“Övladıma anlatmaq istədim ki, İranın bizim ölkədə gözü var”- Elçin Əlibəyli

“Space” kanalının tanınmış teleaparıcısı Elçin Əlibəyli martın 3-də, bazar günü İran səfirliyinin qarşısında oğlu ilə aksiya keçirib. Buna səbəb İran prezidenti Həsən Ruhaninin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsidir.
Teleaparıcı azyaşlı oğlunun və özünün ağzını “İran, sus!” şüarı yazılmış kağızla bağlayıb.
Bu aksiya ilə bağlı sosial şəbəkədə gedən müzakirələrdə də E.Əlibəylini tənqid edənlər olub. Onun bazar günü aksiya keçirməsi birmənalı qarşılanmayıb. O, daha sonra bununla bağlı sosial şəbəkədə status yazıb: ““Bəzi ağıllılar yazır ki, bu adam bilmir səfirlik bazar günü işləmir. Çox gözəl bilirəm, amma oğlum yalnız bazar günü boş olur və onu ora aparmaq daha vacib işdir. İstəyirdim o bunu indidən dərk etsin”.

“Yeni Müsavat”a açıqlamasında isə E.Əlibəyli bildirdi ki, bu aksiyaya hər hansı ictimai dəstək gəlməyib. Əksinə, onu söyənlər olub: “Çox adam dedi ki, niyə bazar günü? Qınaqlar da gəldi. Amma mən övladıma anlatmaq istədim ki, bütöv Azərbaycan var, İranın bizim ölkədə gözü var. İstədim ki, oğlumun da siyasi aktivliyi artsın.


Mən onun yaşında meydan hərəkatlarını görürdüm. Onun da bu hadisələri görməsini istədim. Kiminsə rəyi önəmli deyil. İş günü mən də işdə oluram, oğlum da məktəbdə. Aksiyanın iş gününə salınması qeyri-mümkün idi. Amma səfirliyin qarşısında kameralar var, onlar izləyirlər. Bundan başqa, səfirliyin içində də adamlar var idi. Mən bunu kiminsə cavab verməsi üçün etməmişəm”.

Müsahibimiz bildirdi ki, bu mövqeyini ifadə etməkdə israrlıdır. Verilişlərində də fikrini bildirməkdə davam edəcək. “Sivil yolla fikrimizi bildirəcəyik” deyən E.Əlibəylinin sözlərinə görə, İran dövləti Qarabağı bizim ərazimiz kimi tanıya-tanıya belə bəyanat verməməlidir.