Bu ərazidə sülhməramlıların post qurması qanunsuzdur – “Ermənilərin əsl məqsədi…”

“Azərbaycan Qarabağda və Ermənistandan ermənilərin Kəlbəcərdəki “David Vəng” kilsəsinə gəlib ayin keçirməsinə icazə verir. Rusiya sülhməramlı qüvvələrinin Kəlbəcərdə Azərbaycanın nəzarətində olan ərazidə postu götürülməlidir. Bu, ermənilərə xidmət edir. Sülhməramlı qüvvələrinin burada post qurması qanunsuzdur.

Hazırda Rusiya “sülhməramlı qüvvələri” erməniləri müşayiət etməklə, birtərəfli olaraq öz missiyalarından kənar addımlar atır. Azərbaycan ümumiyyətlə Ermənistan vətəndaşlarına Kəlbəcərdə, Xocavənddə nəzarətimizdə olan Alban kilsələrinə girişinə icazə verməməlidir”.

Sozcu.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq ermənilərin kilsələrə səfərlərində məqsədin başqa olduğunu qeyd edib:

“Ermənistan və Qarabağdakı ermənilər Şuşadakı kilsəyə gəlmək üçün Rusiya sülhməramlı qüvvələrinə müraciət edib. Oradakı sülhməramlı komandanlıq Azərbaycan tərəfi ilə bu barədə danışıqlar aparıb. Təbii ki, Azərbaycan Şuşadakı “Qazançı” kilsəsinə ermənilərin girişinə icazə verməyib.

Ermənilərin Kəlbəcər, Laçın və Şuşadakı kilsələrə səfərlər təşkil etməkdə məqsədi bu yerlərin “ermənilərə aid olduğunu” və “Azərbaycan tərəfindən qəsb edildiyini” göstərməkdir. Onların əsas planı budur. Onda belə çıxır ki, “Sülhməramlılar” Şəkidə, Gədəbəydə qədim Alban kilsələrinə ermənilərin səfərlərini təşkil etməlidir?! Ona görə də sülhməramlı qüvvələrə “Bir daha ermənilərin bu kimi tələbləri ilə Azərbaycana müraciət edilməməlidir” tapşırığı verilməlidir”.

“Azərbaycan qəti bəyan etməlidir ki, Qarabağdakı qədim Alban kilsələrinin ermənilərə aidiyyatı yoxdur və onların gəlişinə icazə verilməyəcək. Kəlbəcər, Laçın və Xocavənddə nəzarətimizdə olan kilsələrə ermənilərin gəlişinə icazə versək, bu, əleyhimizə işləyəcək.

Bu, ermənilərin növbəti avantüriyasıdır və bunun dini ayinlə heç bir əlaqəsi yoxdur. Rusiya sülhməramlı qüvvələridə ermənilerin bu avantürist siyasətinə ortaqdır. Məhz prezident İlham Əliyev Xocavənddə Alban kilsəsinin üzərindən qondarma erməni hərflərinin silinməsini tələb etməsi, ermənilərin bu məkrli planına qarşı sarsıdıcı zərbəsidir”, -deyə politoloq bildirib.

Facebook Comments