İcra başçısının sevimli şirkəti qalib oldu – Milyonlar şirkətə belə axıdılır

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin Nümayəndəliyi şəhərdaxili yolların əsaslı təmir işləri üzrə elan etdiyi satınalma müsabiqəsinin qalibini açıqlayıb.

Sozcu.az xəbər verir ki, qalib şirkət “İnşaat Servis-2” MMC-dir. Qurum görülən işlər müqabilində şirkətə 324 989.68 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İnşaat Servis-2” MMC 31 avqust 2009-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 40A, mənzil 17-də yerləşən MMC-nin qanuni təmsilçisi Aslanov Vüqar Məzahir oğludur.

“İnşaat-Servis-2” MMC haqqında açıq mənbələrdə hər hansı məlumat, rəsmi səhifə və əlaqə nömrəsi yoxdur. Araşdırma zamanı isə bəlli olub ki, bu şirkət şübhəli tenderlər üçün yaradılıb. Yerli sakinlərin sözlərinə görə, MMC xüsusilə Beyləqanın icra başçısı Asif Ağayevin sevimli şirkətidir. Təkcə 2020-ci ildə şirkət Beyləqan Rayon İcra Hakimiyyətindən 2 617 124.52 AZN dəyərində müxtəlif sifarişlər alıb.

MMC-nin qanuni təmsilçisi Vüqar Aslanova gəlincə, o, həm də “Veteks-2017” MMC-nin sahibidir. Bu şirkət 11 noyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Beyləqan rayonu, Beyləqan şəhəri, A.Əkbərov küçəsi, ev 24-də yerləşir. Hazırda şirkətin qanuni təmsilçisi Qardaşov Aydın Əliguşəd oğludur.

Mediada yayılan məlumatlara görə, Vüqar Aslanov bu şirkət vasitəsilə Beyləqan və Zərdabda iri məbləğli tenderlərin qalibi olub.

Naftalan Şəhər İcra Hakimiyyətinin “İnşaat Servis-2” MMC kimi şübhəli şirkətlə satınalma müqaviləsi bağlaması müsabiqənin şəffaflığına şübhələri artırır.

Məlumat üçün deyək ki, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin Nümayəndəliyi son müqavilə də daxil olmaqla 2020-2021-ci illər ərzində toplam maliyyə dəyəri 756 308.67 AZN təşkil edən 6 satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə mənzil fondunun, qeyri-yaşayış binalarının, şəhədaxili yol örtüyünün əsaslı təmiri və maşın və avandıqların satın alınması nəzərdə tutulur.HİT.Az

Facebook Comments