar da gəlib…”

“Rusiya Türkiyənin ən azı onlar qədər Qarabağda olduğunu anlamalıdır. Türk əsgərləri Azərbaycandadır, onlar Azərbaycan dövlətinin dəvəti ilə oradadırlar”.

Sozcu.az xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.

Ekspert Türkiyənin hərbi baxımdan bölgədə olmasını vacib hesab edir: “Bölgə çox mürəkkəb və kritikdir. Söhbət bir çox ölkənin diqqətində olan coğrafiyadan gedir. Zəngəzur dəhlizi birdən çox ölkə üçün vacib bir yerdir. Ancaq daha çox Türkiyə və Azərbaycan üçün “olmazsa, olmazdır”. Rusiya isə bütün bölgəni öz hökmranlığı altında saxlamağa çalışır. Türkiyənin oradakı varlığı bunun qarşısını alır.

Qarabağ hazırda Azərbaycanın nəzarətindədir. Lakin ermənilər qaçarkən əraziləri yandırıb məhv etdilər və üzərinə mina döşədilər. Bakıdan Şuşaya təhlükəsiz bir avtomobil yolu yoxdur. Yeni bir yol açılır. İndi Şuşada nə həyat var, nə də sakinlər. Şuşa və Qarabağın digər şəhərləri yenidən qurulur. İş başlayıb.

Türkiyə bu məsələlərdə Azərbaycanla birgə fəaliyyət göstərir. Rusiya isə qoşunlarını ora (Xənkəndi) yerləşdirərək Qarabağın yenidən qurulmasını gözləyir. Biz Qarabağı yaşanılacaq hala gətirəcəyik, ruslar da əsgərləri ilə bura nəzarət edəcəklər? Belə bir dünya artıq yoxdur”.

Taha Dağlı qeyd edib ki, Qarabağ daha təkcə Rusiyanın hərbi nəzarətində qalacaq bir yer deyil:

“Rusiya indi Türkiyənin Cənubi Qafqaz tənliyində çox və çox əhəmiyyətli bir aktor olduğunu anlamalıdır. Cənubi Qafqazdakı 30 illik status-kvoya son qoyan Azərbaycan və Türkiyənin birgə gücü idi. Bu, gözardı edilə bilməyən həqiqətdir. Artıq Cənubi Qafqazda yeni bir tənlik qurulub və onun öncülü Türkiyədir. Cənubi Qafqaz da artıq Rusiyanın “arxa bağçası” deyil”.Teleqraf

Facebook Comments