9 milyon manatlıq elektron sistem niyə işləmir?

İpoteka və Kredit Zəmanət Fondu açıqlama verməlidir.

Son günlər ictimai diqqətdə olan kirayə evlər üçün elektron müraciətlərin qəbulu bu gündən – 22 yanvar 2020-ci il tarixindən başlamalı idi. Bu barədə mən də dəfələrlə yazıb, maraqlananları məlumatlandırmışdım. Ehtiyacı olanların səbirsizliklə gözlədiyi bu sistemdə birinci məyusluq təklif olunan qiymətlərlə bağlı idi, çox baha idi. İkinci məyusluğu da bu gün yaşayırıq. Elektron müraciət sistemi işlərmir.

Odur ki, bunu bir daha yoxlamaq üçün iş gününün sonunda “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə alınması üçün müraciətə dair istifadəçi təlimatını diqqətlə oxuyandan sonra

https://www.e-gov.az yazıb “Enter” düyməsini sıxıram. “Elektron hökumət” portalının əsas səhifəsində “Bütün xidmətlər” bölməsində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi elektron xidmətləri axtarmağa başladım. Axtarış nəticəsində belə bir məlumat aldım “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə təqdim edilən “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi” xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır. Xidmətin fəaliyyətə başlanması vaxtı barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcəkdir.

Məlumatınız üçün qeyd edim ki, Ipoteka və Kredit Zəmanət Fondu “Elektron ipoteka” sisteminin yaradılması üçün CyberNet şirkətinə ~ 6 000 000 manat , sistemin təkmilləşməsi üçün GT Solution şirkətinə də ~ 3 000 000 manat, bütövlükdə bu xidmətlər üçün 9 000 000 manat vəsait “xərcləyib”.

Buyurun tanış olun, bu da bir korrupsiya layihəsi və onun əməli nəticəsi, birabırçılıqdır!

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri

Facebook Comments