“Buna görə sahə müvəkkillərinin, icra başçılarının, bələdiyyələrin böyük günahları var”

“Çox təəssüflər olsun ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi küçə kəsimləri məsələsini həll edə bilməyib. Burda İcra Hakimiyyətlərinin xüsusi rolu var, çünki kəsim məntəqələrini onlar yaratmalıdır”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspertin sözlərinə görə məsələ qarşıdakı iki ildə həll edilə bilər, amma bunun üçün müəyyən addımlar atılmalıdır:

“Çox təəssüflər olsun ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi küçə kəsimləri məsələsini həll edə bilməyib. Burda İcra Hakimiyyətlərinin xüsusi rolu var, çünki kəsim məntəqələrini onlar yaratmalıdır. Qida Təhlükəsizliyi Agentliyi isə orda yalnız texniki məsələləri həll etməlidir. Lakin məsələ kökündən həll olunmayıb. Hətta bəzi yerlərdə kəsim məntəqələri yaradılsa belə antisanitar vəziyyətdir. Məsələn, Şamaxı rayonundan bizim quruma bu cür şikayət daxil olub. Baxmayaraq ki, kəsimlə məşğul olan insanlardan pul alırlar və əslində isə sanitar vəziyyət normada deyil. Bu məsələ yaxın iki ilə ancaq həll oluna bilər. Problemin həll olunması üçün heyvanların idendifikasiyası həyata keçirilməlidir. Təəssüflər olsun ki, İcra Hakimiyyətləri bu işə çox barmaqarası baxırlar. Vəziyyətin belə olmasında sahə müvəkkillərinin, icra başçılarının, bələdiyyələrin böyük günahları var. Hökumətin qarşıya qoyduğu hədəflərə doğru getmirlər. İctimaiyyət də belə yerləri boykot etməlidir. Bu istiqamətdə elə bir iş aparılmalıdır ki, ətin qiymətinə təsir etməsin”.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakının Suraxanı rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində reydlər keçirilib. Reyd zamanı rayonun Z.Şərifov, N.İsmayılov, Y.Eyvazov, Ə.Mehbaliyev küçələri və Yeni Günəşli qəsəbəsində (D və AB massivi) fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub”.

Facebook Comments