9 maydan sonra çox şey dəyişib…

Hər il yazmağa məcburuq və bitirənə qədərdə yazacağıq, mübarizə aparacağıq. 9 may qələbəsinin bizə bayram kimi təqdim edilməsi qəbuledilməzdir. Biz istəyərək Sovet ordusunda xidmət etməmişik, onun ordusunda yer almamışıq. Biz 1920-ci ilin aprelində Sovet ordusu tərəfindən işğala məruz qalmışıq. Bizi şər imperiyasının tərkibində istifadə ediblər. Həmçinin əks tərəfə əsir düşənlərimiz legioner qrupları təşkil edərək doyuşmuşlər. Hər iki tərəfdə öz arzularımızla yox, imperiyaların maraqları istiqamətində hərəkət etmişik. Ağaların qələbəsinə, nökərləri şərik etmək qələbə anlamı ifadə edə bilməz. Bizimkilər döyüşdü, nəticəsi isə başqalarına qismət olub. Bu gün həmin mənzərəni təhlil edərək qiymətləndirmək lazımdır.

Biz Sovet Azərbaycanı deyilik, həmin dövlətin ideoloji mirasina son qoymuş, demokratik yol seçmiş bir dövlətik. Bizim dövlətin qələbəsi milli mahiyyətdən kənarda mövcud deyil. İki şər imperiyası üz-üzə dayanıb, bir-birini parçalamağa hazır olubsa birinin vəhşiliyi qələbə kimi bu gün qəbuledilməzdir. Bunu hər bir Azərbaycanlı anlamalıdır. Müştərək qələbələrin bizə nə verdiyini, bu gün nə dərəcədə təsiredici gücə malik olduğunu dərk etməlidir.

Biz 9 mayda ruslarla, ermənilərlə bir yerdə qələbə qazandıq, amma bu gün onlar bizə zərbələr vurur, işğala məruz qoyur, haqqımızı yeyirlər. 9 maydan sonra çox şey dəyişib, həmin zaman bizimlə bir yerdə olanlar 20 yanvarı, Xocalı soyqırımını törətdilər və hər zamanda bunlara hazırdılar. Nəyin qələbəsini keçiririk, 9 mayda birlikdə hərəkət etdiklərimiz, 47 il sonra 8 mayda Şuşanı bizdən aldılar. Bəli, bu gün biz sevinc və kədər hisslərini bir yerdə daşıya bilmərik, biz sadəcə Azərbaycanın milli qələbələrini bayram etməliyik, tarixin hansısa bir məqamında məcburiyyətdən tutduğumuz mövqeyin yox.

Ceyhun Nəbi,
Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

Sozcu.az