“Müdafiə Xətti” Mikayıl İsmayılovun məhkəməyə verdiyi jurnalistin müdafiəsinə qalxdı – BƏYANAT

Müdafiə Xətti dərin narahatçılıqla qeyd edir ki, Konstitusiyanın 50-ci maddəsinin I və II hissələrində hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı təsbit edilsə də, kütləvi informasiyanın azadlığına təminat verilsə də, 47-ci maddəsinin I və II hissələrində hər kəsin fikir və söz azadlığı tanınsa da, heç kəsin öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilməsinin mümkünsüzlüyü göstərilsə də, qoşulduğumuz İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada, Ümümdünya insan hüquqları haqqında Bəyannamədə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda ifadə azadlığı bəyan edilsə də Azərbaycanda bu istiqamətdəki real durum qeyri-qənaətbəxşdir.

Təsadüfi deyildir ki, cari ilin aprel ayında “Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatı dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksini açıqlayıb və Azərbaycan 180 ölkə arasında 167-ci sıranı tutub.

Müdafiə Xətti böyük təəssüf hissi ilə qeyd edir ki, bu gün Azərbaycan cəzaçəkmə müəssisələrində azad fikir ifadə etdiyinə görə məhbəs həyatı yaşayan vətəndaşlar-media mənsubları vardır.

Müdafiə Xətti bildirir ki, ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılov Sözçü.az internet saytının baş redaktoru Elşən Əlisoya qarşı xüsusi ittiham qaydasında Ağsu Rayon Məhkəməsinə şikayət verib. Səbəb kimi M. İsmayılov barədə Azadsoz.com internet saytında yayımlanan yazının E. Əlisoy tərəfindən “Facebook” sosial şəbəkəsində paylaşılması və “Bu qədər sərvəti neynir bunlar, İlahi… Mikayıl İsmayılov SOCAR-ın 12 vitse-prezidentindən biridir. Mən buna acgözlük və vəhşilik deyirəm.” yazması göstərilib. M. İsmayılov böhtana və təhqirə məruz qaldığını iddia edərək E. Əlisoyun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Müdafiə Xətti qeyd edir ki, ARDNŞ-nin vitse-prezidenti M. İsmayılov baş redaktor E. Əlisoya qarşı mülki iddia da qaldıraraq 100.000 (yüz min) manat miqdarında mənəvi zərərin ödənilməsini tələb edib.

Müdafiə Xətti vəzifəli şəxsləri, eləcə də ARDNŞ-nin vitse-prezidenti M. İsmayılovu söz və fikir azadlığına, mətbuat və məlumat azadlığına ehtiram ruhunda fəaliyyət göstərməyə dəvət edir. Müdafiə Xətti hökumətin hüquq siyasətinə məsul olan səlahiyyət sahiblərinə çağırış edir ki, diffomasiyanın dekriminallaşması, böhtan və təhqirə görə cinayət məsuliyyətinin aradan qaldırılması yönündə əməlli tədbirlər görsünlər.

Müdafiə Xətti xatırladır ki, dövlət başçısı İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 1.2.7-ci bəndində diffomasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını Azərbaycan Respublikasının Prezident Administrasiyasına tapşırıb.

Facebook Comments