Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Müharibə əlilləri və şəhid ailələri əmlaka mülkiyyətin qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad edilir. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilir. Buraya aiddir: - daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi; - torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi; - daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması; - daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər. Təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının -müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur. Azadolma qeyd olunan kateqoriyadan olan şəxslərin sosial müdafiəsinə yönəlib.

Qurban Qurbanov ilin ən yaxşı məşqçisi SEÇİLDİ

Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub. Sozcu.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb. Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib. “Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da bu turnirdə çıxışını davam etdirən “köhlən atlar” “Benfika”, “Kopenhagen” kimi komandaları məğlub edib, “Çelsi” ilə oyunda bərabərə qalıb.

Ölkədə doğum sayı azaldı

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80802 doğulan körpə qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,5-ə düşüb.

Evə gec gəldiyi üçün irad bildirən atasını öldürdü - Təfərrüat

Bakıda baş verən qətlin təfərrüatı məlum olub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi Sovxoz yaşayış ərazisində qeydə alınıb. İftixar Vəlizadə 19 yaşlı oğlu Ayxan Vəlizadəyə evə gec gəldiyi üçün irad bildirib. Bundan hiddətlənən oğul atasına yaşadıqları evin həyətində 14 bıçaq zərbəsi vurub. Evdə olan 1988-cu il təvəllüdü ana Səadət Nəcməddin qızı Vəlizadə oğulunun bu əməlinin qarşısını almaq istəyib. O, sağ əlindən bıçaq, boynundan əzilmiş xəsarətlər alıb. Səadət Vəlizadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Qeyd edək ki, Ayxan Vəlizadə ailənin tək oğludur, onun özündən kiçik iki bacısı var.

Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub - Faktlar

Bu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan “Şamaxı”nın sabiq oyunçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Adil Nağıyev bu işdə komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub. Məlumata görə, Adilin Kantariya ilə əlbir olduğu ilk qarşılaşma ötən il Premyer Liqanın 15-ci turunda Şamaxıda keçirilən “Şamaxı” – “Kəpəz” matçıdır. Belə ki, hər iki futbolçu “Topaz” və digər mərc saytlarında “Şamaxı”nın məğlubiyyətinə pul qoyuluşu ediblər. Nəticədə “Şamaxı” sözügedən matçda 0:1 hesabı ilə məğlub olub. Bundan başqa, tərəflər ötən il 4 dekabr tarixində Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Zirə Olimpiya Kompleksində keçirilən “Zirə” – “Şamaxı” matçında manipulyasiya ediblər. Adil Nağıyev “Şamaxı”nın məğlubiyyətinə yatırım edərək əldə edilən qazancdan Kantariyaya 5 min dollar vəd edib. Qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verən tərəflər komandasının 1:3 hesablı məğlubiyyətinə şərait yaradıblar. Adil Nağıyev Kantariadan əlavə komandanın yarımmüdafiəçisi Vasiliye Bakiçlə Vasiliye Redenoviçi də “iş başında” görmək istəyib. Lakin legioner futbolçular bu təkliflə razılaşmayıb. Maraqlıdır ki, Adillə Kantariyanı ifşa edən də Redenoviç olub. O, rəhbərliyə Adillə yazışmasını təqdim edib. Məlum olub ki, Adil Rusiyadan gələn şəxsə matçın 30-cu dəqiqəsindən sonra “Şamaxı”nın məğlubiyyətinə mərc etməsinə dair işarə verib. Adil Nağıyev “Şamaxı” – “Kəpəz” matçında iştirak etməsə də, Kantariya meydanda olub. Nağıyev meydanda olmasa da, komandasının məğlubiyyətinə pul yatırıb. Adil Nağıyev ilkin istintaqa ifadəsində bildirib ki, Azərbaycan ərazisindən burada keçirilən çempionat oyunlarına yüksək məbləğlərdə pul yatırmağın mümkün olmadığını öyrənib. Buna görə də 2024-cü ilin noyabr ayının ortalarında əvvəllər futbolçu olmuş və hazırda Türkiyədə yaşayan Elgün Nəbiyevlə vatsapla əlaqə yaradıb. Elgünə üç oyuna 40.000-50.000 manat intervalında mərc etmək istədiyini bildirən Adil Nağıyev, bunun Türkiyə ərazisindən mümkün olub-olmadığını soruşub. Elgün də ona Türkiyədən də Azərbaycan oyunlarına yüksək məbləğdə pul vəsaiti mərc etmək olmadığını, lakin Rusiyada yaşayan Orxan adlı tanışının bu işdə ona köməklik edə biləcəyini bildirib. Orxanla danışıq zamanı “Zirə” - “Şamaxı” arasında baş tutacaq oyunda müdafiəçisi olduğu “Şamaxı”nın bilə-bilə passiv hərəkətlər və “səhvlər” edərək uduzdurmaq istədiyini, 50.000 manat məbləğdə pul vəsaitini mərc etməklə yüksək qazanc əldə etmək istədiyini bildirib. Danışıq zamanı Orxana üç oyunu mərc etmək istədiyini söyləyib. Həmin oyunlarda mərcin məzmunu “Zirə” - “Şamaxı” oyununda “Şamaxı”nın əsas vaxtda məğlubiyyəti, “Sumqayıt” – MOİK matçında “kimyaçılar”ın əsas vaxtda qələbəsi və “Neftçi" - “Difai Ağsu” oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olub. Həmin vaxt Orxanla danışıq zamanı sonuncu ona “Zirə”- “Şamaxı” oyununda əmsalların 2-2.70 arası olacağını ehtimal etdiyini deyib. Tərəflər razılaşsa da, Orxan sonradan zəng edərək üç oyuna mərc edə bilməyəcəyinin bildirib. Sonda Adil “Zirə” ilə kubok matçında kapitanı olduğu “Şamaxı”nın məğlubiyyətinə mərc edib. Məlum olub ki, Adil Orxana “Şamaxı”nın 2 top fərqi ilə uduzmasına mərc etməyi tapşırıb. Lakin Orxan matça 30-cu dəqiqədən sonra canlı mərc edib. Bu dəqiqəyə qədər isə “Zirə” artıq 2:0 öndə olub. Tərəflərin bir-birini anlamaması nəticəsində Adilin mərcdən pul qazanmaq sevdası baş tutmayıb və əlində olan məbləği uduzub. Orxan sonradan bildirib ki, canlı mərc 10-cu dəqiqədə bağlanıb, yalnız 30-cu dəqiqədən sonra açılıb. Orxan isə pulu qaytarmaqdan imtina edib. Adil daha sonra komandanın baş məşqçisi Ayxan Abbasova Vatsapda səs ataraq üzr istəyib. O, səs yazısında əməlindən peşman olduğunu, şeytana uyduğunu bildirib. “Topaz” istintaqa Adil Nağıyevin təşəbbüsü ilə yaradılan kuponları da təqdim edib. “101340” nömrəli “Topaz” məntəqəsində oyunlar başlamamışdan qabaq, əmsal 1,52-dən hesablanaraq hər birində 200 AZN məbləğində 4 kupon (bilet) üzrə ümumilikdə 800 manat məbləğində pul vəsaiti mərc edilib. Mərcin yekununda hər kupon (bilet) üzrə 653,61216 AZN yekun uduş məbləği əldə edilib. Həmin kuponların hamısında “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisinin uduzmayacağı, Azərbaycan Premyer liqası çərçivəsində keçirilən “Zirə” “- “Sumqayıt” oyununda bakılıların qələbəsi, “Neftçi” – “Qarabağ” oyununda ağdamlıların, “Araz Naxçıvan” – “Turan Tovuz” matçında isə “3.5 alt” qeyd edilib. Yekunda “Kəpəz”, “Qarabağ” “Zirə” qalib gəlib, “Araz Naxçıvan”ın matçı isə 1:0 hesabı ilə yekunlaşdığından hər 4 kupon uduşlu olub. Qeyd edək ki, Adil Nağıyevə Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev 5 il müddətə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilib.

Zelenskinin Polşa prezidenti ilə görüşü baş tuta bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə onun polyak həmkarı Karol Navrotskinin görüşü bu ilin sonuna qədər baş tuta bilər. "Report" "RMF24"ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bondar bildirib. Səfirin sözlərinə görə, mümkün müzakirə mövzuları arasında təhlükəsizlik məsələləri və Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları var.

İraqın sabiq prezidenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olacaq

İraqın sabiq Prezidenti Bərham Saleh BMT-nin yeni Qaçqınlar üzrə Ali Komissarı olacaq. Sozcu.az"Reuters"a istinadən xəbər verir ki, bu barədə BMT-nin saytında dərc edilmiş müvafiq sənəddə deyilir. Agentlik qeyd edib ki, qəbul edilən qərar bu vəzifəyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına ən çox pul ayıran ölkələrin nümayəndələrini təyin etmək ənənəsini pozur. B.Saleh bu vəzifəni 2016-cı ildən tutan italiyalı Filippo Qrandini əvəz edəcək. O, 5 il müddətinə nəzərdə tutulan vəzifəsinin icrasına 2026-cı ilin yanvarından başlayacaq. Sənədə əsasən, Bərham Salehin təyinatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, Bərham Saleh 2018-2022 illərində İraqın Prezidenti olub.

Bakıdakı icra hakimiyyətlərində bəzi şöbələr ləğv edildi

Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir. Sozcu.az Qaynarinfo-ya istinadla xəbər verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək. Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır: - Ərazi-təşkilat məsələləri sektoru - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru - İctimai-siyasi və humanitar məsələlər sektoru Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır: - Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru - Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar: - Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru - Hüquq və kadr məsələləri sektoru Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.

Ölkə ərazisində müşahidə olunan güclü yağıntıların səbəbi...

Aralıq dənizi siklonunun təsiri nəticəsində ölkə ərazisində güclü yağıntılar müşahidə olunub. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. O bildirib ki, Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış dekabrın 11-i səhərədək fasilələrlə davam edib: "Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb. Ölkənin şərq ərazilərində və Abşeron yarımadasında yağıntılar digər bölgələrlə müqayisədə daha intensiv və güclü olub. Belə ki, yarımadaya düşən yağıntının ümumi miqdarı 44 mm olub, bu da aylıq iqlim normasının 149%-ni təşkil edir". "Ümumi proses müddətində ən çox yağıntı Qobustan, Biləsuvarda 31, Şirvan və Neftçalada isə 28 mm olmaqla qeydə alınıb", - G.Abbasova vurğulayıb.

Bacısının yasından qayıdan qadın qəzada öldü – Təfərrüat

Lerikdə bacısının yasından qayıdan qadın avtomobilin dərəyə yuvarlanması nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb. A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. "İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır", - BDYPİ-nin məlumatında qeyd olunub.

Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş

Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı - Tahir Tahiri və Əvəz adlı gömrük işçiləri məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları bildirilir. DGK-nın İrana qaçan əməkdaşı Tahir Tahirinin Xalq şairi Söhrab Tahirin oğlu olduğu bildirilir. Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər. Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur. Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir.Bakupost.az)

Azərbaycanda gələn ilin bu günlərində İŞ OLMAYACAQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Sozcu.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən, 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir: 1, 2 yanvar - Yeni il bayramı; 20 Yanvar - Ümumxalq Hüzn Günü; 8 Mart - Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart - Novruz bayramı; 20, 21 mart - Ramazan bayramı; 9 May - Faşizm üzərində Qələbə günü; 27, 28 may - Qurban bayramı; 28 May - Müstəqillik Günü; 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü; 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü; 8 Noyabr - Zəfər Günü; 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü; 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, 2026-cı ildə beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir. 2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. 2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan beşi bayramqabağı, biri Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan beşi iş günü hesab edilməyən bayram günləri ilə, üçü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan üçü üst-üstə düşən) və bir Ümumxalq Hüzn Günü var. Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Qanunvericiliyə uyğun olaraq, 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının "İstehsalat təqvimləri" altbölməsində (https://sosial.gov.az/az/faydali/istehsalat-teqvimi) yerləşdirilib.

Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ olacaq? – Seysmoloq açıqladı

Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8 maqnitudalı zəlzələlər baş verib. Hər iki zəlzələ ölkəmizin seysmik aktiv zonalarında qeydə alınıb və bu, təbii haldır. Azərbaycan ərazisi, o cümlədən Xəzər dənizi, seysmik cəhətdən aktiv bölgələr hesab olunur. Belə ərazilərdə zaman-zaman 3 və daha aşağı maqnitudalı zəif zəlzələlər baş verir. Sozcu.az bildirir ki, seysmoloq Ənvər Əliyevə NOCOMMENT.az-a açıqlamasına görə, Xəzər dənizi regionun ən mürəkkəb tektonik zonalardan biridir: “3‑4, bəzən 5‑ə qədər maqnitudalı zəlzələlər tamamilə mümkündür və “hiss olunan zəlzələ” halı da arzuolunmaz deyil. Lakin mövcud geoloji şəraitə baxmayaraq, Azərbaycanda “dağıdıcı və güclü zəlzələ” ehtimalı yüksək deyil. Ölkədə hazırda baş verən kiçik təkanlar mütləq “böyük zəlzələnin siqnalı” sayılmamalıdır. Lakin, seysmik aktivlik olduğu üçün risk heç zaman sıfır deyil və vətəndaşlar, tikinti sektoru və yerli idarəetmə daima ehtiyatlı olmalıdır”.

Çeynəməyə vaxt yoxdur, uşaq qidanı udur - 5 dəqiqəlik tənəffüs sağlamlığı necə məhv edir?

“Uşaqların tələsik və sürətli şəkildə qidalanması, qidanın ağızda yetərincə çeynənməməsi qastrit və mədə-bağırsaq pozuntularına səbəb ola bilər". Bunu “Yeni Sabah”a tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. O, Gəncədə məktəblilərin dönərdən zəhərlənməsi hadisəsi əsnasında yenidən gündəmə gəlmiş şagirdləin qidalanması mövzusunda narahatlıqlara rəyini bildirib. Hazırda məktəblərdə tənəffüslərin cəmi 5 dəqiqə, böyük tənəffüsün isə 10 dəqiqə olması şagirdlərin yemək vaxtını minimuma endirir. Uşaqlar qısa müddətdə həm yemək tapmağa, həm növbəyə dayanmağa, həm də sürətlə qidalanmağa çalışırlar.  “Məncə, təhsil sahəsində beynəlxalq təcrübə mütləq nəzərə alınmalıdır, - deyə Adil Qeybulla qeyd edib. - Uşaqların dərs zamanı müəyyən fasiləyə ehtiyacı var. Bu, dərs yükünün və psixoloji gərginliyin bölünməsi üçün vacibdir. Dünyanın bir çox ölkəsində dərs prosesi tamamilə başqa cür strukturlaşdırılır. Şagirdlərin qidalanması və istirahəti üçün normal vaxt ayrılmalıdır. Bundan başqa, məktəblərimiz çox pis vəziyyətdir. Təhsil müəssisələrinin həyətində və ya onlara yaxın ərazilərdə müxtəlif kiosklar fəaliyyət göstərir. Bu kiosklarda energetik içkilər, “Fanta”, “Cola” və digər zərərli məhsullar satılır. Şagirdlər tənəffüs zamanı həmin içkiləri alıb içirlər”. Adil Qeybulla müəllimlərin bu prosesdə mühüm rol oynadığını qeyd edib: “Müəllimlər uşaqlara xəbərdarlıq etməli və onları maarifləndirməlidirlər. Çünki uşaqların diqqəti ən çox müəllimin üzərində olur və onlar müəllimin sözünə valideynlərinkindən daha artıq önəm verirlər. Ona görə də bu mövzuda müəllimlər fəal təbliğatçı rolunda çıxış etməlidirlər. Böyüməkdə olan uşaq orqanizmini hər cür neqativ təsirlərdən və pis vərdişlərdən qorumaq üçün müəyyən tədbirlər mexanizminin yaradılması vacibdir. Məsələn, relaksasiya tədbirləri təşkil etmək, qısametrajlı maarifləndirici filmlər nümayiş etdirmək və uşaqlara bu məsələləri izah etmək mümkündür”. Onun fikrincə, problem yalnız qidalanma ilə deyil, ümumi təhsil yanaşması ilə bağlıdır: “Bu, təhsil prosesinin bir hissəsidir. Təhsil prosesi odur ki, biz uşağı necə böyüdürük, onun beynini hansı məlumatlarla zənginləşdiririk, onu sosial həyata necə inteqrasiya edirik və s. Bütün bu mərhələlər düzgün və məqsədyönlü şəkildə qurulmalıdır. Mən düşünürəm ki, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etsək, daha uğurlu nəticələr əldə edə bilərik. Əlbəttə, bəzi sahələrdə formal olaraq islahatlar aparılsa da, təəssüf ki, yanaşmamız hələ də köhnə düşüncə tərzində qalır”. Professor, həmçinin tələsik yeməyin şagirdlərdə mədə-bağırsaq problemlərinə gətirib çıxara biləcəyini qeyd edib: “Uşaqların tələsik və sürətli şəkildə qidalanması, qidanın ağızda yetərincə çeynənməməsi qastrit və mədə-bağırsaq pozuntularına səbəb ola bilər. Uşaqlar qida qəbul edərkən tamamilə rahat və sakit olmalıdırlar. Bu isə vaxt tələb edir və həmin vaxt da yetərincə adekvat şəkildə ayrılmalıdır”.

Azərbaycanda general oğlu həbs edildi

Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib. Sozcu.az Gununsesi.info-ya istinadən xəbər verir ki, gömrük orqanlarından verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Bildirilir ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.

Xəzərdə Rusiyanın neft platforması vuruldu

Ukrayna Təhlükəsizlik Xidməti “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski adına neft hasilatı platformasına PUA-larla zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası mənbələrə istinadən məlumat yayıb. “Bu, Ukraynanın Xəzər dənizində neft hasilatı ilə bağlı Rusiya infrastrukturuna ilk zərbəsidir. Dəniz platformasında ən azı dörd zərbə qeydə alınıb. Hücum nəticəsində xidmət göstərən 20-dən çox quyudan neft və qaz hasilatı dayandırılıb. Bu yataq Xəzər dənizinin Rusiya sektorunda ən böyük kəşfiyyat olunmuş yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz təşkil edir. Çıxarılan məhsullar Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixrac edilir”, - mənbə bildirib.

Rusiyaya hücum: Zavodlar vuruldu, uçuşlar təxirə salındı

Ötən gecə Ukrayna PUA-ları Rusiyanın Velikiy Novqorod şəhərindəki “Arkon” kimya zavoduna, Smolensk şəhərindəki digər bir zavoda və istilik elektrik stansiyaları kimi çoxsaylı obyektlərə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Moskva bölgəsi də gecəni kütləvi hücum altında keçirib: “Yüzlərlə dron vurulub. Paytaxtdakı bütün hava limanları fəaliyyətini dayandırıb. 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib”. Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi bu gecə ölkə ərazisində 287 PUA vurulduğunu bildirmişdi.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 70-75% təşkil edəcək. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Bakıda məşhur bazar sökülür

Babək prospektində fəaliyyət göstərən və "Təkər aləmi" kimi tanınan bazarda söküntü işlərinə başlanılıb. Sozcu.az xəbər verir ki, uzun illərdir çalışan təxminən 100-ə yaxın sahibkar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb. Sahibkarlara ərazini boşaltmaları üçün aprelin 30-na qədər vaxt verilib. Məlumata görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Tikinti başa çatdıqdan sonra sahibkarların yenidən əvvəlki yerlərinə qayıda biləcəyi qeyd olunub. Ərazi özəl mülkiyyətdədir. (Mənbə: milli.az)

“Həzi Aslanov-2” stansiyasının tikintisi nə vaxt başa çatacaq?

Bakı Metropoliteninin “Həzi Aslanov-2” stansiyasının tikintisi ilə bağlı rəsmi açıqlama verilib. Sozcu.az-ın məlumatına görə, Bakı Metropolitenindən bildirilib ki, stansiyanın tikintisinin 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən 2030-cu ildə tamamlanması planlaşdırılır.  Qeyd edək ki, tikinti işləri 2011-ci ildən aparılır və daha sonra proses dayandılıb. Xatırladaq ki, 2030-cu ilə qədər 10 yeni metro stansiyasının tikintisi nəzərdə tutulub.

Rusiyadakı azərbaycanlıların nəzərinə! - YENİ QADAĞA

Sankt-Peterburq şəhərində miqrantların taksi sürücüsü və kuryer kimi işə götürülməsinə qoyulan məhdudiyyətlər 2026-cı ilə sonuna qədər uzadılacaq. Sozcu.az xəbər verir ki, bunu Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov deyib. "Biz müvafiq qadağaları 2026-cı ilin sonuna qədər uzatmağı məqbul hesab etdik - həm taksi, həm də kuryer işi üçün. Xarici mütəxəssislərə, şübhəsiz ki, tələbat var, ancaq iqtisadiyyatın onlara ehtiyac olduğu sektorlarda", - deyə Beqlov bildirib.

Tiflis Bakıya yox deməyib, ancaq elə qiymət təyin edib ki...

İvanişvili rejimi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olur. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb. “Fakt budur ki, Azərbaycan Ermənistana müntəzəm olaraq neft məhsulları tədarükü ilə bağlı tarixi qərar qəbul edib, bu, indiki mərhələdə yalnız Gürcüstan dəmir yolları vasitəsilə mümkündür”, - o bildirib. Saakaşvilinin sözlərinə görə, Gürcüstan hakimiyyəti o qədər yüksək tarif təyin edib ki, birbaşa “yox” demək daha yaxşı olardı: “"İvanişvili bilməyə bilməz ki, heç kim belə tarifi ödəyə bilməz, ona görə də burada məqsəd Ermənistanla Azərbaycan arasında yaxınlıq siyasətini əngəlləməkdir. Bilmirəm, Trampın diqqətini çəkmək istəyirlər, yoxsa sadəcə Moskvanın göstərişlərini yerinə yetirirlər. Eyni zamanda, Azərbaycan sərhədindən gələn bütün yük maşınlarının da Tiflis keçid məntəqəsindən keçməsinə icazə verilir. Onların hər birindən 1000 dollara qədər pul istəyirlər ki, bu da onların ödəyə bilməyəcəkləri məbləğdir”.

Avropa liderləri Trampla danışdı: Ukrayna müzakirəsi...

Bu gün Fransa, Böyük Britaniya və Almaniya liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. Onun sözlərinə görə, telefon danışığı 40 dəqiqə davam edib və Ukrayna məsələsi müzakirə edilib.

"İxtilafları kənara qoyub, sülhə doğru irəliləmək qərarı verilib" - Hikmət Hacıyev

"Azərbaycan və Ermənistan rəhbərlikləri ixtilafları kənara qoyub, sülhə doğru irəliləmək qərarı veriblər." Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a müsahibəsində deyib. O bildirib ki, Ermənistanla sülh prosesi qlobal münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsidir. Hikmət Hacıyev “iki ölkə arasında münaqişə fəslinin başa çatdığını” vurğulayıb.