Küçə işıqsızdır, qurumlar isə “ötür-ötür”də…

Masazır qəsəbəsinin Əliağa Vahid küçəsinin işıqları gecələr yanmır.

Bu barədə Axar.az-a qəsəbə sakinləri məlumat verib. Bildirilib ki, gecə saatlarında küçə sürücülər və piyadalar üçün təhlükəli olur.

Abşeron rayon İcra Hakimiyyəti tərəfindən sakinlərə bildirilib ki, küçə işıqlarına Masazır bələdiyyəsi tərəfindən nəzarət olunmalıdır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Masazır bələdiyyəsinin sədr müavini Yaqub Hüseynovun sözlərinə görə, sözügedən küçə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır.

“Əsas küçələrin bütün texniki işləri AAYDA-nın öhdəliyindədir. Bələdiyyənin balansına yalnız qəsəbədaxili küçələr daxildir. Mərkəzi küçənin bələdiyyəyə heç bir aidiyyəti yoxdur”, – sədr müavini bildirib.

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə bildirib ki, əsas yol – Masazır-Novxanı yoluna AAYDA nəzarət edir:

“Piyada səkisi və səkidə olan işıqlandırma sisteminə isə AAYDA cavabdeh deyil. AAYDA yalnız yolla bağlı problemlərə cavabdehdir. İşıqlandırma sistemləri yerli icra hakimiyyətinin balansındadır”.

Facebook Comments