ABŞ siyasi sistemində xarici siyasətlə bağlı qərarları Ağ Ev qəbul etsə də, bu qərarların davamlılığı və gücü Konqresin dəstəyindən asılıdır. İran məsələsi ABŞ-da uzun müddətdir partiyalararası ciddi fikir ayrılığı yaradan mövzulardan biridir.
Demokratlar əsasən diplomatik yanaşmaya və razılaşmalar vasitəsilə nəzarət modelinə üstünlük verirlər, respublikaçılar isə daha sərt təzyiq, güc tətbiqi dəstəkləyirlər. Bu gün İrana qarşı hərbi zərbələr başlayıb və respublikaçıların Konqresdə çoxluğa sahib olması Ağ Ev üçün siyasi "qalxan" deməkdir, maliyyələşmənin bloklanması riski azalır, məhdudlaşdırıcı qanun təşəbbüslərinin ehtimalı aşağı düşür.
2026-cı ilin Konqresə ara seçkilərində çox böyük ehtimalla respublikaçılar Konqresdə çoxluğu itirəcəklər və Ağ Ev artıq İrana qarşı hər hansı hərbi əməliyyat keçirməyə gücündə olmayacaq.
Digər məsələ ondan ibarətdir ki, hərbi əməliyyatların keçirib keçirməmək qərarını Ağ Ev təkbaşına vermir, bu tip qərarlarda son söz hərbçilərdə olur və tarixdə bir çox hallarda siyasi hakimiyyət hərbi elita ilə razılığa gələ bilmirdi(loqistika, risklər, maliyyə və s). Bu səfər Tramp Pentaqonu razılığa sala bildi, amma 2-ci dəfə bu boyda hərbi qüvvələri regionda cəmləşdirmək çətin mümkün olsun.
Respublikaçı partiyasının daxilində də durum sabit deyil, partiyanın ultra-sağ izolyasionist(Taker Karlson, Nik Fuentes, Mardjori Teylor Qrin və s) qanadı Trampı İsrailə dəstək verdiyinə görə yıxıb-sürüyür. Həmin qanad, ABŞ-ın İsraillə müttəfiqliyinə son qoyulmasını tələb edir.
İranda rejim devrilməsə, Tramp üçün daxildə misilsiz siyasi risklər yaranacaq, respublikaçıların ultra-sağ və mərkəzə meyilli sağ qanadı, demokratların ultra-sol qanadı və sola meyilli mərkəçiləri hamısı birləşib Trampa qarşı "xaç yürüşünə" başlayacaqlar.
Tramp və İsrail üçün isə, ABŞ daxili siyasi durumu baxımından, vaxt və fürsət prizmasından çətin 2-ci dəfə belə şans yaransın. Ya indi, ya da heç vaxt...
Kamran Cəfərov, politoloq