Meyitdən ürək köçürülən gəncdən yeni xəbər var

Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev evə buraxılıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü gənc pasiyentin səhhəti normallaşdığından o, Mərkəzi Klinikadan köçürülüb. Hazırda onun müalicəsi xüsusi həkim briqadasının nəzarəti altında davam etdirilir. Xatırladaq ki, oktyabrın 23-də gecə saat 3 radələrində 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev Mərkəzi Klinikada əməliyyat olunub. Ona meyitdən donor ürək köçürülüb. Əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin dəstəyi ilə həyata keçirilib. Əməliyyat Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevin başçılıq etdiyi həkim briqadası tərəfindən reallaşdırılıb.

Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaratmışdı - Əvəz Zeynallıdan sensasion iddia - VİDEO

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ilə bağlı şok məlumatlar açıqlayıb. O, Mehdiyev hakimiyyətdə olduğu dönəmdə Q.Mehdiyevanın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi“Hayastan” adlı təşkilatın yaradıldığını iddia edib: "Qalina Mehdiyeva və Əli Həsənovun həyat yoldaşı Badamdarda tikdirdikləri villada ustaların yanında ermənicə danışırdılar. Mən bu barədə "Xural"da manşet vermişəm. Ustaların biri ağlaya-ağlaya "Xural"a gəlib dedi ki, Əvəz müəllim, biz hara gedirik? Bunun axırı nə olacaq? Mən o zaman yazdım, üstünə getdim. Məlum oldu ki, Qalina xanımın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi bir “Hayastan” təşkilatı var". Ə.Zeynallı “Hayastan” təşkilatının Bakıda adını dəyişmiş ermənilərin müxtəlif vəzifələrə yerləşdirilməsi işi ilə məşğul olduğunu da bildirib: "Bəlkə qulaqlara bir az dəhşətli gələ bilər, amma mən bunu "Xural" qəzetində yazmışam. Öz aralarında ermənicə danışıblar, “Hayastan” təşkilatı qurublar. Həmin təşkilatın üzvlərindən biri də adını dəyişmiş erməni İrina Danyelyan idi, o, məni məhkəməyə vermişdi. Məhkəmə də 24 apreldə - saxta erməni soyqırımı günü idi. O zaman sağ olsun, mənə informasiya dəstəyi verən zərərçəkən oğlan Arzu (bilmirəm, onun aqibəti necə oldu) o sənədin əslini çıxartdırıb mənə gətirmişdi. Biz o qadına sübut etdik ki, sən İradə Hüseynova yox, İrina Danyelyansan. O qız məhkəmədən başını götürüb getdi ki, siz bunu haradan bilirsiniz?".

Sabiq deputatın oğlu qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi — AÇIQLAMA

Ana Vətən Partiyasının növbədənkənar Qurultayının nəticəsi və sədr seçilməsi ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib. Sozcu.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə partiya sədri postuna namizəd Elçin Ağamalı özü bildirib. O deyib ki, Ana Vətən Partiyasının növbədənkənar Qurultayının protokolu, digər sənədləri və videoçəkilişlər bu gün Ədliyyə Nazirliyinə təqdim edilib: “Azərbaycan ədliyyəsinin ədalətli qərarına güvənir və məsələyə obyektiv qiymət veriləcəyinə inanırıq”. Eoçin Ağamalı qeyd edib ki, nazirliyə müraciəti barədə atası Fəzail Ağamalı ilə danışığı olmayıb: “Fəzail Ağamalıya ayrıca məlumat verməmişəm, amma mətbuatdan bilirdi ki, sənədləri təqdim edəcəyik”. Bacısı, deputat Günay Ağamalının prosesə maneə törədə biləcəyi ehtimalı barədə isə Elçin Ağamalı bunları deyib: “Gələcək addımlarla bağlı bir şey demək istəmirəm, Ədliyyə Nazirliyinin qərarının gözləyəcəyik. Prosesləri qabaqlamaq istəməzdim. Qərardan sonra digər addımları düşünəcəyik”. Növbəti parlament seçkilərində namizəd olub-olmayacağı barədə suala Elçin Ağamalı belə cavab verib: "Hələ parlament seçkilərinə 4 il var. Onunla bağlı nəsə demək olduqca çətindir. Seçkilər öncəsi bu barədə qərar vermək olar. Hələ vaxt var, indidən nəsə desəm, qeyri-ciddi olar".

Azərbaycanda Aİ-95 benzini istehsal olunmayacaq

Gələn il Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı planlaşdırılmır. Sozcu.az xəbər verir ki, bu, 2026-cı il üçün dövlət büdcəsi zərfində əksini tapıb. Sənədə əsasən, 2026-cı ildə aksizlər üzrə daxilolmalar 1 milyard 584 milyon manat səviyyəsində nəzərdə tutulur. Bu məbləğin 49.2%-i və ya 779 milyon manatı neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektorundan daxilolmalar 2025-ci ilin proqnozu ilə müqayisədə 196.7 milyon manat və ya 20.2% azdır. Sənədə əsasən, növbəti ildə ölkədə istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı benzinin istehsalı nəzərdə tutulmur. Bununla yanaşı, Aİ-92 markalı avtomobil benzininin istehlakında 239.9 min ton və ya 14.7%, dizel yanacağında isə 298.5 min ton və ya 13.7% azalma proqnozlaşdırılır. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 67.54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.1% artım deməkdir. Eyni dövrdə ölkədə cəmi 13.8 min ton Aİ-95 markalı benzin istehsal edilib ki, bu da ötən ilin göstəricisindən 45% azdır.

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana cavab səfəri edəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O qeyd edib ki, bu il oktyabrın 21-22-də ilk dəfə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri İrəvana səfər ediblər: "Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin də yaxın vaxtlarda Azərbaycana cavab səfəri gözlənilir”.

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

Pokrovskın işğal olunması qaçılmazdır. Hazırda şəhərdə ağır döyüşlər gedir, Rusiyada hərbi texnikanın kəskin defisiti fonunda döyüşlərdə əsasən piyadalardan istifadə olunur və bu səbəbdən də Pokrovsk uğrunda gedən döyüşlərdə Rusiyanın ağlasığmaz itkiləri oldu: 120 min nəfər! Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib. “Nə Tramp, nə də Ukraynanın ən yaxın müttəfiqləri olan Baltik və Şimali Avropa ölkələri Ukraynanın lokal ərazi itkiləri barədə şərh vermirlər. Onlar prosesə qlobal miqyasda baxırlar. Və qlobal mənzərə belə görünür ki: - Rusiya üçün 3 günə bitirəcəyini düşündüyü müharibə 4 illik bataqlığa çevrildi; - NATO vahid təhdid qarşısında diriliş dövrünü yaşayır və Avropa sürətlə silahlanır; - Rusiyanın iqtisadiyyatı zərbə altındadır və o, qlobal bazarları itirir. Xüsusən də bu proses ABŞ və AB tərəfindən Trampın hakimiyyətə gəlməsindən bəri ilk dəfə birgə tətbiq olunan yeni sanksiyalardan sonra daha da güclənib və sürətlənib. Cəbhə məsələsinə gəlincə: Tramp Donbas dilemmasını həll edə bilmir, Rusiya onu "dondurma"dan əvvəl tam ələ keçirmək istəyir, Ukrayna isə döyüşsüz Donbası təslim etmək istəmir. Buna görə də Tramp dünən yeni müddət elan etdi: daha 2 ay. Tramp ümid edir ki, Rusiya: a) Bir az da ərazi baxımından "arzularını" təmin edəcək; b) Daha çox zəifləyəcək, çünki sanksiyalar tətbiq olunur və Ukraynaya silah tədarükü davam edir. Təbii ki, bu templə Rusiya iki ayda Kramatorska qədər irəliləyə bilməz və nəticədə Tramp yenidən hansısa "yeni plan" düşünməyə məcbur qalacaq. Öz-özünə bu məsələ həll olunmayacaq, amma bu müharibə günü-gündən Rusiyanı daha ağır hərbi-iqtisadi duruma salır və çıxış yolu görünmür”, - o bildirib.

Həbs edilən icra başçıları şərik çıxdı

Cümə axşamı DTX tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də həbs edilən Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin biznes əlaqələri üzə çıxıb. Sozcu.az Metbuat.az-a istinadla xəbər verir ki, İslam Rzayev Balakənə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub. İki rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər. Məlumatlara görə, bu görüşlərin nəticəsi olaraq ortaya böyük fermer təsərrüfatı çıxıb. İslam Rzayevlə Musa Şəkiliyevin bir neçə qoyun sürüsünə sahib olduğu bildirilir. Şərikli təsərrüfatda 15 min başdan çox xırdabuynuzlu heyvanın olduğu deyilir. Məlumatlarda o da qeyd edilir ki, icra başçılarına məxsus sürülər yaz-yay aylarında Qaxda, payız-qış mövsümündə isə Balakəndə bəslənilir. Təsərrüfat sahibləri Balakəndən qışlaq, Qaxdan yaylaq kimi istifadə edirlər.

Bakıya leysan yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib. Qeyd olunub ki, Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Mehdiyevə görə həbs edilən AMEA işçisi, görün, kimdir?

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti, hazırda dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmək ittihamı barəsində ev həbsi seçilən Ramiz Mehdiyevin AMEA-da köməkçisi olan Eldar Qurban oğlu Əmirovun həbs edildiyi barədə media məlumat yayıb. Sozcu.az xəbər verir ki, bu, E.Əmirovun həbsi haqda ilk məlumat deyil. Hələ 14 fevral 2022-ci ildə - Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən çıxarılan gün onun saxlanıldığı xəbəri yayılmışdı. Bildirilirdi ki, AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub. Bəs, bu Eldar Əmirov kimdir ki, vaxtaşırı gündəmə gəlir? Məlumata görə, 40 yaşlı Eldar Əmirov Ramiz Mehdiyevin baldızı oğludur. E.Əmirov Ramiz Mehdiyevin AMEA-dakı “sağ əli” olduğu iddia edilir, faktiki olaraq AMEA-da Mehdiyevin iradəsinin ifadəçisi rolunu oynayıb.

"Çelsi"nin Bakıda nə açıq məşqi, nə də mətbuat konfransı olacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü  turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin yaydığı məlumatda bildirilib. Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Məlumatda o da qeyd edilib ki, qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə İngiltərədə keçiriləcək. Xatırladaq ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

İranda iki hökumət məmuru öldürüldü

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr və Xaş bölgələrində SEPAH və ona bağlı “Bəsic” üzvlərinə silahlı hücum olub. Sozcu.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Məhəmməd Siyahanı və İsmayıl Şahuzehi həlak olub, bir “Bəsic” üzvü isə yaralanıb. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Rəsmi dövlət mediası silahlı hücumun “düşmən və müxalif qruplar” tərəfindən edildiyini yazıb.

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, səfər Zəfər Günü münasibətilə həyata keçiriləcək.

14 yaşlı qızın ölümü: iki həkimə hökm oxundu

Yevlaxda 14 yaşlı qızın cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işində təqsirləndirilən “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkim-travmatoloq-ortopedi Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloqu Könül Sadıqovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Yevlax rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Bəxtiyar Mustafayevə və Könül Sadıqovaya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Qeyd edək ki, Yevlax rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Ramiz Mehdiyev kimi 2000 AZN rütbə maaşı alan akademiklərin SİYAHISI

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, 87 yaşlı akademik Ramiz Mehdiyev 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Ölkə başçısnın sərəncamına əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat təşkil edir. Yəni Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat alır. Bəs AMEA-nın digər həqiqi üzvləri kimlərdi? Modern.az saytı AMEA-nın həqiqi üzvləri olan digər akademiklərin adlarını təqdim edir: Abbasov Əli Məmməd oğlu Abbasov Vaqif Məhərrəm oğlu Abdinov Cavad Şahvələd oğlu Abdullayev Kamal Mehdi oğlu Axundova Nərgiz Çingiz qızı Babayev Məhərrəm Pirverdi oğlu Babazadə Vasif Məmməd Ağa oğlu Baxşəliyeva Gövhər Baxşəli qızı Cəfərov Nizami Qulu oğlu Cəfərov Təyyar Cümşüd oğlu Eldarov Ömər Həsən oğlu Ələkbərov Urxan Kazım oğlu Əliquliyev Rasim Məhəmməd oğlu Əliyev Ağadadaş Mahmud oğlu Əliyev Cəmil Əziz oğlu Əliyev Fikrət Əhmədəli oğlu Əliyev Fuad Yusif oğlu Əliyev Seyfəddin Vəli oğlu Əliyev Telman Abbas oğlu Əlizadə Akif Ağa Mehdi oğlu Əlizadə Validə Mövsüm qızı Əmiraslanov Əhliman Tapdıq oğlu Feyzullayev Əkpər Əkbər oğlu Fərzəliyev Vaqif Məcid oğlu Hacıyev Asəf Hacı oğlu Hacıyev İsmayıl Muxtar oğlu Həbibbəyli İsa Əkbər oğlu Həşimov Arif Məmməd oğlu Hüseynov Rafael Baba oğlu Hüseynova İradə Məmməd qızı İmanov Muxtar Kazım oğlu Kərimli Teymur Həşim oğlu Mahmudov Yaqub Mikayıl oğlu Mehdiyev Məhəmməd Fərman oğlu Mehdiyev Ramiz Ənvər oğlu Məcidov Əjdər Əkbər oğlu Məhərrəmov Abel Məmmədəli oğlu Məmmədov Nazim Timur oğlu Məmmədov Pərviz Ziya oğlu Məmmədov Qərib Şamil oğlu Məmmədov Yusif Əbülfət oğlu Mustafayev Şahin Məcid oğlu Nağısoylu Möhsün Zellabdin oğlu Nağıyev Tofiq Murtuza oğlu Paşayev Arif Mir-Cəlal oğlu Paşayeva Nərgiz Arif qızı Qədirov Fəxrəddin Əbülfət oğlu Qəribov Adil Abdulxalıq oğlu Quliyev İbrahim Said oğlu Rizayev Ramiz Həsən Qulu oğlu Salmanov Məmməd Əhəd oğlu Səfərova Zemfira Yusif qızı Səmədzadə Ziyad Əliabbas oğlu Tağıyev Dilqəm Bəbir oğlu Talıbov Tariyel Hüseynəli oğlu Vəlixanlı Nailə Məmmədəli qızı

Azərbaycanda icra başçılarına qadağa qoyuldu

Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin oktyabrın 30-da DTX tərəfindən saxlanılmasından sonra rayon rəhbərlərinin başının üstünü alan "qara buludlar" bir qədər də sıxlaşıb. İcra başçıları ilə bağlı əməliyyatların davam edəcəyi və yeni həbslərin olacağına dair iddiaların ardı-arası kəsilmir. Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradovun və daha bir neçə vəzifəli şəxsin noyabrın 1-də saxlanılmasından sonra bu ehtimallar bir qədər də qüvvətlənib. Metbuat.az-ın əldə etdiyi məlumata görə, dünəndən etibarən kənd rayonlarına rəhbərlik edən məmurlara bir sıra məhdudiyyətlər tətbiq edilib. Onların çalışdıqları rayonları icazəsiz tərk etməsi qadağan olunub. Xatırladaq ki, kənd rayonlarına rəhbərlik edən icra başçılarının əksəriyyəti Bakıda yaşayır. Onlar həftənin cümə günü paytaxta gəlir və birinci gün işlərinin başına dönürlər. Dünəndən etibarən onlara ciddi zərurət olmadığı halda işlədikləri rayonları tərk etməmək tapşırılıb. Bu isə o deməkdir ki, hüquq-mühafizə orqanları fəaliyyətində ciddi qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rüşvət və korrupsiya ilə məşğul olan məmurların qapısını həftənin bütün günləri döyə bilər.

AQTA-da təşviş başladı: Təhməzli geri addım atdı

Azərbaycanda fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi məntəqələrində aparılan yoxlamalar müvəqqəti dayandırılıb. Sozcu.az xəbər verir ki, Globalinfo.az bu barədə ət satışı və heyvan kəsimi məntəqələrinin sahiblərindən məlumat əldə edib. Onlar bildiriblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli tərəfindən bununla bağlı tapşırıq verilib. Müvafiq tapşırığın verilməsinə səbəb həyata keçirilən yoxlamaların ciddi ictimai narazılıq yaratması, AQTA-nın rüşvətdə ittiham olunması və digər bu kimi amillərdir. Qeyd edək ki, dabaq xəstəliyinin geniş yayılması ilə bağlı AQTA tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarları ilə yanaşı, fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi yerlərində də plandankənar yoxlamalar keçirilirdi. Belə yoxlamalar zamanı ötən həftə qurumun əməkdaşları ilə qəssablar arasında ciddi qarşıdurma yaranıb və sosial şəbəkələrdə bu hal geniş müzakirə edilib. Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanlanıb.

İH-də əməliyyat: İttiham elan edildi - Rəsmi

Qaradağ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb. İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ramiz Mehdiyevin köməkçisi həbs olundu

AMEA katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışan Eldar Əmirov həbs olunub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, yerli vaxtla saat 18.46-da qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.

Tramp: Çin Tayvana hücum etsə...

ABŞ Prezidenti Donald Tramp Tayvanla Çin arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Tayvanı müdafiə etmək üçün Amerika hərbi qüvvələrindən istifadənin mümkünlüyü ilə bağlı suala cavab verməyəcəyini bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə "CBS Nyus"a müsahibəsində deyib. Trampa Çinin sədri Szinpinlə görüşündə bu məsələnin müzakirə olunub-olunmaması və Tayvan boğazında münaqişə baş verəcəyi təqdirdə ABŞ hərbçilərinə Tayvanı müdafiə etməyi əmr edib-etməyəcəyi ilə bağlı sual verilib. "Əgər baş verərsə, biləcəksiniz. Və bu sualın cavabını Szinpin də anlayır", - deyə Ağ Ev rəhbəri bildirib. Tramp qeyd edib ki, Çin lideri ilə danışıqları zamanı Tayvan məsələsi gündəmə gətirilməyib: "Gündəmə gətirmədi. İnsanlar buna bir az təəccübləndilər. Bunu başa düşdüyü üçün heç vaxt gündəmə gətirməyib".

ABŞ-da nüvə sınağı açıqlaması: Nüvə partlayışı deyil...

ABŞ nüvə silahı sınaqlarının bir hissəsi olaraq nüvə zəncirvari reaksiya yaratmayan subkritik partlayışlar həyata keçirmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt deyib. "Bəhs etdiyimiz sınaqlar sistem sınaqlarıdır. Bunlar nüvə partlayışları deyil, əksinə, nüvə silahının bütün digər hissələrinin düzgün həndəsə yaratdıqlarından və nüvə partlayışına səbəb ola biləcəyindən əmin olmaq üçün sınaqdan keçirildiyi subkritik partlayışlar adlanır", - deyə o, “Foks Nyus”a verdiyi müsahibədə bildirib. Qeyd edək ki, oktyabrın 29-da ABŞ Prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını açıqlamışdı.

Fransada qızıl emal zavoduna silahlı hücum edildi

Fransanın Lion şəhərində yerləşən “Pourquery Laboratory” şirkətinə məxsus qızıl emalı zavoduna silahlı hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb. “Qarətçilər zavoda partlayıcı maddələr və silahlardan istifadə edərək girib. Həmin vaxt hadisə yerində 28 işçi olub, onlardan beşi yaralanıb. Oğurlanan qızılların dəyəri 12 milyon avrodur”, - məlumatda bildirilir. Məlumata görə, soyğunçuların hamısı saxlanılıb.

Belçikada hərbi baza üzərində dron aşkarlandı

Belçika polisi ölkənin şimal-şərqində yerləşən Kleine Brogel hərbi hava bazasının üzərində dron müşahidə edilməsi ilə bağlı istintaqa başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə müdafiə naziri Teo Franken məlumat yayıb. “Bu, son həftələrdə Belçika hərbi obyektləri üzərində qeydə alınan bir neçə oxşar hadisədən biridir. Bu, sadəcə təsadüfi uçuş deyildi, Kleine Brogel bazasına yönəlmiş məqsədli əməliyyat idi”, - nazir bildirib. Qeyd edək ki, qanunvericiliyə əsasən, Belçikada hərbi obyektlər üzərində dron uçurmaq qadağandır.

SOCAR Türkiyədə rus neftindən imtina edir

ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın Rusiyanın enerji sektorunu hədəf alan son sanksiyalarından sonra Türkiyənin ən böyük neft emalı zavodları daha çox qeyri-rus nefti almağa başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Agentliyin məlumatına görə, SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu bu yaxınlarda İraq, Qazaxıstan və digər istehsalçılardan dörd partiya xam neft alıb. “Söhbət gündə 77 min – 129 min barrel arasında qeyri-rus neftindən gedir. Bu o deməkdir ki, SOCAR öz əməliyyatlarında Rusiya neftinin payını azaldacaq, halbuki sentyabr və oktyabr aylarında şirkət demək olar ki, tamamilə Rusiyanın “Urals” markalı xam neftindən - təxminən gündə 210.000 barreldən asılı idi”, - məlumatda qeyd olunub. Bildirilib ki, yeni alınan yüklərdən biri də “Urals” neftinə oxşayan, amma sanksiyalara məruz qalmayan Qazaxıstanın KEVSO neftidir. Əvvəllər SOCAR bu markadan ildə yalnız bir partiya idxal edirdi. Türkiyənin digər böyük neft emalı zavodu olan “Tupras” da İraq xam neftinin alışını artırıb. Şirkət AB-yə yanacaq ixrac etmək qabiliyyətini qorumaq üçün neft emalı zavodlarından birində Rusiya xam neftinin idxalını tamamilə dayandırmağı düşünür: “Bu il “Tupras” artıq tədarük coğrafiyasını genişləndirib, ilk neft partiyasını Braziliyadan alıb və daha bir neft partiyasını Anqoladan almağı planlaşdırır”. “Kpler “analitik şirkətinin məlumatlarına görə, Türkiyə noyabr ayında gündə təxminən 141 min barrel İraq nefti almağı planlaşdırır ki, bu da oktyabr ayı ilə müqayisədə (99 min barrel) çoxdur.