19 oktyabr mitinqi keçiriləcək! – Əli Kərimli

“Bakı Şəhər İcra Hakimiyyəti 19 oktyabr mitinqini Lökbatanda keçirməyi təklif edib. Əvvəlcədən demişdik, Lökbatan mitinq yeri ola bilməz”.

Sozcu.az xəbər verir ki, bunu AXCP sədri Əli Kərimli Milli Şuranın mitinq müraciətinə BŞİH-nin verdiyi cavaba münasibət bildirərkən deyib:

“19 oktyabr mitinqi keçiriləcək! Rejim növbəti dəfə Konstitusiyanı pozdu. Bakı Şəhər İcra Hakimiyyəti 19 oktyabr mitinqini Lökbatanda keçirməyi təklif edib. Əvvəlcədən demişdik, Lökbatan mitinq yeri ola bilməz. Ümumiyyətlə Bakı Şəhər İcra Hakimiyyəti mitinqin yerini və vaxtını dəyişə bilməz. Biz Konstitusiyaya uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətini xəbərdar etmişdik ki, Milli Şura olaraq mitinqimizi 19 oktyabr, saat 15:00-da 28 may metrosunun qarşısındakı meydanda keçirəcəyik. Həmin vaxtda, həmin yerdə (həmin yerə nə qədər yaxınlaşa bilsək) mitinqimizi keçirib, şüarlarımızı səsləndirəcəyik. Mitinqimiz istisnasız olaraq dinc olacaq. Xalqımız dinc, lakin kütləvi mübarizəyə sədaqətini göstərəcək. Xalqımız konstitusion hüququnun məmurlar tərəfindən əlindən alınması ilə barışmamalıdır!”

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.  Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib.