II Qareginə cinayət işi açılıb

Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı cinayət işi açılıb, onun ölkədən çıxışı qadağan edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan məlumat verib. O qeyd edib ki, bu, Arman Saroyanın vəzifəsindən azad edilməsi ilə bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə bağlıdır. Əvvəllər bu iş üzrə 6 yüksək vəzifəli kilsə xadiminə qarşı ittiham irəli sürülüb və onların ölkədən çıxışı da qadağan edilib. Vəkil bildirib ki, bu, hakimiyyətin Avstriyada keçiriləcək Yepiskoplar Şurasını pozmaq cəhdləri ilə birbaşa bağlıdır. Zöhrabyan katolikosa qarşı ittihamları hakimiyyətin tarixi və utancverici hərəkəti, eləcə də Kilsənin daxili işlərinə birbaşa müdaxilə adlandırıb.

ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO

ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Vaşinqtonu “Avropanın övladı” adlandırıb. Sozcu.az xəbər verir ki, o, transatlantik birliyin davam etdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, ABŞ-ın məqsədi Qərbin zəifləməsi deyil və Vaşinqton Avropa ilə münasibətləri ayırmaq yox, yeniləmək istəyir. “Bizim evimiz Qərb yarımkürəsində ola bilər, amma biz həmişə Avropanın övladı olacağıq”, – deyə Rubio qeyd edib. Rubio çıxışında kütləvi miqrasiya və sənayesizləşmə ilə bağlı narahatlıqlara da toxunaraq Qərbin “idarə olunan tənəzzülü” ilə barışmayacaqlarını vurğulayıb. Onun sözlərinə görə, ABŞ zəif müttəfiqlər istəmir, çünki bu, Amerikanı da zəiflədir. Rubionun çıxışı Avropada müxtəlif reaksiyalar doğurub. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen onun nitqindən “çox arxayın” qaldığını bildirib, Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Rubionu “əsl tərəfdaş” adlandırıb. Bununla belə, bəzi siyasətçilər ABŞ administrasiyasının ümumi kursunda ciddi dəyişiklik görmədiklərini deyiblər. Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis çıxışın tonunun daha yumşaq olduğunu, lakin mövqenin dəyişmədiyini vurğulayıb. Münhen Konfransı bu il dəyişən dünya nizamı, ABŞ-Avropa münasibətləri və Çinlə bağlı siyasət fonunda keçirilir Qeyd edək ki, konfransda əsas müzakirə mövzularından biri Ukraynadakı müharibə olub. ABŞ-ın vasitəçiliyi ilə Cenevrədə sülh danışıqlarının növbəti raundunun keçirilməsi planlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevdən “həddindən artıq çox güzəşt” tələb olunduğu təəssüratı yaranır və bu güzəştlər əsasən Ukrayna kontekstində müzakirə olunur. Rubio isə ABŞ-ın sülh səylərindən geri çəkilməyəcəyini desə də, Rusiyanın bu prosesə nə dərəcədə ciddi yanaşdığının aydın olmadığını qeyd edib.

Nazirin 3 müavini işdən çıxarıldı

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir. Sozcu.az Manşet.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər. Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.

DİQQƏT! Fevralın 15-i ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Bakıda və Abşeron yarımadasında fevralın 15-də günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

İlham Əliyev Münxendə Volodimir Zelenski ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Hakimin ölümünə görə "Azəriqaz" əməkdaşı HƏBS EDİLDİ

Ötən ilin yanvar ayında Qax rayonunun Qaxbaş kəndində yerli məhkəmənin hakimi Taleh Kərimovun vəfatı faktı üzrə cinayət işi açılıb.  Sozcu.az-ın "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, 36 yaşlı hakimin dəm qazından zəhərlənərək dünyasını dəyişməsi səbəbindən "Azəriqaz" İB-nin Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin nəzarətçisi işləyən çilingər C.Bayramov məsuliyyətə cəlb olunub. Araşdırma zamanı məlum olub ki, onun xidməti ərazisində yerləşən və hakim T.Kərimovun kirayədə qaldığı mənzildə istilik sistemi (kombi) hamam otağında quraşdırılıb. Hadisədən bir qədər əvvəl çilingər evə baxış keçirsə də, kombinin hamamda olmasını qayda pozuntusu kimi sənədləşdirməyib. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. 66 yaşlı C.Bayramov ifadəsində qeyd edib ki, mənzilə mərhum hakimlə birlikdə baxış keçirib və həmin vaxt kombinin hamam otağında quraşdırılmasının qaydalara zidd olduğunu şifahi şəkildə bildirib. Lakin o bu nöqsanı rəsmi aktla qeydə almayıb. Qax Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, çilingərə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun qoluna elektron qolbaq taxılıb və müəyyən hüquqlarına məhdudiyyət qoyulub.

Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı... - Prezident

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “France 24” kanalına müsahibə verib. Sozcu.az xəbər verir ki, müsahibədə jurnalist Bakıda mühakimə olunan erməni separatçılarla bağlı da suallar ünvanlayıb. Müsahibənin sözügedən hissəsini təqdim edirik: Müxbir: Ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ Vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olunması məqsədilə Sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi. O, bunu edibmi və Siz bunu edəcəksinizmi? Prezident İlham Əliyev: Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Müxbir: Cənab Prezident, bəs Siz bununla bağlı nə isə edə bilərsinizmi? Prezident İlham Əliyev: Siz nəyi nəzərdə tutursunuz? Müxbir: Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir. Prezident İlham Əliyev: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Müxbir: Bu, Sizin üçün eyni şeydir? Prezident İlham Əliyev: Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi. Müxbir: Bəs, yeni səhifə açmaq baxımından, sonuncu müharibə nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalan ermənilərə qarşı bir az mərhəmət hiss edirsinizmi? Prezident İlham Əliyev: Bizim bu məsələ ilə bağlı mövqeyimiz çox aydın olub. Bizim Qarabağda yaşayan bütün ermənilərə vətəndaşlıq və ya iş icazəsi üçün müraciət etməyi təklif etdiyimiz dəfələrlə səsləndirilib, o cümlədən veb-saytda dərc olunub. Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz oldu, lakin onlar Ermənistana getmək seçimini üstün tutdular. Bugünkü Ermənistan ərazisindən deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlımız var, lakin Ermənistan hökuməti onların geri qayıtması üçün heç vaxt heç bir təklif irəli sürməyib. Düşünürəm ki, bu məsələyə qarşılıqlı nöqteyi-nəzərindən yanaşmalıyıq. Qayıdış hüququ universal bir hüquqdur və əlbəttə ki, bizə belə bir müraciət olarsa, Azərbaycan bu hüquqa mütləq əməl edəcək. Lakin, eyni zamanda, 30 il Ermənistanla müharibə şəraitində olduğumuzu və 30 il ərzində onların ərazimizi işğal altında saxladığını nəzərə alsaq, Qərbi azərbaycanlılar adlandırdığımız yüz minlərlə azərbaycanlıya qarşı da eyni münasibəti gözləyirik ki, bugünkü Ermənistana qayıda bilsinlər.

Qızıl, gümüş, mis kəskin bahalaşdı

Dünya əmtəə bazarlarında qızıl qiyməti 5 min dolları ötüb. Sozcu.az xəbər verir ki, hazərda dünya birjasında qızılın 1 troy unsiyası 5 049,5 dollar səviyyəsinə çatıb. Son sutkada qızıl 100 dolardan çox bahalaşıb. Qızılla yanaşı gümüş, mis və platin də bahalaşır. Analitiklər qiymətli metallar bazarındakı yüksəlişi qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin güclənməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edirlər.

Bazar günü yaz havası olacaq - 22 dərəcə isti

Fevralın 15-də, bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Dəm qazı ailə faciəsinə səbəb oldu: ata öldü, 5 övladı...

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib. Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Oruc Məhərrəm oğlu Məsimov dünyasını dəyişib. Onun övladları - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşdü

Prezident İlham Əliyev fevralın 13-də Münxendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb. Sozcu.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi vurğulandı. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulandı, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu bildirildi, bu xüsusda hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir

Ermənistan Avropa İttifaqının müşahidə missiyasının ölkədə fəaliyyətini davam etdirməsini istəyir. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan həm açıq bəyanatlarda, həm də Avropa İttifaqındakı tərəfdaşlarla qapalı görüşlərdə Brüssellə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və Ermənistandakı Aİ missiyasının fəaliyyətini müsbət qiymətləndirib. Qriqoryan qeyd edib ki, müşahidə missiyası sabitlik amili baxımından müsbət təsir göstərib, regionda sabitliyin möhkəmlənməsinə töhfə verib və sərhədyanı icmalar arasında təhlükəsizlik və dayanıqlılığa inamı artırıb. Onun sözlərinə görə, missiya Ermənistan–Azərbaycan münasibətlərində sülhün bərqərar olması prosesində də mühüm rol oynayıb. Təhlükəsizlik Şurasının katibi, həmçinin ABŞ Prezidenti Donald Trump-ın Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanmasında mühüm rol oynadığını bildirib. Missiyanın gələcək fəaliyyəti ilə bağlı suala cavabında Qriqoryan deyib ki, Ermənistan istənilən halda Aİ-nin mülki müşahidə missiyasının ölkədə qalmasını arzulayır. Onun sözlərinə görə, hazırda imzalanmalı və ratifikasiya olunmalı olan sülh sazişi çərçivəsində müəyyən razılaşmalar mövcuddur və sənəd qüvvəyə mindikdən sonra bu istiqamətdə növbəti addımlar müəyyənləşdiriləcək. Qriqoryan əlavə edib ki, Avropa İttifaqı ilə gələcək əməkdaşlığın formaları hazırda müzakirə mərhələsindədir və bu məsələdə də sülh müqaviləsinin ratifikasiyası həlledici rol oynayacaq.

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.  Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, istintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət yolu ilə əldə edildiyi 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı vurğulanır. Qeyd olunmalıdır ki, Ramiz Mehdiyev və yaxın qohumları lüks avtomobillərdən ibarət geniş kolleksiyaları ilə də gündəmə gəlmişdilər. Müxtəlif mənbələrdə "boz kardinal"ın “BMW”, “Mercedes-Maybach”, “Rolls-Royce”, “Bentley”, "Bentayga” və s. markalı avtomobillərdən ibarət geniş kolleksiyasının olduğu bildirilirdi. Ramiz Mehdiyev və yaxınlarının avtomobil parkının toplam dəyərinin bir neçə milyon manat təşkil etdiyi iddia olunurdu. İrəli sürülmüş ittihamlar məhkəmə qərarı ilə təsdiqlənərsə, Ramiz Mehdiyevin sərvəti, o cümlədən lüks avtomobil kolleksiyası müsadirə oluna bilərmi? Hüquqşünas Babək Həmidov bildirib ki, şəxsin əmlakının qanuni və ya qeyri-qanuni yolla əldə olunmasına dair yekun qərar məhkəmə tərəfindən verilir. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı şəxsin gəlirləri ilə əmlakı arasında uyğunsuzluq müəyyən edilərsə, həmin əmlakın müsadirəsi barədə qərar çıxarıla bilər. Mövzu ilə bağlı Ramiz Mehdiyevin hüquqlarını dövlət təyinatı əsasında müdafiə edən vəkil Zaur Abıyev ilə əlaqə saxlamağa cəhd göstərdik. Amma, vəkil səhhətində yaranmış problemlə əlaqədar məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib.

Onlayn sifariş istehsalçı tərəfindən ləğv olunduğu halda alıcıdan niyə komissiya tutulur? - AÇIQLAMA

Son zamanlar onlayn alış-veriş zamanı rastlanılan problemlərdən biri də sifarişin uzun müddət gözləməsi və daha sonra isə ləğv olunaraq vəsaitin geri qaytarılmasıdır. Yanlışlıq alıcı tərəfindən yaranmadığı təqdirdə belə vətəndaşdan komissiya haqqının tutulması halları baş verir. Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu qanun pozuntusudur: “Vətəndaş karqo şirkətinə və ya onlayn ticarətdən aldığı məhsula görə pulu öncədən ödəyibsə və istehlakçının günahı olmadan təchizatçının günahından mal gəlmirsə, Qanunvericiliyə görə, təchizatçı, mal gönədərən ikiqat behi geri qaytarmalıdır. Hansısa komissiya haqqı tutula bilməz. Tutulursa, bu, yanlışdır, istehlakçı hüquqlarının pozulmasıdır və yolverilməzdir. Belə hal olarsa, tövsiyə edirəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər”.

Zelenskidən Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “kölgə donanması”na aid olduğu iddia edilən dəniz gəmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb. Sozcu.az xəbər verir ki, sənəd dövlət başçısının rəsmi internet səhifəsində yayımlanıb. Sanksiya siyahısına Liberiya, Palau, İndoneziya, Syerra-Leone, Panama, Komor Adaları İttifaqı və digər ölkələrin bayrağı altında üzən ümumilikdə 91 gəmi daxil edilib. Qeyd olunub ki, həmin gəmilərdən yalnız biri rəsmi şəkildə Rusiya Federasiyasına məxsusdur. Zelenski indiyədək Rusiyanın fiziki və hüquqi şəxslərinə, eləcə də Ukraynanın Moskva ilə əməkdaşlıqda ittiham etdiyi digər ölkələrin vətəndaşlarına və şirkətlərinə qarşı mütəmadi olaraq sanksiyalar tətbiq edib. Müvafiq siyahılar aidiyyəti nazirlik və qurumlar tərəfindən hazırlanır, təkliflər təqdim olunur və yekun qərarlar Ukrayna Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir.

Nəcməddin Sadıkovun müavininə qarşı iddia üzrə məhkəmə başladı

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.  Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb: “Ev alqı-satqısı ilə bağlı saytlara baxdım. Novxanıda bir ev çıxdı, əlaqə saxladım. Görüşdük, evə baxmağa getdik. Biz evə çatanda işıq söndü, evə telefon fənərinin işığında baxdıq. Həyətdəki hovuza, yay mətbəxinə, quyuya da baxdıq. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Quyu qonşu ilə ortaq idi. Bunlar mənə deyilməmişdi. Ayaz Həsənov evdə olan çatışmazlıqları aradan qaldıracağına söz verdi. Aramızda danışıq oldu. Usta gəlib baxdı. Mən bu barədə Ayaz Həsənova məlumat verdikdə isə o, mənə “Mən qurtarmışam”, yəni məni narahat etmə dedi”. Daha sonra cavabdeh Ayaz Həsənov iddialara cavab verib. Pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib: “Bunun üçün bir neçə əmlakçıya müraciət etdim, həmçinin alqı-satqı saytlarına yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra əmlakçı zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Mənsə ucuz qiymətə razılaşmadım”. Cavabdeh bildirib ki, ötən il iyunun 13-də evə baxış keçiriblər: “Bir neçə saat sonra əmlakçı mənə zəng edib dedi ki, Rafiq müəllim dam örtüyünə də baxmaq istəyir. Dedim gedib baxsın. Gedib baxımışdı. Səhəri görüşdük, söhbətləşdik, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Evdən çıxmaq üçün bir ay vaxt verildi. Bir az keçəndən sonra Rafiq müəllim ev üçün yeni mebellər aldığını, əşyaların çıxarılmasının lazım olduğunu dedi. Mən də əşyaları müvəqqəti mühafizə otağına qoydum və dəyər-dəyməzinə satdım. Hovuzdakı problemə gəldikdə isə mozaikada problem var idi. Usta çağırdıq. Usta dedi ki, “lak” vurub həll etmək olar. Belə də etdik. Sonra hovuzu da su ilə mən doldurdum”. İddiaçı isə əlavə edib ki, qarşı tərəg evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib. Cavabdeh tərəf prosesə əmlakçı və mühafizəçinin şahid qismində çağırılması barədə vəsatət verib. İddiaçı tərəf buna etiraz etməyib. Məhkəmə vəsatəti təmin edib. Məhkəmə müqavilə üzrə etibarnamə tələb edib. Tərəflər növbəti prosesdə etibarnaməni təqdim edəcəklərini bildirib. Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib. Qeyd edək ki, vəkil Rafiq Abbasov sabiq Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənovu mülki iddia üzrə məhkəməyə verib. Rafiq Abbasov Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyini iddia edir. Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib. O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.

AMEA Ramiz Mehdiyevlə bağlı məlumat yaydı: “Üzv kimi qala bilməz”

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib. Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz”. Bu barədə Sozcu.az-a AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcək: “Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir”, - qurumdan qeyd olunub. 

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi gizir Telman Kəlbiyevin anası vəfat edib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, şəhidin anası Dilşad Kəlbiyeva yaşadığı Neftçala rayonunda dünyasını dəyişib. Qeyd edək ki, T.Kəlbiyevin nəşi müharibə bitəndən xeyli sonra Murovdağ istiqamətində aşkar edilərək Neftçalaya gətiriləndə anası onun tabutu önündə qurban kəsdirmişdi. 1988-ci il təvəllüdlü T.Kəlbiyev vəfatından 85 gün sonra Neftçalanın Şəhidlər xiyabanında dəfn edilib. O, şücaətlərinə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Təbrizdə iki məhbus edam edildi

Təbrizin mərkəzi həbsxanasında Fərhad Kərimzadə və Böyük Namvər adlı iki məhbus edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, məhbuslar adam öldürməkdə günahlandırılıblar.

Zelenski: Belə sülhdənsə, müharibə yaxşıdır

Ukrayna Rusiya ilə müharibədə uduzmur və xalqımı pis sülh müqaviləsini qəbul etməyə məcbur etməyəcəm. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Atlantik” qəzetinə müsahibəsində deyib. Zelenski müsahibə zamanı bir neçə dəfə alçaldıcı şərtlər altında sülh müqaviləsini qəbul etməyəcəyini vurğulayıb: “Biz müharibəyə son qoymaq üçün tələsirik. Amma bu, şərtlərdən asılı olmayaraq razılığa tələsməklə eyni deyil”. O qeyd edib ki, ölkə sakinlərini əlverişsiz bir sülhü qəbul etməyə məcbur etməkdənsə, ümumiyyətlə razılaşmamağa üstünlük verərdi. Dörd illik gərgin döyüşlərdən sonra belə Ukrayna lideri ləyaqətli və davamlı bir sülhü təmin etmək üçün lazım gələrsə, döyüşü davam etdirməyə hazır olduğunu bildirib.

Bakıda 10 yaşlı məktəbli qripdən öldü

Bakıda 4-cü sinif şagirdi qəfil vəfat edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 211 nömrəli məktəbin şagirdi olan Elcan Məmmədovun qripdən dünyasını dəyişdiyi bildirilir. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, fevralın 12-də saat 06:38-də Yasamal rayonundan çağırış qeydə alınıb. "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.

Bakıda temperatur 20 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

BP-də çalışan 69 azərbaycanlı işini itirib

2025-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 344 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Sozcu.az xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb. Məlumat üçün bildirək ki, 2024-cü ilin yekununda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 413  nəfər olub. Bu isə o deməkdir ki, ötən il ərzində BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 69 nəfər azalıb.

Azərbaycanda icra başçısının sabiq birinci müavini niyə DÖYÜLDÜ?

Samux Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Tahir Qarayevə qarşı fiziki güc tətbiq edərək xuliqanlıq əməli törədən şəxsin məhkəməsi yekunlaşıb. Sozcu.az "Teleqraf"a istinadla bildirir ki, hökmə əsasən, hadisədə günahlandırılan Samux rayonunun Lək kəndinin sakini - 2000-ci il təvəllüdlü Fərhad Quliyev (ad və soyad şərtidir - red.) iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Lakin məhkəmə onun cəzasını şərti hesab edərək, şəxsin üzərində 1 il 6 ay sınaq müddəti təyin edib. Araşdırmalar zamanı məlum olub ki, tərəflər arasında gərginlik icra başçısının birinci müavininin qarşı tərəfə əlaqə nömrəsini verməməsindən sonra yaranıb. Mübahisə zəminində F.Quliyev icra hakimiyyətinin balansında olan HAVAL markalı nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb və nəticədə quruma 350 manat maddi ziyan dəyib. İnsident nəticəsində Tahir Qarayev sol qolunun said nahiyəsinin əzilmiş yarası və biləyin hematoması ilə müşayiət olunan bədən xəsarətləri alıb. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, hadisənin kökündə Samux rayonunun Lək kəndindəki evində yaranan qaz problemi dayanır. Vətəndaş küçəyə qaz xətti çəkilsə də, onun evinə təbii yanacaq verilmədiyi üçün icra hakimiyyətinə müraciət edibmiş. Bundan əlavə, o, rəhbərlikdən evi üçün qaz sobası istəyib. Ona söz verilməsinə baxmayaraq, vəd yerinə yetirilməyib. Məhkəmə iclasında zərərçəkmiş qismində tanınan T.Qarayev təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bəyan edərək, ona yüngül cəza təyin olunmasını xahiş edib. Qeyd edək ki, məhkum olunan şəxs Vətən müharibəsi iştirakçısıdır. Xatırladaq ki, T.Qarayev ötən ilin dekabr ayında tutduğu vəzifədən azad olunub. Onun işdən ayrılmasına səbəb kimi səhhətində yaranmış problemlər əsas gətirilib. Xatırladaq ki, hazırda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir.