Rusiyadan QARABAĞ AÇIQLAMASI

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Ermənistan – Qarabağ strateji birliyi” forumunun təşkilat komitəsi üzvlərilə görüşü siyasi məqsədlər daşımır”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Ölkənin ən köhnə siyasi partiyalarından “Daşnaksütyun” rəhbərlərilə görüş keçirilib. Bu görüşün və söhbətlərin də erməni tərəfinin təşəbbüsü ilə keçirildiyini söyləyə bilərəm. Orada bir çox məsələlər müzakirə olundu. Başlıca olmasa da, Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Partiya rəhbərliyi ilə birgə “Ermənistan – Qarabağ strateji birliyi” forumunun nümayəndələrinin də görüşə gələcəyinə diplomatlarımız hazır deyildi”, – Rusiya rəsmisi qeyd edib.

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməyib və dəyişə də bilməz. Mövqeyimiz həmişə tarazlı və ölçülü-biçili olub”, – deyən XİN sözçüsü görüşə dair Azərbaycan tərəfini məhz bu səpkidə məlumatlandırdıqlarını da diqqətə çatdırıb.