40 ildən sonra Təbriz Universitetinin kitabxanasında türk dilində kitablara xüsusi bölüm ayrılıb

İranda bügünkü islami rejim hakim olduqdan 40 il sonra Təbriz Universitetində türkcə kitablarla bağlı yeni qərar qəbul olunub.

Məlumata görə, universitetin kitabxanasında türk dilində kitablar üçün xüsusi bölüm ayrılıb.

Hələlik bu bölümün rəflərinə düzülmüş kitabların sayı çox azdır. Lakin türk tarixi, dili və ədəbiyyatı ilə məşğul olan araşdırmaçı alimlər bu qərarı irəliyə doğru atılan addım kimi qiymətləndirirlər.

Kitabxanadakı türkcə kitabların böyük əksəriyyəti şeir, bədii ədəbiyyat, dilçilik və türk dili mövzusundadır.

Məlumata görə, türk kitabları bölümündə latin əlifası ilə yazılan kitablar üçün də bir rəf nəzərdə tutulub. Həmin rəfdə bir neçə Türkiyə və Şimali Azərbaycan şairinin əsərləri mövcuddur.

İranda sayı on milyonlarla ölçülən Azərbaycan türkləri öz ana dilində təhsil almaq hüququndan məhrumdur. Bundan əlavə, türklərin ölkə üzrə yayımlanan televiziya kanalı və qəzetləi də yoxdur. Problemlər təkcə mədəni hüquqlarla məhdudlaşdır. Güney Azərbaycan iqtisadi baxımdan da rejimin ayrı-seçkilik siyasətinə məruz qalmaqdadır. Bütün bunlar uzun illərdir ki, soydaşlarımızın kəskin etirazına səbəb olur, əhalinin narazılığı gün keçdikcə artır.

Sozcu.az

Facebook Comments