“Beş il necə gəldi keçdi, bilmədik, tək arzumuz onların unudulmamasıdır…”-Şəhid atası…

2016-cı il Şanlı aprel döyüşlərinin qəhrəman şəhidlərindən biri də əsgər Fəxrəddin Qurbanlıdır. F.Qurbanlı 1994-cü il yanvarın 13-də Bakı şəhərində anadan olub. Şəhidimizin vəfatından bu gün beş il ötür.

Moderator.az-ın əməkdaşı Binəqədi qəsəbəsində şəhidin ailəsi ilə görüşüb. Şəhidimizin atası Seyfəddin Qurbanlı əməkdaşımızla söhbəti zamanı bu gün Fəxrəddinin məzarını ziyarət etdiklərini bildirib:

“Beş il necə gəldi getdi, bilmədik. Bu gün Fəxrəddinin məzarını ziyarət etdik. Rayon icra hakimiyyətinin nümayəndələri də bizi ziyarət etdilər. Bu beş il ərzində həmişə bizə diqqət göstəriblər. Yaşadığımız küçə Fəxrəddinin adına verildi. Evimizin yaxınlığında keçmiş bələdiyyə sədri Aytac xanım tərəfindən bulaq tikildi. Bizim də tək istəyimiz şəhidlərimizin unudulmamasıdır”.
Şəhid atası deyib ki, bu beş il ərzində yaxınlarında doğulan körpələrə Fəxrəddinin adını qoymaq istəsələr də, o, buna razı olmayıb:

“Belə təklif olub, amma istəməmişəm. Mən belə şeyi sevmirəm. Fəxrəddin elə Fəxrəddin olaraq mənim üçün qalır. Elə bilirəm ki, onun adını daşıyan körpəyə nəsə desələr, Fəxrəddinə demiş olarlar”.

Şəhid atası bir daha beş il öncəyə, Fəxrəddinin şəhid olduğu günlərə qayıdıb:

“Fəxrəddin aprelin 1-də mənlə danışdı. Axşam isə anasıyla tələsik danışıb deyib ki, “növbəyə gedirəm, özünüzdən muğayat olun”. Anası mənə deyəndə inanmadım. Dedim ki, axı elə söhbət yox idi. Aprelin 2-də isə xəbər çıxdı ki, müharibədir. Aprelin 5-nə kimi Fəxrəddindən xəbər ala bilmədik. Ona görə Tərtərə, xidmət etdiyi hərbi hissəyə yollandım. Getdim gördüm ki, hərbi hissədə heç kim yoxdu. Mənə dedilər ki, uşaqlar irəlidədir. Yenə bir xəbər öyrənə bilməyib geri qayıtdım. Aprelin 8-də əmisigil getdi və onun şəhid xəbərini aldılar. Aprelin 9-da Fəxrəddinin tabutunu gətirdilər və böyük izdihamla dəfn edildi”.

Qeyd edək ki, F.Qurbanlı ölümündən sonra ölkə başçısı İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Facebook Comments