“4 iyun qiyamında əsas hədəf Elçibəy idi” – Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı 1993-ci ildə Əbülfəz Elçibəyin hakimiyyətinə qarşı baş verən hərbi qiyam barədə özünün “facebook” səhifəsində yazı paylaşıb.

Sozcu.az saytı Müsavat başqanının fikirlərini təqdim edir:

Mübarizə onun prezidentlik kürsüsünü ələ keçirmək uğrunda gedirdi.

Çünki, Elçibəy hökuməti davam etdikcə Azərbaycanda siyasi və iqtisadi islahatlar, dünyəvi dövlət quruculuğu, Qarabağın işğaldan azad edilməsi, demokratik seçkilər, fundamental insan haqlarının təminatı dönməz xarakter alırdı.

Azərbaycanın xarici düşmənlərinin və daxildəki hakimiyyət hərislərinin planları dəfn edilirdi.

Artıq iki ay idi ki, atəşkəs elan olunmuşdu. İyunun sonunda erməni silahlı birləşmələri Kəlbəcərdən çıxacaq, Azərbaycan üçün çox uğurlu neft kontraktları imzalanacaqdı.

1993-cü il dövlət quruculuğu ili elan olunmuşdu. Sürətlə dövlət strukturları qurulurdu, sovet imperiyasının çökməsindən sonrakı iqtisadi böhran aradan qaldırılmışdı.

Azərbaycan manatı qonşu ölkələrdə də sərbəst işləyən valyutaya çevrilmişdi.

Bütün bunlara birilərinin dərk etmədən ağız büzdüyü, bəlkə anlamadığı, bəlkə hansı çirkin niyyətləsə qəsdən aşağılamağa çalışdığı Elçibəy və onun rəhbərlik etdiyi siyasi komanda nail olmuşdu.

Bir daha təkrar edirəm, Azərbaycanda dünya düzənini keyfiyyətcə dəyişəcək, bəşəriyyəti yaxşılaşdıracaq proseslər Əbülfəz Elçibəyin rəhbərlik etdiyi və indikilərin tez-tez həqarətlə təkrarladığı AXC-Müsavat hakimiyyətinin birillik fəaliyyəti nəticəsində dönməz xarakter alırdı. İyun ayında nəzərdə tutulan iki böyük hadisə: erməni silahlı qüvvələrinin Kəlbəcərdən çıxarılması və neft müqaviləsinin bağlanması baş versə Azərbaycanın inkişafının qarşısını almaq mümkün olmayacaqdı.

4 iyun qiyamı Elçibəy hakimiyyətinin yalnız dövlətimizin və xalqımızın mənafelərinə uyğun olan siyasətini durdurmaq məqsədi ilə törədildi. Bu məqsədə çatmaq üçün ölkə daxilindəki, hakimiyyət hərisiləri olan məsuliyyətsiz fərdlərdən və təşkilatlardan istifadə olundu.