14 yaşlı serebral iflic xəstəsinin müavinəti 1 ildir kəsilib – Köməyə ehtiyacı var – VİDEO

Mingəçevir şəhərində yaşayan Sevil Hacıyeva serebral iflic xəstəliyindən əziyyət çəkən övladının kəsilmiş əlillik müavinətini bərpa edə bilmədiyini deyir.

O, bununla bağlı Yeniavaz.com saytına müraciət edib və bildirib ki, 14 yaşlı serebral iflic xəstəsi olan oğlu Hacıyev Nicata əlilliyə görə verilən müavinət 1 ildir ki, kəsilib. S.Hacıyeva bununla bağlı Sosial Müdafiə Fonduna da müraciət edib. 1 ilə yaxındır ki, onsuz da maddi imkanı çətin vəziyyətdə olan ananın durumu daha da ağırlaşıb. Yerlərdə sürünən oğlunun halı ailənin dağılmasına gətirib çıxarıb. Sevil xanım deyir ki, həyat yoldaşı 2 oğul övladını ataraq onlara baxmaqdan imtina edib. Hələ üstəlik, aliment də ödəmir. Qadın küçələri süpürməklə qazandığı 236 manat məbləğlə ailəni bir təhər dolandırır. Xəstənin pampers və dərmanlarına pul tapa bilmir. Çarəsiz ana, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən oğluna heç bir kömək edə bilmir. Bütün bu qayğıların arasında, uşağa təyin edilən müavinətin kəsilməsi də onlar üçün daha böyük problem olub.

S. Hacıyeva sənədləri tamamlayaraq aidiyyətı qurumlara yenidən təqdim etsə də, hələ ki, heç bir nəticə olmadığını iddia edir.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi ilə əlaqə saxladıq. Qurumdan Yeniavaz.com-a bildirildi ki, bu məsələ onlara aid deyil: “Bizlik deyil”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə məsələnin araşdırılacağı bildirildi.
Onu da qeyd edək ki, ailə çox ağır durumda yaşayır, imkanlı şəxslər ailəyə öz yardımlarını edə bilərlər.

Əlqə tel: +99450 349 28 33.

Facebook Comments