İran hökumətindən irqçi layihə: Uşaqlara 4 yaşından fars dili öyrədiləcək

İran hakimiyyəti qeyri-fars millətlərinə qarşı şovinist siyasətini davam etdirir.

Belə ki, hökumət uşaq bağçası açmaq üçün yeni lisenziyalarn verilməsini dayandırıb.
Bu qərar bütün uşaq bağçalarının idarəçiliyini Milli Uşaq Təhsili Təşkilatına həvalə etmək məqsədi güdür.

Bu, “fars dilinin yetərliliyi” adlı irqçi planının həyata keçirilməsi və fars olmayan millətlərin ana dilinin məhv edilməsi istiqamətində atılan yeni addımdır.

İran Təhsil Nazirliyinin Məktəb və Qeyri-hökumət Mərkəzlərinin baş direktoru Səid Saleh Uşaq Təhsili Milli Təşkilatı yaranana qədər uşaq bağçası yaratmaq üçün verilən lisenziyalarının dayandırıldığını açıqlayıb.

“Yeni uşaq bağçası lisenziyaları üçün bütün müraciətlər dayandırılıb və yeni Uşaq bağçasının yaradılması üçün heç bir lisenziya verilməyəcək”-deyə, o, bildirib.

Qeyd edək ki, nəzərdə tutulan layihə ənənəvi uşaq bağçalarından fərqlidir və daha çox fars dilli olmayan əyalətlərdə tətbiq edilməsi planlaşdırılır. Layihə fars dilli olmayan vəya iki dilli əyalətlərdə azyaşlı uşaqlara məktəbəqədər, 4 yaşda və ondan yuxarı yaşda olan uşaqlara fars dilini öyrətmək üçün nəzərdə tutulub.

Bu layihəni həyata keçirən Uşaqların Təlim və Tərbiyəsi üzrə Milli Təşkilatının əsasnaməsi 26 yanvar 2021-ci ildə İran Mədəni İnqilab Ali Şurasının iclasında təsdiq edilib.

Təşkilatın əsasnaməsinə görə, 4 yaşlı uşaqlara ibtidai məktəbəqədər bir illik uşaq bağçası kursu, iki illik məktəbəqədər hazırlıq kursu nəzərdə tutulur.

İranın Təhsil nazirinin müavini xanım Rizvan Həkimzadə uşaqların layihəyə cəlb olunmasının icbari olmadığını, ancaq dövlətin bunun kütləviləşməsi üçün büdcə ayırdığını deyib.

Rizvan Həkimzadə İranda rəsmi vəzifə daşıyan panfarsist düşüncəli şəxslərdən biri kimi tanınır.

O, 2019-cu ilin iyun ayında uşaqların məktəbə qəbul üçün uşaqların fars dilini bilmələrini şərt kimi irəli sürmüş və fars dilini bilməyən uşaqların sağlamlıq durumunun normal olmadığını demişdi.

Həkimzadənin bu çıxışı İranda qeyri-fars millətlərin nümayəndələrinin etirazlarına səbəb olub.

Facebook Comments