“Polad Həşimov şəhid olanda sonra o, hərbiyə qayıtmağa qəti qərar verdi…” – Şəhid atası…

Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı hərbçi Ağaşov Famil Vüqar oğludur. Qeyd edək ki, biz Moderator.az saytı olaraq şəhidlərimizlə bağlı silsilə yazılarımıza davam edirik. Bu dəfə sizə şəhid F.Ağaşovun döyüş yolundan bəhs edən yazını təqdim edirik.

Moderator.az-ın əməkdaşı bu gün Cəlilabad rayonunda şəhidimizin ailəsi ilə görüşüb. Bizi şəhidimizin atası Vüqar Ağaşov və yaxınları qarşıladı. Şəhid atası deyir ki, iki oğlu var və böyük oğlu şəhid oldu, kiçik oğlu isə əsgərlikdədir:

“Famil evin böyük oğludur. 1998-ci ildə anadan olub. Kiçik oğlum isə artıq 6 aydır ki, hərbi xidmətdədir. Famil idmançı uşaq idi, özü də Bakıda işləyirdi. Əsgərliyini isə Ağcabədi rayonunda keçmişdi. Təxminən bir il idi ki, hərbi xidmətdən qayıtmışdı. Amma avqust ayında qərara gəldi ki, MAXE kimi orduya qayıtsın”.

Şəhidin atası deyir ki, özü də, həyat yoldaşı da Famili yolundan çəkindirmək istəsə də bu mümkün olmayıb:

“Dedim ki, oğlum iki qardaşsınız, gedərsən sənə bir şey olar, qardaşın tək qalar. Amma o, yenə sözümə qulaq asmadı. Dedi ki, sözüm-sözdü, hərbiyə qayıdacam. Əslində bu istək onda Polad Həşimovun şəhid olmasından sonra daha da güclənmişdi. Elə də oldu və avqust ayında kurs keçdikdən sonra xidmətə başladı”.

Şəhid atası bildirib ki, oğlunun döyüşlər başlayanda onunla əlaqə saxlayıb:

“Sentyabrın 27-də döyüşlər başlayandan sonra biz təbii ki, narahat olduq. Amma Famillə telefon əlaqəsi saxlayırdıq. İmkan olduqca, özü zəng vururdu. Anası isə daha çox narahat idi, ağlayırdı. Həmişə deyirdim ki, pis fikirləmə, hər şey yaxşı olacaq. Amma çox təəssüf ki, elə oldu Famil şəhid oldu”.

Şəhid atası oğlunun noyabrın 8-də şəhid olduğunu bildirib:

“Döyüşlər artıq bitmək üzrəydi. Qələbədən bir gün öncə Familin şəhid xəbəri gəldi. Biz də onun nəşini gətirməyə getdik. Noyabrın 12-də onun nəşi döyüş meydanından çıxarıldı və böyük izdihamla yaşadığımız rayonda dəfn etdik. Məni elə ən çox ağrıdan Familin qələbəyə bir gün qalmış şəhid olmasıdır. Füzulidə, Cəbrayılda ağır döyüşlərdən çıxmışdı”.

Qeyd edək ki, şəhidimiz bu qəhrəmanlığına görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Facebook Comments