“Arazı ayırdılar”, “Qarabağ bizimdir, bizim olacaq”-Güneydə türkçə təqvimlər paylandı

​​​​​​​Zənganda (Zəncan) Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş türkcə təqvim buraxılıb

Milli mədəni fəalların verdiyi məlumata görə, 2 min sayda çap edilən türkcə təqvim Güney Azərbaycanın müxtəlif şəhərlərində paylanılıb.

Təqvim Qarabağın işğaldan azad olunması uğrunda aparılan 44 günlük vətən müharibəsində həyatlarını itirən şəhidlərin xatirəsinə ithaf olunub.
Qarabağın, Mübariz İbrahimovun, Xudafərin körpüsünün, Heydər Əliyev Mərkəzinin şəkilləri ilə bəzədilən təqvimin üzərində “Qarabağ bizimdir bizim qalacaq”, “Şəhidlər ölməz vətən bölünməz”, “Aydın gələcək bizimdir” və “Arazı ayırdılar…” sözləri yazılıb.

Qeyd edək ki, İran rejimi milli məzmunlu nəşrlərin yayılmasına mane olmağa çalışır. Son ay ərzində Güney Azərbaycan şəhərlərində fəaliyyət göstərən nəşriyyat və kompüter xidməti mərkəzlərinə türkcə təqvim və posterlərin çap edilməməsi ilə bağlı sərəncamlar göndərilmişdi.

Məsələn, martın 9-da Mərənd şəhərində “Fotoqrafçılar, Kompüter və Çap Xidmətləri Birliyi” türk dilində təqvim və təbrik posterlərinin çapına qadağa qoymuşdu.

Lakin bu məsələ azərbaycanlıların böyük etirazına səbəb olub. Ölkə daxilində və xaricdə azərbaycanlı sosial şəbəkə istifadəçiləri qısa müddətdə çoxsaylı yazılar və mesajlarla bu qadağaya etirazlarını bildiriblər.

Etirazların genişlənməsi, yerli və xarici medianın dəstəyi hakimiyyət orqanlarını türkcə posterlərə qadağa qərarını dəyişməyə vadar edib.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami Maarif Təşkilatının Baş direktoru Seyid Qasım Nazimi və Mərənd şəhərinin “Fotoqrafçılar, Kompüter və Çap Xidmətləri Birliyi” çap, fotoqraf və kompüter xidmətləri mərkəzlərinə mesaj göndərək qərarın dəyişdiyini bildiriblər.

Facebook Comments