“Putinə şükür” deməmək üçün…

Yəqin hamı kukla teatrında kukla fiqurların hərəkətlərinin pərdə arxasından onlara bağlanmış iplərlə necə idarə olunduğunu görüb. Pərdə arxasında bir adam bəzən bir neşə fiqurun iplərini tərpətməklə tamaşanı idarə edir. Məsələn, “Şəngülüm”də canavarın da, keçinin də iplərini eyni adam dartan kimi.

Son həftədə Ermənistanın ikinci prezidenti olmuş, indi yenidən hakimiyyətə gəlmək uğrunda dəridən-qabıqdan çıxan Robik Koçaryanın və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada Kremldə qəbul olunması, kukla teatrında kuklaların oynadılması prosesinə bənzədi. Fərq onda idi ki, bu erməni kuklalarını oynadan, yəni Rusiya prezidenti Vladimir Putin pərdə arxasında deyil, aşkarda idi.

“Dovşana qaç, tazıya tut” deyən Putin bizim nağıllarda deyilən kimi “hərəsinin əlinə bir dürmək verib” yola saldı. Rusiyanın nə vecinə, bu kuklalar Putinin etimadını qazanmaq üçün “and içib, qan qusurlar” ki, bax “nə desən mən hazıram, nə tapşırıq versən yerinə yetirəcəm, nə öhdəlik desən götürəcəm və yerinə yetirəcəm”. Burada təzə bir şey yoxdu, tarixən ermənilər belə olub. Bu görüşləri erməni politoloq Arbak Xaçatryan şərh edərkən dəqiq ifadə söyləmişdi: ” Ermənistanda böyük dövlətlərin qanadı altında yaşamağa və ayaq altı olmağa o qədər öyrəşiblər ki, buna ehtiyac olmasa belə, onsuz da edirlər”. Paşinyan görüşdən əvvəl Putinə xoş olsun deyə, hətta Koçaryanı, Ohanyanı, Xaçaturovu tam olaraq istintaq məsuliyyətindən azad etdi. Baxmayaraq ki, onlardan biri-Koçaryan onun siyasi rəqibidir, hakimiyyətə can atır və Putinin dostudur. Erməni toplumu da bütünlükdə belə düşünür: Kremlə kim yaxındırsa onu seçməliyik.

Qeyd olunanlar öz yerində, bu ipləri Kremlin əlində olanların əsas hədəfi yenə biz-Azərbaycan olaraq qalırıq. Onların Rusiya qarşısında bütün alçaldıcı reveranslarının son dönüşündə hədəf bizik-Qarabağdır. Qarabağda möhkəmlənmək, bizim nəzarətimizdən kənar saxlamaq üçün “sülhməramlıların” uzun müddətə qalmasını həll etmək üçün iplərini Qırmızı meydandakı saatın əqrəblərinə bağlamaq niyyətindədirlər. Paşinyan Putinlə görüşərkən elə obrazlı şəkildə təsadüfən demədi ki, “ biz tez-tez əlaqə saxlayır, saatlarımızı tutuşdururuq”. Ermənilər açıq şəkildə bəyan edirlər ki, “indi revanş vaxtı deyil, bu sonrakı işdir”. Bunu rəhbərlər də deyir, politoloqlar da, sosial şəbəkədəkilər də. Deməli, düşmən iddiasından əl çəkməyib və Moskvanın ətəyindən sallaşıb silahlanmaq istəyir, güc toplamağı qarşısına məqsəd qoyub və qabağa da özünü yox, ağasını-Rusiyanı çıxarmağa hazırlaşır, çünki özlərinin dediyi kimi “ ermənilər xilas olmaq istəmirlər, xilaskar axtarırlar”.

“Xilaskar” isə problemin həll olunmasını istəmir, yenidən konservləşdirmək, danışıqlar adı altında uzatmaq və 30 illik “həsrət”dən sonra Azərbaycan ərazisində qoşunlarını yenidən yerləşdirdiyinə görə ermənilərə minnətdarlığını ifadə etmək niyyətindədir. Şimal ayısının kuklalarla min oyunu var, hamısı da Qarabağ torpaqlarında qoşunlarını saxlamaq üçün. Paşinyan üç saat yarımlıq görüşdən məmnun qaldığını bildirirsə, deməli bizim əleyhimizə çox proseslər başlana bilər, hərçənd ki, artıq başlayıb və müharibənin bitməsindən düz beş ay keçməsinə baxmayaraq, biz Xankəndi tərəfimizə heç boylana da bilmirik.

Keçmiş Dağlıq Qarabağa nəzarətimizi bərpa etmək üçün bu beş ay ərzində susqun qalmamız Rusiya qoşunlarının beş ildən sonra daha beş il də qalması demək deyilmi? Putin və imperiya eyni maraq, eyni məqsəd deməkdir. Aprelin 21-də Putin Dövlət Dumasında çıxış edib prezidentlik müddətini sıfırlayacaq və bundan sonra 15 il də formal seçkilər keçirib hakimiyyətdə qalacaq. Putindən sonra beynəlxalq hüquqa hörmət edən bir demokratın Rusiyada hakimiyyətə gəlməsi fantastikadır, əksinə imperiya ambissiyaları ilə yüklənmiş birinin ortaya çıxması daha real görsənir. Ona görə “Putinə şükür” deməmək üçün ərazi bütövlüyümüzü təmin edib, torpaqlarımıza nəzarəti bərpa etmək istiqamətində zəruri olan hərəkətə keçmək lazımdır.

İlham İsmayıl

Facebook Comments