İnfeksionist: “Vaksindən sonra koronavirusa yoluxma halı normaldır”

Tibb işçilərinin vaksinasiyası başa çatıb, artıq yaş qruplarına görə vaksinasiya davam etdirilir. Gün keçdikcə peyvənd vurduranların sayı artmaqdadır. Vaksin iki dozadan ibarətdir, 28-ci gündən sonra ikinci doza vurulur. Baxmayaraq ki, peyvəndləmə aparılır, insanlar qorunma tədbirlərinə əməl etməlidirlər. Çünki bəzi insanlar peyvənddən sonra qaydalara qarşı etinasız davranırlar, bu da yoluxmaların sayında artıma səbəb olur.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər şöbəsinin müdiri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, əgər bu günlərdə rəqəmlərə etinasız yanaşsaq, yenidən eyni problemlərlə qarşılacağıq: “Mən hər iki doz peyvəndi vurdurmuşam və heç bir narahatlığım yoxdur.Vaksindən sonra koronavirusa yoluxma halı normaldır. Nəzərə alaq ki, virusun iki həftə müddətində inkubasiya dövrü var. Ola bilər, şəxs virusa yoluxduğu müddətdə vaksin vurdurub.

Eyni zamanda, vaksin hər iki doz vurulduqdan sonra qoruma yaradır. Lakin araşdırmalar göstərir ki, hər iki doz vaksin vurulsa belə, 90 faiz qoruyuculuğu var. COVID-lə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi tövsiyələr əsasında hərəkət edirik. Əgər vaksinlərin yan təsirinin elmi sübutu olsaydı, ÜST tövsiyə etməzdi”.

Vasif Əliyevin sözlərinə görə, COVID-19 virusunun yayılması hava şəraiti ilə əlaqəli deyil: “Virusu daşıyanlar xəstə şəxslərdir. İnsanların bir-biri ilə təması çox önəmlidir. Virusun artması bizim bu tədbirlərə nə qədər ciddi yanaşmamızdan asılıdır. Bilirik ki, hər zaman yumşalma tədbirlərindən sonra təmaslar artır və bu səbəbdən yoluxma hallarının çoxalması mümkündür. Burada vacib olan qorunma qaydalarına düzgün riayət etməyimizdir.

Nə qədər qısa zaman ərzində peyvənd vurulsa, virusun ötürülmə zənciri o qədər tez qırılacaq. Mən insanların fərdi məsuliyyətinə arxalanmaq istəyirəm. İnsanlarda virusla bağlı məlumatlar ötən illə müqayisədə xeyli dəyişilib. Hər kəs virusla ehtiyyatlı davranır, lakin daha diqqətli olmalıyıq. Nəzərə alaq ki, məhdudiyyətlər davamlı deyil. Vacib olan qorunma tədbirlərinə əməl etməkdir.

Ümumiyyətlə, bu tədbirlər sadəcə COVID-lə deyil, bütün respirator viruslarla mübarizədə keçərlidir. Son bir ildə dəyişməyən yeganə tədbir bunlardır”.Teleqraf.com

Facebook Comments