63 özəl bağçada ödənişə güzəşt ediləcək

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi üzrə nəticələr müəyyənləşib. Belə ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub. Sozcu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqənin əsas məqsədi 2025–2026-cı tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onların təhsil haqlarının bir hissəsinin qrant hesabına maliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub. Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrə qeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.

Bu ölkə yeniyetmələrə sosial şəbəkələri qadağan edir

Malayziya 2026-cı ildən etibarən 16 yaşdan kiçik yeniyetmələr üçün sosial media qadağası tətbiq edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Malayziyanın rabitə naziri Fəhmi Fadzil məlumat yayıb. “Hökumət uşaqların onlayn təhlükəsizliyini artırmaq üçün 16 yaşdan kiçiklərin sosial şəbəkələrə qoşulmasına icazə verməyəcək. Platforma təminatçıları 2026-cı ildə elektron şəxsiyyət yoxlanışı (eKYC) sistemini tətbiq etməlidir”, - məlumatda bildirilib.

Su kanalından meyit tapıldı

İmişlidə su kanalından meyit tapılıb. Sozcu.az xəbər verir ki, Məzrəli kənd sakini 1964-cü il təvəllüdlü Rasim Əbil oğlu Mirzəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindəki su kanalında tapılıb. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1370-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 166 450 hərbçi, 11 366 ədəd tank, 23 620 ədəd zirehli döyüş maşını, 34 626 ədəd artilleriya sistemi, 1 549 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 248 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 68 006 ədəd avtomobil texnikası, 83 769 ədəd PUA, 3 981 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 003 xüsusi avadanlıq itirib.

Partlayış mənzillərə ziyan vurdu – FOTO

Nərimanov rayonunda “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışın təsirindən ofisin yaxınlığında yerləşən tikililərə zərər dəyib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səbəbindən plazanın qarşısında yerləşən yaşayış binasındakı ev və obyektlərdən biri ziyan görüb. Belə ki, partlayışa görə evlərin pəncərələri qırılıb.

“Calaq düzgün olunmayıb, sızma baş verib” – KOMENDANT DANIŞDI

“İki-üç gün öncə ərazidə aparılan qazma işləri zamanı qaz xətti zədələnmişdi. Həmin hissəyə calaq qoyuldu. Ola bilsin, düzgün calanmayıb və sızma olub”. Sozcu.az xəbər verir ki, bu sözləri partlayış baş verən “AFEN Plaza” biznes mərkəzinin komendantı Amil Bağırov açıqlamasında deyib. O ehtimal edir ki, calaq düzgün edilmədiyi üçün qaz sızması baş verib: “Buna görə də işçi gəlib işığı yandıran zaman partlayış baş verib”. Komendantın sözlərinə görə, yaralananlar arasında həyati təhlükəsi olan yoxdur: “Yaralananların xəsarəti çox da ciddi deyil. Hadisə baş verəndə burada idim, partlayış səsini eşitdim”.

İcarəyə götürdüyü sexdə meyiti tapıldı

Şirvanda sexdə meyit aşkar edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində yerləşən qapı-pencərə sexində baş verib. Şirvan sakini, 1994-cü il təvəllüdlü Şəmistan Gündüz oğlu Nuruşovun meyiti icarəyə götürdüyü sexdə aşkar edilib. Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.

Berlin Rusiyanın G8-ə qayıtmasına qarşı çıxdı

ABŞ-ın Ukrayna ilə bağlı sülh planında nəzərdə tutulduğu kimi, Rusiyanın G8-ə qayıtması istisnadır. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib. “Hazırda Amerikanın olmadığı G7-nin altı üzvü arasında Rusiyanı yenidən həmin qrupa qəbul etmək üçün heç bir istək görmürəm”, - o bildirib. Merz vurğulayıb ki, G8 formatına qayıtmaq yalnız konsensus əsasında razılaşdırıla bilər. Qeyd edək ki, Avropanın Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiyanın G8-ə qayıtmasına razılıq verdiyi haqda məlumat yayılıb.

Rus ordusu Pokrovskun mərkəzini İTİRDİ

Ukrayna qüvvələri Pokrovskun mərkəzi rayonlarını təmizləyib və rus hərbçilərini şəhərdən çıxarmağa davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Desant Hücum Qoşunlarının 7-ci korpusundan məlumat verilib. “Şəhərdə döyüşlər gedir, lakin mərkəzdəki mövqelər Ukrayna Silahlı Qüvvələrinin əlindədir. Ruslar dayaq nöqtəsi qazanmağa çalışdılar, lakin dəmir yolu stansiyasının, pedaqoji məktəbin və Katedral Meydanının ərazisindən qovuldular. Hərbçilər Rusiyanın qüvvələrini artırmaq və şəhərin şimalına təzyiqi artırmaq cəhdlərinin qarşısını almağı bacardılar. Dəmir yolunu keçmək üçün edilən hər bir cəhd maksimum itki ilə nəticələndi”, - məlumatda qeyd olunub.

Ukraynada tezliklə sülh olacağına əmin deyiləm - Merz

Pessimist olduğumu demək istəmirəm, amma hazırda noyabrın 27-nə qədər Prezident Donald Trampın istədiyi qərarın veriləcəyinə əmin deyiləm. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz ABŞ-ın sülh planı ilə bağlı açıqlamasında deyib. “Biz hələ də 27 noyabr tarixinə qədər qərara gəlməkdən çox uzaqıq. Danışıqlar aparan tərəflər arasında mövcud fikir ayrılıqları var. Amma bu, onun tamamilə istisna edildiyi anlamına gəlmir", - Merz bildirib.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, noyabrın 24-də gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Ukraynanın sərhədləri güclə dəyişdirilə bilməz - Leyen

Ukraynanın sərhədləri güclə dəyişdirilə bilməz, ordusu azaldıla bilməz və Avropa Birliyi Ukrayna üçün sülh sazişində mərkəzi rol oynamalıdır. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib. "İstənilən etibarlı və davamlı sülh planı ilk növbədə qətlləri dayandırmalı və müharibəyə son qoymalı, eyni zamanda gələcək münaqişə üçün toxum səpməməlidir. Biz ədalətli, davamlı sülh və Ukraynanın suverenliyi üçün zəruri olan əsas elementlər barədə razılığa gəlmişik. Birincisi, sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. İkincisi, suveren bir millət olaraq Ukraynanın silahlı qüvvələrinə ölkəni gələcək hücumlara qarşı həssas edəcək və bununla da Avropa təhlükəsizliyini pozacaq məhdudiyyətlər qoyula bilməz. Üçüncüsü, Ukrayna üçün sülhün təmin edilməsində Avropa Birliyinin mərkəzi rolu tam şəkildə əks olunmalıdır. Ukrayna öz taleyini seçmək azadlığına və suveren hüququna malik olmalıdır. Onlar Avropa taleyini seçiblər", - Leyen bildirib.

Zelenski-Tramp görüşünə qədər razılaşma olmayacaq

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp görüşənə qədər heç bir razılaşma olmayacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” Ağ Ev rəsmisinə istinadla məlumat yayıb. “Zelenski və Tramp görüş zamanı Ukrayna üçün sülh planını ilə bağlı yekun razılaşma əldə edəcək”, - məlumatda qeyd olunub.

Tramp iki ayda 1.1 milyard dollar itirdi

ABŞ Prezidenti Donald Trampın sərvəti iki ayda 1,1 milyard dollar azalıb. Sozcu.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. “Onun sentyabrda 7,3 milyard dollar olan sərvəti noyabrın sonunda 6,2 milyard dollara düşüb”, - məlumatda qeyd olunub. Buna səbəb ABŞ prezidentinin “Tramp Media” texnologiya şirkətinin səhmlərinin dəyərdən düşməsi olub. Son üç ayda şirkətin NASDAQ birjasında dəyəri 42 faiz ucuzlaşıb.

Avropa ölkələri də Ukrayna üçün Cenevrəyə gedir

Avropa Birliyi, Böyük Britaniya, Almaniya və Fransadan olan nümayəndələr ABŞ-ın Ukraynadakı münaqişənin həlli planına dair İsveçrədə keçiriləcək məsləhətləşmələrdə iştirak edəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. "Avropa Birliyi və Böyük Britaniya danışıqlarda iştirak edəcək. Fransa və Almaniyadan yüksək səviyyəli təhlükəsizlik rəsmiləri də İsveçrəyə gedəcək", - nəşr bildirib. Qeyd edək ki, Ukraynanın nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planını müzakirə etmək məqsədilə İsveçrəyə gedib.

Gerasimovun yalanı: Əsgərlər Kupyanskda məhv edildi

Rusiyanın 26 hərbçisi Kupyanskda mühasirəyə düşərək məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, hadisə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Kupyanskın tamamilə ələ keçirilməsi barədə Prezident Vladimir Putinə məruzəsindən sonra baş verib. “Bir neçə qrup halında hərəkət edən əsgərlər şəhərdə artıq düşmən qalmadığını düşünərək, lazımi təhlükəsizlik tədbirlərini görmədilər və pusquya düşdülər. 26 nəfər öldürüldü”, - məlumatda qeyd olunub.

Mingəçevirdə öldürülən şagirdlə bağlı yeni məlumat

Dünən Mingəçevirdə şagirdin ölümü ilə nəticələnən hadisə haqda yeni təfərrüat məlum olub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev əvvəllər şəhərin 1 saylı orta məktəbində təhsil alıb. O, 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülüb. Elman ailədə iki qardaşdan biri olub. Hadisəni törətməkdə şübhəli bilinən Cavidan Əliyev isə 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Onun anasının müəllimə olduğu bildirilir. Hadisənin başvermə səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İlkin məlumatlara görə, hadisədən bir qədər əvvəl tərəflərin çayxanada bir yerdə olduqları deyilir.

Avropanın Ukrayna üçün sülh planı: 3 əsas bənd...

Avropa artıq Trampın sülh planına əks təkliflərini hazırlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, avropalılar Cenevrəyə 3 əsas maddə ilə yollanıblar: 1. Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyət qoyulmayacaq. 2. Ukrayna Zaporojye AES və Kaxovka bəndi üzərində nəzarəti, eləcə də Dnepr çayı boyunca maneəsiz keçidi və Kinburn burnu üzərində nəzarəti bərpa edəcək. 3. Digər ərazi mübahisələrinə atəşkəsdən sonra baxılacaq. Qeyd edək ki, ABŞ və Ukraynanın İsveçrədə sülh planı ilə bağlı müzakirələrində avropalıların da iştirak edəcəyi bildirilir.

Ordubadda 61 yaşlı qadın hovuza düşərək öldü

Ordubad rayonunda bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, Dizə kənd sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Leyla Filman qızı hovuza düşərək dünyasını dəyişib. Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Jair Bolsonaro həbs edildi

Braziliyanın sabiq prezidenti Jair Bolsonaro federal polis tərəfindən evində həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Bildirilib ki, həbs Ali Federal Məhkəmə tərəfindən sanksiyalaşdırılıb və qabaqlayıcı xarakter daşıyır. Qeyd edək ki, dövlət çevrilişi işi üzrə 27 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş prezident buna qədər şərti azadlıqda – ev dustaqlığında idi.

Ramiz Mehdiyevin səhhəti pisləşdi

Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ötən gecə səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb. Sozcu.az Gununsesi.info-ya istinadla xəbər verir ki, dövlətin Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb. İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb. Bildirilib ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir. Qeyd edək ki, R. Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. R.Mehdiyev dövlət çevrilişinə cəhddə ittiham olunur.

Əhməd Oruc vəfat etdi

Bir neçə ay əvvəl bağlanan Azadlıq Partiyasının sədri Əhməd Oruc vəfat edib. Sozcu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Qeyd edək ki, bir neçə gün öncə Əhməd Oruc insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Bakıda otelin 4 işçisinin ölümü: həbs olunan var

Xəbər verdiyimiz kimi, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən “Lake Hotel”in işçiləri — 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, cinayət işi üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb, çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə ekspertizalar təyin olunub. Toplanmış sübutlarla “Lake Hotel”in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib. Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Zelenski Rusiya ilə bağlı imzaladığı fərmandan danışdı

Ukrayna və onun sülh danışıqları aparan tərəfdaşları arasında məsləhətləşmələr yaxın günlərdə keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Mən Ukrayna nümayəndə heyətinin tərkibi haqqında fərman imzaladım və bütün müvafiq direktivləri təsdiqlədim. Nümayəndələrimiz Ukraynanın milli maraqlarını necə müdafiə etməli olduğunu və Rusiyanın keçmişdə xalqımıza və digər xalqlara qarşı cinayətlər törətdiyi kimi, Ukraynaya üçüncü işğalın, növbəti hücumunun qarşısını almaq üçün dəqiq nəyə ehtiyac olduğunu bilirlər", - deyə Zelenski bildirib. Qeyd edək ki, bu gün Kiyev ABŞ-ın təklif etdiyi plana dair danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.