27-ci dəfə Laçında ermənilərin yallı getməsinə dözdük-Axı biz tolerantıq…- FOTOLAR

Halaldı bizə, Avropa dəyərlərinə sadiqik: başımızda turp əkirlər – cınqırımız da çıxmır…
Dünən –mayın 18-də ermənilər növbəti -27-ci dəfə Azərbaycanın işğal altındakı Laçın rayon mərkəzində təntənəli tədbirlər keçiriblər.

Sozcu.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Laçın, Qubadlı və Zəngilan bölgələrini əhatə edən qondarma dediyimiz “Kaşataq rayonu”nun faktiki icra başçısı Stepan Sarkisyan başda olmaqla separatçı məmur və sakinlər Laçın şəhərinin ən uca məkanında – sovet dövründə 1941-1945-ci-illərdəki müharibədə həlak olmuş laçınlıların xatirəsinə həsr olunmuş abidənin qarşısında toplaşıblar. Həmin abidəni artıq öz gorbagorlarının “xatirə memorialı”na çeviriblər. Rəqs ansamblları yallı gedib, şəhərin müxtəlif məkanlarında konsertlət təşkil olunub, gecə atəşfəşanlıq edilib.


P.S. Düz 27-ci dəfədir ki, ermənilərin Xocalı, Şuşa, Xocavənd kimi, Laçını işğal etmələrinin ildönümündə yallı getmələrinə, konsert vermələrinə, atəşfəşanlıq etmələrinə dözürük… Axı biz tolerant xalqıq…Halaldı bizə, Avropa dəyərlərinə sadiqik: – başımızda turp əkirlər- cınqırımız da çıxmır… Torpaq həsrəti ilə yaşayanlar bir-bir ürəkləri partlayıb dünyadan köçüncə dözəcəyik…

Sultan Laçın (Moderator.az)