Prezident Mehdiyevin general oğlunu vəzifədən azad etdi

Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən general-mayor Teymur Mehdiyevin vəzifəsindən azad olunması təsdiqlənib. Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.

Minsk prosesinin bağlanması başa çatdırıldı

ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb. Sozcu.az xəbər verir ki, bu barədə ATƏT bəyanat yayıb. Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Mədəniyyət Nazirliyində yoxlamalar aparılır

Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Palatadan bildirilib. Məlumata görə, auditin nəticələrinin açıqlanması "Hesablama Palatası haqqında" qanunun 37-ci maddəsinə əsasən tənzimlənəcək.

Kəlbəcərdəki yanğın davam edir

Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğının söndürülməsi tədbirləri davam edir. FHN-in Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

Qızıl bahalaşdı – Qiymətli metal altı həftənin ən yüksək səviyyəsinə çatdı

Qızıl bazarı bu gün altı həftənin ən yüksək səviyyəsinə yüksəlib. ABŞ dolları 14 günün ən aşağı səviyyəsinə geriləyib ki, bu da qiymətli metalların bahalanmasına səbəb olub. Sozcu.az “Bloomberg”ə istinadən xəbər verir ki, qızıl qiymətləri səhər saatlarında 0,2% artaraq 4.240,54 dollara qalxıb və 21 oktyabrdan bəri ən yüksək göstəricisini əldə edib. ABŞ-da qızılın fyuçersləri isə 0,5% artaraq 4.276,00 dollar olub. Analitiklər bildirirlər ki, bu yüksəlişin əsas səbəbi dolların zəifliyi və bazarda erkən riskdən qaçış tendensiyasıdır. Eyni zamanda, yaxın günlərində ABŞ-da gözlənilən faiz endirimləri diqqətə alınır. Gümüş də 2% bahaıaşaraq 57,48 dollara yüksəlib. Digər qiymətli metallar arasında platin 1,3% artaraq 1.694 olub, paladyum isə 2,1% artaraq 1.482 dollara enib.

Səfərbərliyin 9 əməkdaşı işdən çıxarılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı dəyirmi masa keçirilib. Sozcu.az xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak ediblər. Dəyirmi masada Dövlət Xidmətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məsələləri müzakirə edilib. İdarənin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev çıxış edərək bildirib ki, 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində islahatlar aparılır: "Bəzi mənfi hallar mövcud olsa da, onların aradan qaldırılması istiqamətində işlər gedir. Demək olar ki, xidmət üzrə 90 faiz korrupsiyaya qalib gəlinib. Xidmətdə çalışmayan bəzi "işbazlar"a qarşı da mübarizə aparılır". Ə.Hidayev qeyd edib ki, xidmət üzrə qeyri-qanuni hallarla bağlı mübarizə əsas prioritetlərdən biridir: "2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin hazırkı vaxtınadək isə 158 əməkdaşın əməlində qeyri-qanuni hərəkətlər müəyyən edilib. Onlar barəsində müxtəlif növ inzibati tənbeh tədbirləri görülüb, 9 əməkdaş isə tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb. Bundan başqa, 2023-cü ildə 22 nəfər barəsində 15, 2024-cü ildə 95 nəfər barəsində 51, 2025-ci ilin 11 ayı ərzində 93 nəfər barəsində 44 fakt baxılması üçün prokurorluq orqanlarına göndərilib". Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov isə xidmət tərəfindən görülən işlərlə bağlı məlumat verib. Şöbə rəisi qeyd edib ki, hazırda Dövlət Xidmətindən elektronlaşma işləri aparılır: "Bütün sahələrdə olduğu kimi, bizim xidmətdə bu işlər surətlə aparılır. Vətəndaşlar my.gov.az vasitəsilə ona gələn bildirişləri, arayışları əldə edə bilir və hər bir müraciət edən şəxs ətraflı məlumatlandırılır. Bu da şəffaflığa xidmət edir. Həmçinin, xidmət məmnuniyyətinin artırılması, bir çox hallarda məsafədən xidmət göstərilməsinə şərair yaradır". Görüşdə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası haqqında ətraflı məlumat verilib, o cümlədən Xidmətdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər diqqətə çatdırılıb. Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.

ABŞ prezidentə “zəmanət” verir: İstefa ver, sağ qal!

Venesuela Prezidenti Nikolas Maduro dərhal istefa verəcəyi təqdirdə ABŞ ölkəni tərk edərkən onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Miyami Herald” mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Maduro vəzifəsindən gedəcəyi təqdirdə ABŞ onun özünün, eləcə də həyat yoldaşı və oğlunun təhlükəsiz şəkildə ölkədən çıxmasına zəmanət verməyə hazırdır: “Karakas isə siyasi nəzarəti müxalifət qüvvələrinə təhvil verməyi, lakin silahlı qüvvələrə komandanlığı mövcud rəhbərliyə həvalə etməyi təklif edib. Liderlərin telefon danışığı birbaşa qarşıdurmadan yayınmaq üçün son cəhd idi. Zəng Braziliya, Qətər və Türkiyənin vasitəçiliyi ilə təşkil edilmişdi”. Qeyd edək ki, daha öncə Maduronun 18 ay müddətinə istefa verməyə razılşaması, ABŞ-ın isə istefanın dərhal elan edilməsini tələb etdiyi barədə məlumat yayılmışdı.

Əli Kərimliyə ittiham irəli sürüldü

AXCP sədri Əli Kərimliyə ittiham elan olunub. Sozcu.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ukrayna nümayəndələri ABŞ-yə gedir - “Sülh planı” müzakirə ediləcək

Ukrayna nümayəndə heyəti bu gün ABŞ-yə gedərək “sülh planı”nı müzakirə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Məlumata görə, bu gün Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-a yollanacaq və orada Amerika həmkarları ilə Ukraynada müharibənin dayandırılması üçün təklif olunan “sülh planı”nı müzakirə edəcək. Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski dünən bildirib ki, nümayəndə heyətinə Umerov rəhbərlik edəcək. Bu, onun Ukraynanın Qərb müttəfiqləri ilə əsas əlaqələndirici sayılan baş müşaviri Andrey Yermakı vəzifədən azad etməsindən sonra baş verib. Politiconun yazdığına görə, Zelenski danışıqlar aparan heyət qarşısında aydın bir vəzifə qoyub — müharibənin dayandırılması üçün lazım olan addımları operativ və konkret şəkildə işləyib hazırlamaq. Bu tapşırığın icrası üçün Ukraynalı rəsmilər Floridada ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşəcəklər. Ukrayna nümayəndə heyətində Umerovla yanaşı, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da olacaq. Danışıqlarda həmçinin Cenevrədə keçirilmiş görüşün nəticələri müzakirə ediləcək və razılaşdırılacaq.

Tramp Maduroya zəng etdi: Zorla devirəcəyəm...

Donald Tramp Nikolas Maduro ilə telefon danışığında bildirib ki, könüllü olaraq vəzifəsindən getməsə, ABŞ Venesuelaya qarşı güc tətbiq etməyi nəzərdən keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Trampla Maduro arasında telefon danışığı ötən həftə baş tutub.

Ukrayna Slavyansk neft email zavodunu vurdu

Ukrayna ordusu Krasnodar diyarındakı Slavyansk neft email zavoduna PUA zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində neft emalı zavodundakı qaz boru kəmərinə ziyan dəyib.

Türkiyədə avtobus qəzası: ölü və yaralılar var

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Dinar rayonunda sərnişin avtobusunun yolun kənarına aşması nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hava ilə bağlı xəbərdarlıq edildi: Dekabrın 3-dək...

Dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Nazir müavininin yaxın qohumunun şirkəti cərimələndi

“Ekvita Consulting” şirkəti barəsində Maliyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb şirkətin 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditini aparmamasıdır. Qanunvericiliklə müəyyən edilmiş müddətdə məcburi auditdən yayınan şirkət Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, 1500 manat məbləğində cərimə olunub. Qeyd edək ki, “Ekvita Consulting” şirkətinin rəhbəri İlqar Mehdidir. Şirkət hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə konsaltinq sahələrində xidmət göstərir. İlqar Mehdinin maliyyə nazirinin müavini Anar Kərimovun yaxın qohunu olduğu bildirilir. Şirkət daha öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bir neçə qurumun tenderlərinin qalibi olub. Bu isə Anar Kərimovun ƏƏSMN-də nazir müavini olduğu müddətə təsadüf edib.

Gəncədə 58 yaşlı kişi faciəvi şəkildə öldü

Gəncədə 58 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Samux rayon sakini Ceyhun Vəliyev Gəncə şəhərində transformatorların birinin yanında yüksək elektrik cəryanın vurması nəticəsində həyatını itirib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Fikrət Cəfərli azadlığa buraxıldı

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, onun həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb. Qeyd edək ki, F.Cəfərli bu ilin iyulunda böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə həbs edilmişdi. Ondan vəkil Elvin Əliyev şikayət vermişdi.

Rusiyanın bu neft emalı zavodu yenə vuruldu

Rusiyanın Krasnodar diyarının Seversk rayonunda yerləşən Afipsk neft emalı zavodunda (NEZ) PUA hücumundan sonra yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə regionun operativ qərargahı Teleqram kanalında məlumat yayıb. "Zavodun ərazisindəki texniki avadanlığın bir hissəsi zədələnib, anbarlar isə zərər görməyib. Yanğının sahəsi təxminən 100 kvadrat metr təşkil edib. İlkin məlumata görə, xəsarət alan yoxdur, zavodun əməkdaşları sığınacaqda yerləşdirilib", - məlumatda bildirilib. Qeyd edək ki, ildə 6,25 milyon ton neft emal edən zavod daha əvvəllər də PUA hücumlarına məruz qalmışdı.

"Zelenskiyə problem yaratmaq istəmirəm, cəbhəyə gedirəm” - Yermak

Ukrayna Prezident Administrasiyasının (PA) istefaya göndərilmiş rəhbəri Andrey Yermak qalmaqaldan sonra ilk dəfə Qərb jurnalistləri ilə əlaqə saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Post” (NYP) məlumat yayıb. Yermak özünü dürüst və vicdanlı insan adlandıraraq istənilən repressiyaya hazır olduğunu bildirib: “Məni alçaldıblar və ləyaqətim qorunmayıb. Buna görə də mən Zelenskiyə problem yaratmaq istəmirəm, cəbhəyə gedirəm”. Qeyd edək ki, ölkədə korrupsiya qalmaqalı fonunda Zelenski Yermakın Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsindən istefa ərizəsini qəbul edib.

Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti dayandırılıb?

Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar yoxdur. Sozcu.az xəbər verir ki, bunu Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, hazırda bununla bağlı hər hansı qərar mövcud deyil. Nazirin sözlərinə görə, Azərbaycandakı mövcud qaydalara əsasən, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu ali təhsil müəssisələri kimi fəaliyyətlərini davam etdirirlər.

Fabrikdə işçilər dəmir təbəqənin altında qalaraq öldü

Türkiyənin Kırıkkale şəhərinin Yahşıhan rayonunda yerləşən fabrikdə kompressorda qaynaq zamanı 2 işçi dəmir təbəqənin altında qalaraq ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, onlar 56 yaşlı Mutlu Atay, 58 yaşlı Tekin Omaydır. Hadisənin səbəbi və şəraitlə bağlı araşdırma aparılır.

Britaniya AB ilə razılaşa bilmədi

Böyük Britaniya AB ilə Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) müdafiə fonduna qoşulmaq barədə razılığa gələ bilməyib. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın AB ilə əlaqələr üzrə dövlət naziri Nik Tomas-Simonds deyib. “Böyük Britaniyanın SAFE-nin birinci mərhələsində iştirakı ilə bağlı danışıqları başa çatdıra bilməməyimiz məyusedici olsa da, krallığın müdafiə sənayesi hələ də SAFE çərçivəsində layihələrdə üçüncü ölkə şərtləri ilə iştirak edə biləcək. Danışıqlar vicdanla aparıldı, lakin mövqeyimiz həmişə aydın idi: biz yalnız milli maraqlara cavab verən, pul və keyfiyyət nisbətini təmin edən müqavilələr imzalayacağıq”, - o bildirib.

Orban Moskvaya təsdiqimiz olmadan gedib - Merz

Macarıstanın Baş naziri Viktor Orban danışıqlar üçün Avropa mandatı və ya AB liderlərinin təsdiqi olmadan Moskvaya səfər edib. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Berlində Sloveniyanın Baş naziri Robert Qolobla birgə mətbuat konfransında deyib. “Orbanın mövqeyi bizə çoxdan məlumdur. Bu, onun Moskvaya ilk səfəri deyil”, - o bildirib. Merz qeyd edib ki, Orban artıq 2024-cü ildə Avropa Şurasına sədrliyi dövründə Moskvaya səfər edib: “O, ora Avropa mandatı və ya bizim təsdiqimiz olmadan gedir. Amma burada yeni bir şey yoxdur, onun bu müharibəni bitirməklə bağlı öz fikirləri var. Bu ideyalar hələ də gerçəkləşməyib”.

Bulvar İdarəsi ağac və bitki alışına yarım milyon xərcləyəcək

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsi ağaclar, kol bitkiləri və ot örtüyü (qazon), eyni zamanda zanbaq (tülpan) soğanaqları alacaq. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, idarə bununla bağlı toplamda 480 min 610 manat vəsait xərcləməyi planlaşdırır. Ağacların, kol bitkiləri və ot örtüyü (qazon), eyni zamanda zanbaq (tülpan) soğanaqlarının alınması ilə bağlı iki tender elan edilib. Qeyd edək ki, cari ildə Dənizkənarı Bulvar İdarəsi 8 satınalma müqaviləsi bağlaıb. Həmin müsabiqələr nəqliyyat vasitələrinin təmiri, isitmə və soyutma avadanlıqlarının, pilotsuz uçuş aparatlarının, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, boyaların, kimyəvi və üzvi maddələrin, təsərrüfat mallarının, tikinti materiallarının və təmizlik vasitələrinin satın alınması ilə bağlı keçirilib. Müsabiqələrdə “Rn Strong" MMC, “Skytech International" MMC, “Şərqmotors" MMC, “Bimextech" MMC, “Baku Supply Company" MMC, “Dc Group" MMC, “Tirinova" MMC, “Texnolog" MMC, "Güvən Lux" MMC, "Faber Chemicals" MMC qalib seçiliblər. İdarənin keçirdiyi satınalma müsabiqələri üzrə müqavilələrin ümumi maliyyə dəyəri isə 1 493 295,98 manat təşkil edib. Müsabiqələrdə qalib gələn şirkətlərinin bir çoxu haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Şənbə gününü havası: Çiskin yağış, duman...

Bakıda və Abşeron yarımadasında noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq.