Təbriz və Ərdəbildə iki məhbus asılıb

Bu yaxınlarda Təbriz və Ərdəbil şəhərlərində iki məhbusun edam hökmü icra edilib.

Hüquq müdafiəçiləri martın 23-də bu barədə məlumat yayıb.

“Amerikanın Səsi” İran İnsan Haqları Təşkilatına (İran HR) istinadən, 35 yaşında olan Hüseyn Əkçinnin 6 il həbsdən sonra Ərdəbil həbsxanasında asılmaqla edam olunduğunu bildirib.

“Əkçin qətl ittihamı ilə qisasa məhkum edilmişdi. O, Meşginşəhr (Xiyav) həbsxanasında saxlanılırdı və bir müddət əvvəl edam hökmünün həyata keçirilməsi üçün Ərdəbil həbsxanasına köçürüldü,” İran HR saytında dərc edilib.

Təbriz həbsxanasında isə Asif Tağınejad adlı məhbusun edam cəzası icra olunub.

Əslən Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlikkəndi) şəhərindən olan Tağınejad 28 ay əvvəl qətl ittihamı ilə mühakimə edilmişdi.

Hüquq müdafiəçilərinin öncə yaydığı hesabata əsasən, 2019-cu ildə İranda edam olunmuş 280 məhkumdan 225-i qətl ittihamı ilə mühakimə edilmişdi.

Qeyd edək ki, İranda icra olunan edamların çox faizi haqqında məlumat verilmir. İnsan haqları təşkilatları rəsmi şəkildə bildirilməmiş bu sayaq edamlara “gizli edam“ adı veriblər.

Facebook Comments