“Əsgərin qaçmasından yox, Paşinyanın erməni xalqı və tarix qarşısında daha böyük günahlarından danışmaq lazım…”

Xəbər verdiyimiz kimi dünən səhər saatlarında xəbhənin Füzuli rayonu istiqamətindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb. Erməni hərbçi bildirib ki, o, dəfələrlə zabit və əsgərlər tərəfindən işgəncələrə məruz qalıb.

Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında bunun erməni ordusunda uzun illərdən bəri davam edən özbaşınalığın nəticəsi olduğunu dedi:

“Düşmən ordusunun bir əsgərinin biz tərəfə keçməsiylə rejim ifşa olunmur. Hamıya bəllidir ki, Azərbaycan və Ermənistan orduları Sovet ordusunun varisidir. Sovet ordusunda “dedovşina” deyilən bir şey var idi və bu gün o erməni ordusunda qalmaqdadır. Zabitlər əsgərləri döyürlər, alçaldırlar, köhnə əsgərlər təzə əsgərləri təhqir edirlər və s. Bu elə də qəribə hadisə deyil. İndi düşmənin bədbəxt bir əsgərini incidiblər və o, da biz tərəfə keçib. Qaldı ki, Paşinyan rejiminin erməni xalqı, tarix və beynəlxalq hüquq qarşısında daha böyük günahları və cinayətləri var. Bu haqda danışmaq lazımdır”.

Sozcu.az