ƏROĞAN VƏ PUTİN SURİYANI YENİDƏN BÖLÜR –İki liderin təcili telefon danışığının sirri açılır – TƏHLİL

Aleksandr Şarkovski

“Nezavisimaya qazeta”,

Rusiya Prezidenti Vladimir Putinin türk həmkarı Rəcəb Tayyib Ərdoğanla təcili telefon danışığı Rusiya və Suriya qoşunlarının İdlib istiqamətində hücumuna həsr edilmişdi. Döyüşlərin davam etdiyini nəzərə alsaq, iki ölkə lideri bu zonanını hər iki tərəf üçün məqbul şərtlərdə ortadan qaldırılmasına razılaşıb.

Dəməşqin hökumət qüvvələri planlı şəkildə rəqibi sıxışdırır və döyüşərək inamla irəliləyir. Eyni zamanda suriyalılar Hələbin qərbində və şimalında türkyönlü üsyançıları atəşə tuturlar. Döyüşlərdə Suriya müxalifətinin tərəfində çeçen döyüşçülərinin iştirak etməsi haqqında sübutlar əldə edilib.

Ankaranın təşəbbüsü ilə Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıb. Danışıq zamanı türk lider Dəməşqi sərt tənqid edərək bəyan edib ki, Bəşər Əsədin məqsədi “İdlibdə türk-rus əməkdaşlığına qarşı təxribat törətmək və Astana razılaşmalarının ruhunu zədələməkdir”. Ayrıca, o qeyd edib ki, “İdlibdə gərginliyin artması konstitusiya komissiyasının formalaşdırılmasını təhlükə altına alır və Suriyada siyasi tənzimləməyə ziyan vurur”.

Bu arada Suriya Ərəb Ordusu (SƏO) rus quru qoşun hissələrilə birlikdə, RF Hərbi Kosmik Qüvvələri (HKQ) və Suriya Hərbi Hava Qüvvələri (HHQ) aviasiyasının dəstəyilə, İdlib istiqamətində – Latakiya və Hamada, eyni zamanda cəbhənin iki bölgəsində hücumu davam etdirir. Bundan əlavə SƏO-nun hissələri Hələb vilayətinin qərb və şimal hissələrində türkyönlü üsyançılarla döyüş aparır. O cümlədən, Tadef şəhəri rayonunda (Şimali Hələbdə, Əl-Babdan bir qədər cənubda) suriyalılarla Ankara tərəfindən dəstəklənən Azad Suriya Ordusu (ASO) döyüşçüləri arasında atışmalar qeyd olunur.

Türkiyə prezidenti “İdlib zonasının sərhədlərində mövcud şərait inanılmaz dərəcədə qızışıb” deyəndə kələk gəlmirdi. Ötən istirahət günlərində SƏO qoşunlarının uğurlu irəliləyişindən sonra, bazar ertəsi “Heyət Tahrir əş-Şam” qruplaşmasından (RF-də qadağan edilib) və digər terror təşkilatlarından olan islamçı birliklər cəbhə boyu yol və şimali Hamada yerləşən Hamamiyat nəqliyyat qovşağı istiqamətində əks-hücuma keçməyə cəhd etdilər. Cihadçıların əks-zərbəsi sürətli və güclü oldu, bu istiqamətdə bütün qarşıdurma xətti boyu qanlı döyüşlər qızışdı. Qarşılıqlı qasırğa atəşi altında hər iki tərəf ciddi itkilər verdi. Bəzi yerlərdə islamçılar cüzi uğura nail oldular, lakin hökumət qüvvələrinin müdafiə xəttini yara bilmədilər. Üsyançıların çoxsaylı şiddətli hücumlarının qarşısı SƏO hissələrinin sıx pulemyot atəşilə alındı. Çihadçılar Hamada əks-hücuma keçməklə bərabər, şimali-şərqi Latakiyada Kabani şəhərciyinə hücuma hazırlıq görən SƏO qoşunlarının arxa cəbhəsinə yönəlik bir neçə hücum da həyata keçirdilər. Nəticədə hökumət qoşunları bu məntəqədə 15-20 əsgər itirdi.

Bununla belə, SƏO-nun İdlib istiqamətində başlatdığı hücumun qarşısını, hansısa bir yolla, almaq üçün silahlı müxalifətin fədakarcasına etdiyi cəhdlər faydasız oldu. Heç nəyə baxmayaraq, 4-cü tank diviziyasının hissələri planlı şəkildə Kabanini iki tərəfdən tutur, şimali Hamada isə “Pələng gücü” birlikləri və SƏO-nun digər hissələri tədricən şimala doğru irəliləyir və artıq əl-Zaviyə sıra dağlarının cənub yamaclarına çatıb. Ötən sutkalar ərzində bu hərbi birliklər daha iki yaşayış məntəqəsini ələ keçiriblər.

Dəməşqdəki hərbi qaynaqlara istinad edən ərəb mətbuatı məlumat verir ki, Əsəd qoşunları Kafr-Nabudeh rayonundan şimala sıçrayış etdikdən sonra əl-Tobə və Şeyx İdris şəhərçiklərini nəzarətə götürüblər. Nəticədə hökumət qoşunları Kafr-Nabudeh nəqliyyat qovşağından bir qədər şimaldan keçən xətdə möhkəmləniblər. Bununla birlikdə, onların cinahları hələ ki, açıq qalır. Hökumət qoşunlarının manevrlərinə əsasən, belə nəticəyə gəlmək olar ki, SƏO komandanlığı (dəqiq desək, Rusiya Baş qərargahı) yaxın zamanlarda islamçıları Hama vilayətindən tamamilə çıxarmağı planlaşdırır. Son zamanlarda Dəməşq qoşunları Hama vilayəti ilə qonşu İdlib sərhəddində yerləşən açar məntəqələr olan Təl-Havaş, Havaş və Əl-Cabriyəni ələ keçirib.

Ekspertlər hesab edirlər ki, Hama vilayətinin silahlı müxalifət birliklərindən tam azad olunmasından sonra məqsədi rəqibin İdlib zonasındakı bütün qruplaşmalarını ortadan qaldırmaq olan SƏO-nun miqyaslı hücumunun birinci mərhələsi başa çatacaq. Türk ordusunun bu rayondakı müşahidə postlarını çıxarmağa başlamsı da bunu təsdiq edir.

Yuxarıda qeyd edilənləri Rusiya və Türkiyə liderlərinin apardığı telefon danışığı ilə tutuşdursaq, belə nəticə çıxarmaq olar ki, Ankara və Moskava Suriya məsələsində hansısa yeni qarşılıqlı məqbul razılaşmalara gəlibdir.

Yeri gəlmişkən, Livanın AMN agentliyi “Qafqaz Əmirliyi” cihadçı qrupunun (RF-də qadağan edilib) İdlibdə vuruşan döyüşçülərinin fotoşəkillərini yayıb. Onların əksəriyyəti çeçen mənşəlidir. Qeyd edilir ki, bu qrup, istisnasız olaraq, bacarıqla və cəsarətlə döyüşür, tez-tez SƏO arxasına uğurlu basqınlar həyata keçirir.

Tərcümə Strateq.az-ındır

Sozcu.az