Uçan tabutlar…

Əsasən SSRİ/Rusiya istehsalı olan döyüş aviasiya vasitələrinə malik Hindistan Hava Qüvvələri getdikcə artan qəza sayına görə dünyada ilk sıralarda yer alır. Növbəti hind pilotun idarə etdiyi MiQ-21 qırıcısı da 4 gün əvvəl Pəncabda qəzaya uğradı. Qəzada 29 yaşlı pilot, eskadrilya komandiri Abhinav Çaudhari həlak oldu. Bu, bu il baş verən və pilotun həlak olması ilə nəticələnən ilk qırıcı qəzası deyil. Bundan əvvəl, 18 martda Madhya Pradeş əyalətində başqa bir Mi!-21 də qəzaya uğramışdı və nəticədə Hava Qüvvələrinin kapitanı Aşiş Gupta həlak olmuşdu. Qaza saylarının çoxluğuna görə Hindistanda MiQ-21 qırıcılarını “Uçan Tabut” adlandırırlar.

MiQ seriyalı qırıcılar son 50 ildə Hindistan Hərbi Hava Qüvvələrinin onurğa sütunu təşkil edib. 1960-cı ildən bəri 850-dən çox MiQ alınıb. 1965-ci il Hindistan-Pakistan müharibəsində, 1971-ci ildə və 1999-cu ildə Kargil müharibəsində geniş tətbiq edilib. Bəzən həlledici rol da oynayıblar, lakin artıq onlardan istifadə real risk deməkdir.

Bu təyyarələrin istismar müddəti çoxdan bitib. Modernləşdirilən MiQ-21 də hava döyüşündə istənilən nəticəni əldə etməyə imkan vermir. Buna bir nümunə olaraq 2019-cu ildə Pakistanın JF-17 qırıcısı tərəfindən Hindistan MiQ-21-nin məhv edilməsini və təcrübəli hind pilotun əsir düşməsini göstərə bilərik.

Bu təyyarələrin döyüş qabiliyyəti barədə artıq danışmağa dəyməz, bu hind hərbi hava qüvvələrinin komandanlığında da öyük şübhə doğurur. Son illərdə isə bu qırıcılar təhlükəsizlik baxımından anti-rekordlara da imza atırlar. Bir çox ölkələr isə “Uçan Tabut”ları silahlanmadan çıxarıb.

2012-ci ilə qədər Hindistan 872 ədəd MiQ-21 təyyarəsinə malik idi, onların təxminən yarısı qəzalara uğrayıb. Son 10 ildə 20 ədəd MiQ-21 təyyarəsi qəzada məhv olub. 1970-ci ildən bu günə qədər 180-dən çox hindistanlı MiQ pilotu və 40 mülki şəxs həlak olub. Lakin bu qırıcıların silahlanmadan silinməsi də mümkün deyil. Hindistan Hərbi Hava Qüvvələrinə hazırda hər biri 18 təyyarədən ibarət olan 42 eskadrilya tələb edilir, yəni ən azı 756 qırıcı lazımdır. Pakistanın Çinlə aviasiya sahəsində əməkdaşlıq etməsi və JF-17 qırıcılarının 3 versiyasının yerli istehsalını təşkil etməsi, Hindistanın onsuz da mürəkkəb olan aviasiyadakı vəziyyətini bir qədər də çətinləşdirir. Rusiyadan SU-57 almaqla Dehli balansı qorumağa çalışsada, ruslar yeni qırıcıya elan olunan 5-ci nəslin xüsusiyyətlərini təmin edə bilmədilər və nəticədə Hindistan birgə layihəni tərk edərək Fransaya üz tutdu, lakin əldə ediləcək 36 ədəd 4-cü nəsil qırıcı, yalnız 2 hind qırıcı eskadrilyasını silahlandırmağa imkan verəcək. Başqa sözlə desək, yaxın və orta perspektivdə Pakistan-Çin əməkdaşlığının artmaqda olan hərbi potensialı fonunda, Hindistan HHQ-nin ən azı 40 qırıcı eskadrilyasının döyüş hazırlığı qənaətbəxş olmayacaq. Bu isə regionda baş verən proseslərə, o cümlədən pandemiya və epidemiyalarla paralel mübarizədə çətinlikləri dəfə edə bilməyən Hindistan üçün təsirsiz ötüşə bilməz.

Ədalət Verdiyev, hərbi ekspert

Facebook Comments