Qərb daha sülhməramlı olduğunu göstərdi…

Azərbaycan Xarici İşlər Nazirliyinin 15 erməni hərbçisini təhvil verilib, Ağdam rayonunda 97 min basdırılmış minaların xəritəsinin alınması barədə bəyanatını oxuyanda nəzərə çarpan nə hərbçilərin, nə də minaların sayı olmadı. Çoxdan söhbəti gedən, amma reallaşmayan bu işin mərkəzində Rusiya sülhməramlılarının deyil, ABŞ və Avropa rəsmilərinin olması diqqəti cəlb edən və düşündürücü idi. Yeddi ay sülhməramlı adı ilə Qarabağda yerləşmiş çoxsaylı Rusiya silahlı qüvvələri indiyədək bu miqyasda humanitar addım atmayıb, daha doğrusu, atmaq istəməyib. Hətta təhvil vermə yerinin də Ermənistan ərazisi deyil, məhz Gürcüstan sərhədində olması da təsadüf yox, məhz bu işdə rolu olan İrakl Qaribaşvilinin ölkəsində baş tutması məqsədyönlü planlaşdırılmış hadisə oldu. Azərbaycan XİN-in bəyanatında ABŞ dövlət katibi Entoni Blinkenin və digərlərinin adının xüsusi vurğulanması və nəticədə birtərəfli qaydada deyil, xəritələrin alınması müqabilində əsirlərin təhvil verildiyinin qeyd edilməsi sətiraltı mesaj idi. Aylardır verdiyimiz təklifə həm Ermənistanın qeyri-konstruktiv münasibəti (bəlkə də Rusiyanın qorxusundan), həm də Rusiyanın belə bir təşəbbüsə cəhd etməməsinin səbəbləri var. Əsirlər mövzusu Ermənistanda ən müzakirə olunan, ən həssas və ağrılı məsələdir. Seçki ərəfəsində əsirlərdən bir qrupunun qaytarılması Nikol Paşinyanın nüfuzunun qalxmasına imkan verdiyindən bu proses çox güman ki, seçkilərdən sonraya saxlanılır, Paşinyanın iradəsindən çox Rusiyadan asılı bir proses olduğu hiss olunurdu. Bu hadisəni Ermənistanda ilk işıqlandıranın Nikol Paşinyan olması və seçicilər qarşısında çıxış edərkən bu prosesin davam edəcəyini bildirməsi qeyd edilənləri təsdiq edir.

Seçkiyə bir həftə qalıb və Ermənistanda vəziyyətin daha da gərginləşməsi, hətta sui-qəsdlərin baş verməsi də mümkündür. 1998-ci il 28 oktyabr parlament qətliamı yaddan çıxmayıb. Erməni terrorunun hər zaman başında gələn daşnaklar siyasi qüvvə olaraq Robert Koçaryanın seçki blokunda təmsil olunurlar və onlardan son anda ən pis variantların gözlənilməsi tamamilə mümkündür. Hər halda Ermənistan cəmiyyəti Qərbin vasitəçiliyinin real nəticəsini gördülər və son günlər Nikol Paşinyanın aşağı düşən reytinqinin yüksəlməsi çox ehtimal olunur. Onun rəqiblərinin hərbi əsirlər mövzusunu xüsusi qabartması və Paşinyanın əleyhinə təbliğat kimi istifadəsi, hətta oğlu ilə şantaj edilməsi bu məsələdən sonra əhəmiyyətini itirmiş olacaq.

Azərbaycanın bütövlükdə bu məsələdə uduşu çoxtərəflidir. Birincisi, əksər beynəlxalq qüvvələrin, dövlətlərin hərbi əsir mövzusundan istifadə edib Azərbaycanı aqressor kimi təqdim etməsi və üzərimizə basqıları iflasa uğradı. Azərbaycan ciddi humanist addım atdı. İkincisi, əvəzində bizim üçün çox vacib olan mina xəritələri əldə olundu. Bunun nəticəsində abadlıq və məskunlaşma prosesi sürətlənəcək, ən əsası vətəndaşlarımızın təhlükəsizliyini təmin etməklə gələcək irimiqyaslı faciələrdən sığortalanmış olduq. Mina xəritələrini Ermənistandan almaqla növbəti ərazilərin mina xəritələrini almağın hüquqi, siyasi əsası qoyuldu. Ermənistan son minalanmış xəritəni də təhvil verməyə məhkumdur. Beynəlxalq aləm düşmənin bir rayona 97 min ədəd mina basdırıldığının şahidi oldu. Bundan sonra bəhanəyə yer yoxdur.

Bu məsələyə heç kəs də qərəzli yanaşmasın ki, cinayətkar erməniləri niyə təhvil veririk? Bir mina partlayanda ən azı 4 adam ölür, bir o qədər də yaralanır. Yarım miyona yaxın insanımızın sağ qalması və şikəst qalmaması daha vacibdir, yoxsa hərbi əsir deyib dünya basqısını üzərimizə götürməkmi? Hər bir dövlət ona xeyir gətirən, onun marağına uyğun olan məsələ ilə üzləşəndə ən qatı terrorçunu belə verməkdən çəkinməib. Bəzən terrorçulara tutduqları günahsız insanların buraxılması müqabilində toxunulmayacaqları vədləri verilir və yerinə yetirilir. Biz də terrorçunu təhvil verib xəritəni almaqla öz günahsız insanlarımızı xilas etmiş oluruq. Başqa üstünlüklərimiz də yuxarıda qeyd olundu.

Bu aksiya bölgədə barış altında birgəyaşayışı və qarşılıqlı etimadı gücləndirə bilər. Amma, ehtiyatlı olmağımızın da faydası var. 10 noyabrdan sonra tələsik və kortəbii şəkildə basdırılan minaların çox güman ki, xəritələri tərtib olunmayıb. Qumaşyan kimisinin söylədikləri inandırıcı deyil. Yəni, torpaqları tərk edən zaman mina basdırılıb, amma xəritəsinin də olması şübhəlidir, ona görə sonadək ehtiyatlı olmalıyıq. İkincisi, bu xəritələrin tam dəqiq olmasını müəyyən etməli, düşmənin məkrli olduğunu unutmamalıyıq.

Bundan sonra Qərbin Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətinin intensiv xarakter alacağı gözlənilir. Təcrübə göstərib ki, onlara da sonadək inanmaq sadəlövhlük olar. Ərazi bütövlüyümüzün təmin olunması və Azərbaycan dövlət strukturlarının Xankəndi və ətrafında fəaliyyətə başlaması üçün diplomatiyamız yeddi aylıq sükuta son verməlidir. Bu humanitar aksiyadan sonra tərəfimizdən irəli sürülən təkliflərin müsbət qarşılanacağına ümid etmək olar. Əks halda məsələyə ikili standartlarla yanaşma davam edəcək və bəri başdan bundan imtina etmək lazımdır.

Moderator.az-ın Analitik qrupu

Facebook Comments