Separatçı rejim azərbaycanlıların kəndləri atəşə tutmasını təkzib etdi, Xankəndində isə…

Xankəndindəki yaşayış binasına Şuşadan kiçikçaplı silahlardan atəş açmağın mümkün olub-olmadığı araşdırılır…

Xəbər verildiyi kimi, dünən axşam saatlarında erməni mediasında aprelin 20-i günortadan sonra guya azərbaycanlıların Xankəndindəki yaşayış evlərindən birini, eləcə də Şuşakənd və Muxtarkənd məntəqələrini kiçik çaplı silahlarla atəşə tutmalarının iddia olunduğu xəbərlər yayılıb.

Sozcu.az xəbər verir ki, Ermənistanın “Armenpress” nəşri Xankəndindəki separatçı-terrorçu rejim nümayəndələri ilə əlaqə yaradaraq məlumatı dəqiqləşdirməyə çalışıb.

Kriminal rejimin qanunsuz “daxili işlər” qurumunun “informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi”nin müdiri Unan Tadlosyan Xankəndinin atəşə tutulması haqda “polis”ə şəhərin Aykavan rayonundakı bir sakinin zəng edərək məlumat verdiyini bildirib.

“Hadisə yerinə “kriminal polis idarəsi”nin əməkdaşları gəldi. Kiçikçaplı silahdan açılan atəşin bir yaşayış binasının damını deşdiyi məlum oldu. Evdən isə bir güllə tapıldı. Xoşbəxtlikdən heç kim zərər görməyib. Evdə uşaqlar var idi. Hadisənin təfərrüatını aydınlaşdırmaq üçün müvafiq araşdırmalar aparılır.” –deyə Tadlosyan bildirib.

Onun sözlərinə görə, Xankəndindəki yaşayış binasına Şuşadan kiçikçaplı silahlardan atəş açmağın mümkün olub-olmadığı araşdırılır. Şuşakənd və Muxtarkənd məntəqələri istiqamətində atışma barədə isə separatçı rejim “polis”inə heç bir məlumat daxil olmayıb…

Facebook Comments