Qaz və işığın qiyməti nə vaxt endiriləcək? – Açıqlama

Sosial sahədəki sərəncamlar kommunal qiymətlərin aşağı salınması ilə bağlı məsələni də gündəmə gətirib. Ötən gün Nazirlər Kabinetinin iclasında da kommunal məsələlərdən danışılıb.
Sözcü.az xəbər verir ki,Baş nazir Novruz Məmmədov bildirib ki, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir.

İqtisadçı ekspert Natiq Cəfərli isə  bildirib ki, kommunal qiymətlərdə endirim gözləmir:

“Əslində qaz və işıq, kommunal qiymətlərin enməsini gözləmirəm. Belə bir ehtimalın olması çox aşağıdır. Çünki büdcə xərcləri sürətlə artır. Son fərmanlar, maaş və təqaüdlərin artımını nəzərdə tutur. Getdikcə büdcəyə daha çox yük düşəcək. Ona görə də kommunal xidmətlərdə qiymət endiriminə gedilməsi, hələlik mümkün görünmür. Belə bir ehtimal çox aşağıdır”.

Ekspertin sözlərinə görə, buna neftin qiyməti də təsir edəcək:

“Neft qiymətlərinin də oynaq olması hökuməti bunu nəzərə almağa məcbur edir. Neftin qiymətində növbəti dəfə enmələr olsa, ümumiyyətlə, kommunal xidmətlərdə hər hansı qiymət dəyişikliyinin olmasının ehtimalı sıfıra yaxınlaşar. Ona görə də maaş və təqaüdlərin artımı, sosial paketin genişləndirilməsi onu deməyə əsas verir ki, kommunal xidmətlərdə tariflərin enməsini gözləmək əbəsdir”.\”Yeni Sabah”\