Əri “mənə şikəst övlad lazım deyil” deyib atdı, zəlzələ evini uçurdu – Şamaxıda çarəsiz ananın taleyi

Şamaxı rayonuna etdiyimiz səfər zamanı icra hakimiyyətinin  dəhlizində gözü yaşlı bir qadın diqqətimizi cəlb etdi. Yaxınlaşıb dinlədik.  Bu gənc və çarəsiz ananın illərdir ki, arxasınca gözü yaşlı düşüb axtardığı və tapa bilmədiyi bir şey var, QANUN…  İllərdir ki, çarəsiz insanların ümidlərini öldürən, həmin o yazılan, anacq işləməyən QANUN…

Hacıyeva Fəridə Gülməmməd qızı Şamaxı rayon Nəcəf Nəcəfzadə küçəsi 106 – da yaşayır. Fəridə Hacıyeva Tərlan Hacıyev adlı şəxslə  ailəli olub. Hazırda 2 qız, 1 şikəst oğlan olmaqla 3 övladı var . Özünün dediyinə görə, Tərlan Hacıyevlə ailəli olduqları zaman Tərlanın evi olmadığı üçün onun atası öz evini bunlara verib.  13 yaşlı oğlunda xəstəlik yarandığı üçün inkşafdan qalıb və şikəst olub. Hazırda oğlu əlil arabasına möhtacdır.

Fəridə Hacıyevanın dediklərini olduğu kimi təqdim edirik:

“Mən Hacıyeva Fəridə Gülməmməd qızı Şamaxı rayon  Nəcəf Nəcəfzadə küçəsi 106 – da yaşayıram. Hacıyeva Tərlan Səbirağa oğlu ilə evli olmuşam. Tərlan bir nəfərin fermasında çoban işləyir. Evlilik dövrümüzdə Tərlanın evi olmadığı üçün rəhmətlik atam öz evini bizə verdi. 2 qız, 1 oğlan olmaqla 3 övladım var. Oğlumun 13 yaşı var. Şikəstdir, əlil arabasında gəzdiririrk. Hər dəfə oğluma baxanda ürəyimə dağ çəkilir. Nə edim, qismət belə imiş …

Övladım anadangəlmə şikəst deyil, şikəstlik sonradan yarandı. İmkanım çatan qədər həkimlərə göstərdim, məlum oldu ki, irsi xəstəlikdir, müəyyən yaşa dolduqdan sonra uşaq inkşafdan qalır və hərəkət edə bilmir. Oğumuz şikəst olandan sonra həyat yoldaşım Tərlan Hacıyev tez-tez,”mənə şikəst övlad lazım deyil” – deyərək, mənimlə dava salırdı. Bir gün məlum oldu ki, Tərlan bizim xəbərimiz olmadan evlənib və 1 qızı da var. Mən bundan sonra boşanmaq üçün məhkəməyə müraciət etdim. Bütün xərci özüm çəkərək boşandım. Bundan sonra bu adam övladlarına aliment verməkdən də imtina etdi. Dəfələrlə Şamaxı rayon məhkəməsinə müraciət etdim.  Məhkəmə aliment verilməsi ilə bağlı qərar versə də, məhkəmə icraçıları işlərinin öhdəsindən gəlmirlər. 3 ildir ki, 1 manat da olsun aliment ala bilmirəm.  Keçmiş həyat yoldaşımın sürü ilə mal-heyvanı olsa da, 1 dəfə də olsun övladlarını yada salmayıb. Şamaxı rayon məhkəmə icraçıları şikəst uşaq saxlayan mənim kimi gözü yaşlı ananın dərdinə yardım etmir.  Keçmiş həyat yoldaşım da çox arxayın şəkildə, “sizə heçnə verməyəcəm, əlindən nə gəlir et” – deyərək  övladlarına aliment verməkdən imtina edir.

Mən heç bir yerdə işləmirəm. Oğlum bacılarından utandığı üçün özüm ona baxmağa məcburam. Anam pensiya alır, oğlumun da pensiyası 150 manat olub. Qoca anamın və şikəst oğlumun pensiyasından başqa bizim evimizsə 1 manat da olsun gəlir gəlmir.  Bu il baş verən zəlzələdən sonra evimiz də ciddi xəsarət aldı. Təmir etməyə imkanımız yoxdur. Bununla bağlı dəfələrlə Şamaxı rayon icra hakimiyyətinə getsəm də, hər dəfə bir bəhanə ilə məni başlarından edirlər. FHN-nin əməkdaşı  bizə kömək edəcəklərini bildirsə də , Artıq 4-cü aydır ki, bizimlə maraqlanan yoxdur. Dərdimzi kimə deyək bilmirik. Sizdən çox xahiş edirəm, dərdimizi cənab Prezidentə, Mehriban xanıma çatdırın. Allaha da xoş gedər. Axı mən nə edim ki, Allah mənə şikəst övlad qismət edib, buna görə ailəm dağılır…? Axı mənim nə günahım var ki, bu boyda problemlərimiz ola-ola evimiz də uçur və kömək ummağa dövlət məmuru tapa bilmirik…?

məktəb ləvazimatları almağa maddi imkanım olmadığı üçün qızlarımı məktəbdən çıxartmağa məcbur oldum. Kasıbçılıq və atasızlıq övladlarımın təhsilini yarımçıq qoydu. Onlar da şikəst oldular”,

P.S. Fəridə Hacıyevanı dinlədikdən sonra, onun keçmiş həyat yoldaşı Tərlan Hacıyevə zəng edərək, nəyə görə övladlarına aliment verməkdən imtina etdiyini soruşduq. Bunun belə davam edəcəyi təqdirdə qanunla həbs oluna biləcəyini də diqqətinə çatdıqdırdıqda, Tərlan Hacıyev halını belə pozmadan, “mənim aliment verməyə imkanım yoxdur” -deyərək, söhbəti yekunlaşdırdı.

Məsələni diqqətdə saxlayacağıq.

Elşən Əlisoy

Sozcu.az 

.