Az qalmışdı naziri “didək” – Drakon fikrimi dəyişdi…

İctimaiyyətin, elə medianın da kino sənayesi ilə bağlı düşüncələri natamamdır. Biz yalnız ekran qarşısında seyrçi kimi qiymətləndirməyi və əlbəttə ki, müqayisə etməyi bacarırıq – “kadr arxasından” çox nadir hallarda xəbərimiz olur.

Son günlərin ən ciddi müzakirəsində də aktiv şəkildə kinoşünasların və millət vəkillərinin fikirlərinə dəstək verməkdəyik – həm sosial şəbəkələrdə, həm də mediada. Hamı bu fikirlə razıdır ki, Azərbaycanda kinoya ayrılan vəsait çox azdır və bununla ciddi film çəkmək, dünyaya çıxmaq bir yana, öz tamaşaçımızın zövqünü oxşamaq mümkün deyil.

Maliyyə naziri Samir Şərifovun parlamentdə dediyi sözlərini də qəribçiliyə saldıq. Dedi, pul ayrılıb, amma iş (film) yoxdur. İrad bildirdi ki, niyə işləmirsiniz…

Az qalmışdı naziri “didək”, “nə pul ayırırsınız ki, hələ bir nəticə də gözləyirsiniz”.

Millət vəkili Qənirə Paşayeva da məşhur türk rejissoru Osman Sınavla görüşdən sonra kino sənayesinə daha çox vəsait ayrılması gərəkdiyini, yəni hamının illərdir düşündüyünü MM-də səsləndirdi.

Ötən gün redaksiyamızın qonağı olan Drakonun – Rza Rzayevin baxışı isə tamam fərqli idi və doğrusu, ilk dəfə idi ki, bu sahədə olan şəxsdən tam fərqli bir mövqe görürdüm.

Drakon (Rzanı hamı belə çağırır və məncə, bu söz onun məğrur xarakterini yaxşı mənada daha çox ifadə edir) dedi ki, Azərbaycan dövlətinin kinoya ayırdığı illik məbləğ – deyəsən, 6 milyon manatdır – qətiyyən az deyil.

“Sən aktyora nə qədər qonorar verirsən ki, vəsaitin azlığından da şikayət edirsən? Sən hansı bahalı tryuklar çəkirsən ki, pul da çatmaya?” – Drakonun yanaşmasıdır.

İlk dəfə bir peşəkardan eşidirdim, etiraf edirdi ki, Azərbaycanda büdcədən kinoya ayrılan vəsait hətta çoxdur və buna görə kino sənayesində çalışanlar minnətdar olmağı bacarmalıdır.

“Harda yazılıb ki, dövlət gəlir gətirməyən, heç bir xeyir verməyən sahəyə illərlə pul ayırsın. Bizdə kinoya ayrılan vəsaitə görə dövləti qınamaq yox, təşəkkür etmək lazımdır. Sadəcə, həmin vəsaitdən düzgün istifadə edilmir, belə deyək, pul göyə sovrulur”, – yaddaşım aldatmırsa, təxminən bu cür ifadə etdi fikirlərini Drakon.

Bir neçə ali məktəb bitirib, Türkiyədə ssenari, rejissorluq üzrə təhsilini davam etdirib: milli düşüncə sahibi, olduqca fərqli baxışı olan, kinomusa “kənardan” baxmağı bacaran bir kadrdır.

Hər zaman onun haqqında düşünəndə kinomuza da, Mədəniyyə Nazirliyinə də, “Azərbaycanfilm”ə də əsəbiləşirəm: boy – 191 sm, tam bir azərbaycanlı-türk xarakterini özündə əks etdirən unikal sifət, fiziki göstəriciləri bu yaşda belə ideal formada. Yaxşı, Drakondan nə vaxt istifadə edəcəksiniz bəs?

“Mən bu fakturanı nə qədər saxlaya biləcəm ki” – deyir Drakon, fiziki göstəricilərini qorumaq üçün kifayət qədər çox çalışmasına işarə edərək, yaşını xatırladır.

“Bizim film”ə Allahın bəxş etdiyi obrazları biz nə zaman vaxtında dəyərləndirə bilirik ki! Etiraf edək, Yusif Vəliyev kimi nəhəngi tanımayan mədəniyyət nazirlərimiz olub da!

Adam film üçün tapıntıdır. Onun yarada biləcəyi obrazı Azərbaycanda kimsə oynaya bilməz. Ona görə yox ki, istedadlar azdır, qətiyyən. Faktura məsələsi var. Niyə vaxtında dəyərləndirməyək? Mütləq saçı tökülməli, beli bükülməlidir ki, sonra təəssüflənək?

Hollivud belə aktyorları hansı arenalardan, necə çətinliklə arayıb-axtarıb tapır, bilirik! Biz isə gözümüz önündəkiləri məhkəmələrdə çürüdürük – Drakonun simasında.

Tariximizi də kifayət qədər bilir, dünya filminin indiki istiqamətlərindən də məlumatlıdır. Onun özünüifadəsi üçün yalnız arxasında durmaq lazımdır.

Bir neçə ad çəkirəm və tam əminəm ki, “o qapıları döysə” yox, o şəxslərə zəng edib, fikirlərini bölüşsə, Drakona dərhal dəstək olacaqlar.

Anında etiraz edir, müxtəlif arqumentlər gətirir və görürəm ki, bu “əsaslandırmalar” heç biri keçərli deyil. Əsl səbəb odur ki, Drakon “qapı döyə” bilmir, xarakteri imkan vermir!

Bu cür istedadlar “tip”lərdir – onları yalnız özün tapmalısan, özün dartmalısan, özün gətirməlisən. Başlarını aşağı salıb, öz bildikləri kimi Vətənə xidmət edərlər, gözə girmədən, elədiklərini təmtəraqlı nimçələrdə kimlərinsə önünə qoymadan. Az deyil belə istedadlar, az olan həm də səlahiyyət verilən ustadlar, məsələn, Adil İsgəndərovlardır!

Drakonun əsl aktyor cazibəsi var, çünki danışığı, sözləri içdən gəlir, inandığını deyir və adam kimdirsə, odur. Xidmət etmək, ölkəni təbliğ etmək üçün yanıb-qovrulur – ideyası da var, təcrübəsi də, nümunələri də. O, filmin bir ölkənin təbliğatında oynaya biləcəyi rolu çox dəqiq qiymətləndirməyi bacarır, yalnız “qapılardan keçməyi” bacarmır.

“Şuşa artıq təmir olunur, siması dəyişir, ağıllı kənd layihələri başlayıb və bir azdan, inşallah, Qarabağ dirçələcək. Bəs, mən bu “təbii dekarasiyanı” bir də necə qura biləcəm? Qəbiristanlıqda səngəri hansı pavilyonda qurmaq mümkündür? O dağılan dəhşətli mənzərələri hansı məkanda yenidən qurub, fim çəkə bilərik? Hazır gözümüzün önündədir də. Yüzlərlə kadrlar çəkilməlidir, bir an tez onlarla sənədli-bədii film təsdiqlənməli və heyətləri işğaldan azad edilən ərazilərə göndərilməlidir. Biz ordan minlərlə saat kadrlar çəkməliyik və gələcək filmlərimiz üçün də arxivləşdirməliyik. Və bütün bunlar peşəkar səviyyədə olmalıdır. Sonra gec olacaq, sonra real bir mənzərəni göstərmək üçün bəlkə də milyonlar xərcləyib, dekorasiya quracağıq və o da təbii effekti əlbəttə ki, verə bilməz” – Drakon deyir.

Adamın fərqli baxışı var, arqumenti var, müqayisələr aparıb, təhlillər edib – bu qənaətlərinin heç biri göydən gəlməyib. Onun yanaşmasının nə qədər dəqiq olduğunu bilmək üçün dinləmək gərəkdir.

Gözləməyin ki, gəlib deyəcək. Gələn deyil. Siz gəlin, soruşun, adamların aldığı təhsil, təcrübə və milli kimliklərindən istifadə edin.

Özü üçün demir ki…

Kult.az

Facebook Comments