“Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin potensial rəqibləri

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sozcu.az xəbər verir ki, UEFA İsveçrənin Nyon şəhərində təşkil ediləcək və Bakı vaxtı ilə 15:30-da başlayacaq püşk öncəsi iştirakçı komandaları qruplara bölüb.

Təmsilçilərimiz “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin də potensial rəqibləri müəyyənləşib. Püşkatma zamanı “Qarabağ” səpələnmişlər, digər iki komanda isə səpələnməmişlər səbətində yer alıb.

1-ci qrupda qərarlaşan Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt” ilk görüşündə “Apollon” (Kipr), “Hapoel” (Beer-Şeva, İsrail), “Çukariçki” (Serbiya), “Styaua” (Rumıniya) və ya “Vorskla”ya (Ukrayna) rəqib olacaq.

2-ci qrupda yer alan Azərbaycan kubokunun sahibi “Keşlə”nin potensial rəqibləri AEL (Kipr), “Sivasspor” (Türkiyə), “Soçi” (Rusiya), “Astana” (Qazaxıstan) və “Makkabi”dir (Təl-Əviv, İsrail).

6-cı qrupda yer alan “Qarabağ” isə nisbətən zəif komandalardan birinə rəqib olacaq. Ağdam təmsilçisi bu mərhələdə “Velej” (Bosniya və Herseqovina) – “Kolreyn” (Şimali İrlandiya), “Payde” (Estoniya) – “Şlyonsk” (Polşa), “Laçi” (Albaniya) – “Buduçnost” (Monteneqro) cütlərinin qalibi, “Aşdod” (İsrail) və ya “Lokomotiv”lə (Bolqarıstan) qarşılaşa bilər.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

Facebook Comments