“Nərimanov”da qatar yoluna düşən sərnişin öldü

Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb. Bu barədə Sozcu.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. "Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.

İranda 8 yanvar milli etiraz günü ELAN EDİLDİ

İranın bir çox şəhərində 10 gündən çoxdur ki, milli valyutanın (rial) devalvasiyası və yüksək inflyasiya səbəbindən kütləvi etirazlar davam edir. Sozcu.az xəbər verir ki, müxalifət mediasının məlumatına görə, təxminən 25 000 əhalisi olan İlam vilayətinin Abdanan şəhəri küçə etirazları ilə tam əhatə olunub. Etirazçılar ölkənin ali rəhbərliyinə qarşı şüarlar səsləndirirlər: “Xameneiyə ölüm! Diktatora ölüm!” Buna cavab olaraq təhlükəsizlik qüvvələri şəhərin elektrik enerjisini kəsib. Ötən axşam etirazçılar şəhərdə bir sıra ticarət müəssisələrinə hücum ediblər. Xüsusilə etirazçıların İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan şəbəkəyə məxsus mağazaları yandırdığı və talan etdiyi bildirilir. ABŞ-da yerləşən Human Rights Watch təşkilatının məlumatına görə, İrandakı etirazlarda ən azı 36 nəfər həlak olub, sahibkarların tətilləri və küçə nümayişləri İranın 92 şəhərindəki 285 rayona yayılıb. Öz növbəsində, HRANA insan haqları xəbər agentliyi 28 dekabrda başlayan etirazlardan bəri ən azı 34 etirazçının və 2 təhlükəsizlik işçisinin öldürüldüyünü bildirib. Onlarla etirazçı yaralanıb. Təhlükəsizlik qüvvələrinin 2000-dən çox insanı həbs etdiyi qeyd edilir. Müxalifət xəbər saytı olan Iran International-ın məlumatına görə, İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi ölkə miqyasında etirazlara çağırış edib. Həmçinin, İrandakı yeddi kürd müxalifət partiyası və vətəndaş cəmiyyəti təşkilatının 8 yanvar tarixini milli etiraz günü elan edərək birgə bəyanat yaydığı bildirilib. Buruc, Məşhəd, Cask, Həmədan, Səbzvar, Kermanşah, Lahican və digər yerlərdə küçə etirazları keçirilib. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək küçələrə çıxıblar. İnsan resurslarının çatışmazlığı səbəbindən hakimiyyət orqanlarının etirazlara cavab vermək üçün quru qüvvələri və sərhədçiləri göndərdiyi bildirilir. Nümayişləri dağıtmaq üçün göz yaşartıcı qaz, rezin güllələr və bəzən odlu silahlardan istifadə edildiyi bildirilir.

Sabah hava necə olacaq?

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə  isti,  dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Deputatın Dubayda toy edən qardaşını niyə döydülər?

2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür. Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir. Həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev idi. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Cavanşir Həsənli bölüşüb. “İstintaqın versiyasına görə, Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Oruc oğlu Əliyevə böyük məbləğdə borcu olub. Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq, “İlham Oruc oğlundan qorunmasını” xahiş edir. Kimdir İlham Oruc oğlu Əliyev? Hasil Nurullayevin həyat yoldaşının əmisidir. Sonradan onlar barışırlar və cinayət işi illərlə bağlı qalır. Lakin son illərdə Razi Nurullayevin qardaşını qətlə yetirmək cəhdində şübhəli bilinən icraçılardan biri tutulur. O, sifarişçi kimi İlham Oruc oğlu Əliyevin adını çəkir. Bundan sonra Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb edilir. İllərlə davam edən istintaq və məhkəmə işi ötən ilin avqustunda başa çatır və Hasil Nurullayevin həyat yoldaşının əmisi “adam öldürməyə cəhd” maddəsi ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il yarım müddətinə azadlıqdan məhrum edilir. Razi Nurullayevin qardaşları Hüseyn və Hasil Nurullayevlər və Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev 20 ildən bəridir ki, Sankt-Peterburqda əmlak və tikinti biznesilə məşğuldurlar, “Perspektiva”, “Alternativa”, “Yelizaveta”, “Orion”, “Munir”, “Olimp-Finans”, “Asset", “Yabloko”, “Avrora”, “Merkuri”, “Şans”, “Rik” kimi çoxsaylı şirkətlərə sahibdirlər”, - o bildirib.

Xameneini hədələdilər: Səni də öldürəcəyik

“Rejim etirazçılara qarşı repressiyasını davam etdirsə, ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsi barədə göstəriş verəcək”. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı üzvü Lindsi Qrem deyib. “Fox News” telekanalında çıxış edən Qrem Trampı “bütün dövrlərin ən böyük prezidenti” adlandırıb. Konqresmen İranda baş verən ümumxalq etirazlarına toxunaraq, etirazçılara müraciətlə bildirib: “Biz sizi dəstəkləyirik. Donald Tramp Barak Obama deyil. O, sizi dəstəkləyir”. Lindsi Qrem İranın ali rəhbərinə də xitab edib: “Bilməlisən ki, daha yaxşı həyat istəyən insanları öldürməyə davam etsən, Donald Tramp da səni öldürəcək. İranda dəyişiklik yoldadır. Bu nasist rejimindən qurtulmaq Yaxın Şərq tarixində ən böyük dəyişiklik olacaq. İran xalqı üçün yardım yoldadır”.

Baba, nənə və nəvə dəm qazından zəhərləndi, biri öldü

Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb. Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Ələkbər oğlu Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib. R.Əlsultanov hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır. Araşdırmalar aparılır.

Bakıda 2 maşın toqquşdu: ölən var

Bakı şəhərinin Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, qəza yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Müəyyən olunub ki, "Hunday" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

İran etirazları yatırmaq üçün bu ölkədən qüvvələr gətirir

Etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökuməti İraqdan özünə bağlı silahlı qüvvələrin ölkəyə gətirilməsini sürətləndirib. Sozcu.az xəbər verir ki, bu haqda "İran İnternational" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, "Kətaib Hizbullah", "Hərəkət-i Əlnücəba", "Seyydi əl-Şühəda" və "Bədr" silalı qeuplaşmalarının 800 üzvü İrana keçib. "Bu qüvvələrin köçürülməsi prosesi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd keçid məntəqələri vasitəsilə həyata keçirilir və rəsmi olaraq Məşhəddəki İmam Rzanın məzarının ziyarətçiləri kimi kimi qələmə verilir. Ancaq bu qüvvələr Əhvazdakı Xamenei bazasında toplanır və sonra etirazların yatırılmasında iştirak etmək üçün müxtəlif bölgələrə göndərilir",- məlumatda qeyd olunub.

İranın Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirildi

İranın Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirilib. Sozcu.az xəbər verir ki, İlam əyalətinin Abdanan şəhərində hiddətlənmiş xalq kütlələri hökumət qüvvələrini qovub meydanlardan çıxarıb və hökumət binalarına girməyi bacarıb. Qeyd edək ki, dolların kəskin bahalaşması və inflyasiya səbəbindən İranda kütləvi etirazlar onlarla şəhəri əhatə edib.

Hələbdə toqquşmalar: ölənlər var

Suriyanın Hələb şəhərində hökumət qüvvələri ilə SDQ qruplaşması arasında silahlı qarşıdurma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin məlumatında deyilir. Toqquşmalar zamanı 3 nəfər ölüb ki, onlardan biri Suriya ordusunun hərbçisidir. Ölənlərlə yanaşı, yaralananların da olduğu bildirilib.

Salyanda azyaşlı qızdırmadan öldü

Azərbaycanda azyaşlı qızdırmadan ölüb. Hadisə Salyan rayonunda qeydə alınıb. Salyan şəhər sakini, 2015-ci il təvəllüdlü Elcan Səfər oğlu Nəcəfov yaşadığı evdən yüksək qızdırma səbəbindən xəstəxanaya gətirilib və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./Lent.az

Aparıcı bankları tənqid etdi

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə iqtisadiyyat ixtisası üzrə 43 min nəfər məzun olub. Buna baxmayaraq, əmək bazarında ciddi uyğunsuzluq mövcuddur: bir tərəfdə boş vakansiyalar, digər tərəfdə isə iş tapmaqda çətinlik çəkən minlərlə gənc". Sozcu.az xəbər verir ki, bunu Aytən Səfərova deyib. Aparıcı bu sahədə təhsil alan şəxslərin iş tapa bilməməsidən gileylənib: “Valideynlər övladlarını maliyyə-kredit sektorunda oxutdurur, bank sahəsində təhsil aldırırlar ki, gələcəkdə banklarda işləsinlər. Banklar isə mütəmadi olaraq vakansiyalar elan edir və işçi axtardıqlarını bildirirlər. Maraqlı və eyni zamanda paradoksal vəziyyət yaranır: bank sektorunda işləmək üçün diplomu olan 40 mindən çox məzun var, lakin banklarda vakansiyalar dolmur. Sual yaranır: bu elanlar sadəcə elan xatirinə verilirmi? Əgər gəncin əlində ixtisas diplomu varsa, niyə həmin vakansiyalar yenə də açıq qalır və eyni zamanda, bu qədər gənc işsizdir?”

Tehranda gərginlik artır: etirazçılar parlamentə doğru irəliləyir

Bu gün Tehranın 15 Xordad küçəsində etiraz aksiyası keçirilib. Sozcu.az "Azad İran"a istinadən xəbər verir ki, aksiyada iştirak edən insanlar İran parlamentinin binası istiqamətində hərəkət edir. Hadisə ilə bağlı paylaşılan xəritədə izdihamın olduğu ərazi qırmızı, parlament binasının yerləşdiyi nöqtə isə mavi rənglə işarələnib. Məlumata görə, təhlükəsizlik qüvvələri “15 Xordad” metro stansiyası ərazisində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bölgədə vəziyyət gərgin olaraq qalır.

Venesuela 30 günə seçki keçirə bilməz - Tramp

Venesuelada yaxın 30 gün ərzində yeni seçki keçirilməyəcək. Əvvəlcə ölkəni düzəltmək lazımdır. Siz seçki keçirə bilməzsiniz. Xalqın belə səs verməsi mümkün deyil. Əvvəlcə ölkəni sağaltmalıyıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC Nyus”a müsahibəsində deyib. “Biz Venesuela ilə müharibədə deyilik, narkotik satan insanlarla müharibə edirik: Həbsxanalarını, narkomanlarını və psixi müəssisələrini ölkəmizə boşaldan insanlarla müharibədəyik”, - o bildirib.

Cinayət işi: Hərbçilərdən pul alaraq, saxta arayış verirmiş...

Müdafiə Nazirliyinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Ruhin Zeyid oğlu Tağıyevin Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ruhin Tağıyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Eyni zamanda oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Quterreş İrana çağırış etdi: Vətəndaşlara hörmət edin!

İranda baş verən hadisələri izləyir, etirazçıların öldürülüb və yaralanmasına görə təəssüflənirik. Sozcu.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterrreş deyib. "Vətəndaşların ifadə, toplaşmaq və dinc aksiya keçirmək azadlığı kimi fundamental hüquqlarına hörmət edin", - baş katib bildirib.

Tanınmış şairə - jurnalist Xatirə Rəhimli Prezidentdən kömək istədi...

Prezident cənab İlham Əliyev! Şair-jurnalist kimi sizə müraciət edirəm.  Mənzilim yoxdur, ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə mənzillərə köçmüşük. Ailəmlə birgə soyuq zirzəmidə yaşayıram. Səhhətimdə bəzi problemlər yaranıb.  10 ildir ki, sizə də, həyat yoldaşınız, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya da mənzil problemimlə bağlı yazılı olaraq müraciət edirəm.  Məktublarım müraciətlərim, göndərdyim teleqramlar heç biri sizə çatdırılmır.  Çıxışınızda  belə bir fikir söyləmişdiz ki, vətəndaşlar tərəfindən sizə göndərilən məktubları sizdən gizlədirlər. Qeyd edim ki, 10 ildir mənim də sizə göndərdiyim məktubları, müraciətləri, teleqramları sizdən gizlədirlər, sizə bu haqda heç bir məlumat vermirlər.  Bu ölkənin prezdenti sizsiniz.  Birinci vitse-prezidenti Mehriban Əliyevadı. Sizlərdən xahiş edirəm ki, məni mənzilnən təmin edin. Mənə yaşamaq üçün mənzil verin. Səhhətimdəki problemlə zirzəmidə yaşamaq çox çətindir, çox ağrılıdır, əzablıdı. Mənim kimi mənzili olmayanlar, kirayədə zülümnən yaşayanlar məni başa düşür.  Prezident cənab İlham Əliyev. Ədəbiyyat adamı kimi, şair-jurnalist kimi bir daha sizdən çox-çox xahiş edirəm ki, məni mənzillə təmin edin. Mənə mənzil verin. Sizdən bir daha çox xahiş edirəm. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

5 milyon manatdan çox qaçaqmal tutuldu

Ötən ay dövlət sərhədində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32,289 min manat оlan qaçaqmal tutulub. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Son bir ayda evlərdən 20-yə yaxın meyit tapılıb – Siyahı

Xırdalanda mənzildən meyit tapılıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz evdən 1993-cü il təvəllüdlü Turan İlham oğlu Xəlillinin meyiti tapılıb. Bildirilir ki, ondan xəbər ala bilməyən yaxınları evə gəliblər və dünən saat 21 radələrində yaşadığı evin yataq otağında Turanı ölmüş vəziyyətdə aşkar ediblər. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Onu da qeyd edək ki, son bir ay ərzində xəbər saytlarında müxtəlif şəhər və rayonlarda evlərdə tapılan meyitlərlə bağlı çoxsaylı xəbərlər yayılıb. Həmin məlumatların bəzilərini təqdim edirik: 4 yanvar – Cəlilabad rayonu ərazisində 1990-cı il təvəllüdlü Ziya Muradovun meyiti şəhər ərazisində, qardaşına məxsus evdə tapılıb. Ziya Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışıb. 2 yanvar – 1987-ci il təvəllüdlü Oleq Aleksandroviç Danilovun meyiti yaşadığı Səbail rayonu, Lomonosov küçəsindəki evdə aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış şəxsin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. 2 yanvar – 1998-ci il təvəllüdlü Bibixanım Təhməzovanın meyiti yaşadığı Sabunçu qəsəbəsindəki evdə tapılıb. Onun hansı səbəbdən öldüyü məlum deyil. 2 yanvar – 1981-ci il təvəllüdlü Ramin Paşayevin meyiti yaşadığı Binəqədi rayonu, Adil Məmmədov küçəsində aşkar edilib. Onun da əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib. 2 yanvar – Xətai rayonu, G. Mehmandarov küçəsində 86 yaşlı Fizə Şah qızı Məhsimovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. 2 yanvar – Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 79 yaşlı Ofeliya Əhməd qızı Əhmədovanın meyiti yaşadığı evdə aşkarlanıb. 30 dekabr – Xətai rayonu, G. Şıxlinski küçəsində Cəbrayıl rayon sakini, 33 yaşlı Aytən Tahir qızı Quliyevanın boğaz nahiyəsində kəsilmiş xəsarətləri olan meyiti kirayədə yaşadığı evdən tapılıb. 29 dekabr – Binəqədi qəsəbə sakini, 1973-cü il təvəllüdlü Zülfüqar Mirislam oğlu Ağayevin meyiti yaşadığı evdə tapılıb. Mərhumun üzərində hər hansı xəsarət izi aşkarlanmayıb. 29 dekabr – Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 146, mənzil 50 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Kafiyə Xeybər qızı Qarayevanın meyiti yaşadığı mənzildə aşkar olunub. Onun da ölümündə zorakılıq əlamətləri müşahidə edilməyib. 27 dekabr – Binəqədi rayonunun Biləcəri qəsəbəsində Gürcüstan vətəndaşı olan 47 yaşlı Rəna Məmmədova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin məlumata əsasən, onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir. 26 dekabr – Gəncədə 38 saylı Hərbi şəhərcik ərazisində 1964-cü il təvəllüdlü Məmmədova Aybəniz Nəbi qızının meyiti yaşadığı evdə tapılıb. 24 dekabr – Masallı rayonunun Boradigah qəsəbəsində 67 yaşlı Huriyyə Dadaş qızı Rzayevanın meyiti yaşadığı evdə tapılıb. 19 dekabr – Tovuzun Qovlar şəhər sakini olan 1998-ci il təvəllüdlü R. Cəfərovun meyiti yaşadığı evdə aşkar edilib. 17 dekabr – Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 56 yaşlı Feyruz Arxabala oğlu Ağabalayevin meyiti yaşadığı evdə tapılıb. 15 dekabr – Nərimanov rayonu, A. M. Cümə küçəsi, ev 26, mənzil 5-də meyiti tapılan şəxsin 61 yaşlı Ramiq Telman oğlu Məmmədov olması müəyyən edilib. 12 dekabr – Xətai rayonu, Mingəçevir küçəsində 44 yaşlı Aytəkin Fəxrəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə tapılıb. 9 dekabr – Sumqayıtın Xəzər bağları ərazisində 2002-ci il təvəllüdlü Kənan Nəsirlinin meyiti yaşadığı evdə aşkar olunub.

Səfərbərlik Xidməti məlumat yaydı

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib. Bu barədə Dövlət Xidmətinin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib. Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. O cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Şagird yerdəyişmələri dayandırılır

8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Ukrayna Rusiyada daha bir neft zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən strateji neft-kimya müəssisəsinə zərbə endirib. Sozcu.az xəbər verir ki, yanvarın 6-da həyata keçirilən hücum nəticəsində Rusiyanın mühüm neft-kimya komplekslərindən biri - “Sterlitamak" Neft Kimya Zavodu hədəfə alınıb. Hücuma məruz qalan sahədə aviabenzin istehsalında istifadə olunan agidol maddəsi emal olunan müəssisədə yanğın başlayıb. Mənbələrə görə, bu müəssisə Rusiyanın hərbi sənaye kompleksi və ordusu üçün strateji əhəmiyyətə malik məhsullar istehsal edir. Rəsmi Moskva hələlik bu hücumla bağlı açıqlama verməyib. Başqırdıstan Rusiyanın Ural regionunda yerləşir və Ukrayna ilə sərhəddən minlərlə kilometr uzaqdadır. Bu zərbə Ukraynanın neft emalı və enerji infrastrukturunu hədəf alan hücumlarının Rusiyanın içərilərinə doğru uzandığını göstərir.

“Yeni Klinika”nın ginekoloquna cinayət işi açıldı

Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Bakı şəhəri Nizami rayon prokurorluğunun məlumatında deyilir. “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da “Yeni Klinika” PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Güneyli fəal Yürüş Mehralıbəyli saxlanılıb

İranın inzibati bölgüsündəki Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb. İranın rəsmi qaynaqları milli fəalın həbsi ilə bağlı açıqlama yaymayıblar. Onun harada saxlanıldığı və həbs səbəbi məlum deyil. Güney Azərbaycanın tanınmış milli fəallarından olan Yürüş (Ayət) Mehrəlibəyli 2023-cü ildə də ETTELAAT məmurları tərəfindən saxlanılmıdı. O, 1979-cu ilin yanvarın 31-də Şərqi Azərbaycanın Xarvana rayonunun Qarlıca yaylağında anadan olub. Sonralar ailəsi Culfa şəhərinin Şuca kəndinə köçür. Bu kənddə böyüyən Yürüş Mehrəlibəyli tam orta məktəbi Ələmdar şəhərində bitirdikdən sonra Rəşt Universitetinin “Sənaye idarəçilik” ixtisasına daxil olur və buranı bitirir. Ardınca Tehranın Tərbiyət Müdərris Universitetinə daxil olaraq magistr dərəcəsini də başa çatdırır. Lakin onun doktorantura dərəcəsində təhsil almasına icazə verilmir. İlk dəfə 2002-ci ilin 12 dekabr tarixinda Şəbistər şəhərində, prof. Məhəmmədtağı Zehtabinin məzarı üstə tutularaq bir aydan sonra azadlığa buraxılır. İki il sonra – 2005-ci ildə Bəzz (Babək) qalasında keçirilən mitinq zamanı yenidən həbs edilərək 2 ay saxlanılır. O, 2006-cı ildəki Xordad etirazlarında bir daha həbs olunur. 2010-cu ilin may ayında isə Güney Azərbaycan Milli Oyanış Hərəkatına (GAMOH) üzv olduğu üçün 9 ay həbsdə saxlanılmışdı. Bu müddətin 7 ayını təknəfərlik kamerada keçirib. Yürüş Mehrəlibəyli həbsdən azad edildikdən sonra orada yaşadığı günləri və işgəncələri “Qarçiçəyi” adlı kitabında qələmə alıb. O, 2012-ci ildə “Yeni GAMOH” təşkilatının yaradılmasında ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilir, 5 il sonra isə şərti azadlığa buraxılır. AzNews.az)