Ərdoğanla Tramp arasındakı telefon danışığından sonra – Kritik səfər

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, səfərdə onu Suriyadakı xüsusi səfir Yoel Raybörn müşayiət edəcək.

Səfərlə bağlı yazılı açıqlama verən ABŞ Dövlət Departamenti bu gün başlayacaq görüşlərin mayın 2-dək davam edəcəyini bildirib.

Ceffri heyəti ilə birlikdə Türkiyənin ali hökumət nümayəndələri ilə Suriya məsələsini müzakirə edəcək. ABŞ ordusu Suriyadakı qüvvələrini azaldarkən Türkiyənin Şimali Suriyadakı təhlükəsizliklə bağlı narahatlıqları masaya qoyulacaq.

Ceyms Ceffri bu səfərdən sonra İsveçrənin Cenevrə şəhərinə gedəcək. Orada Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xüsusi təmsilçiləri ilə bərabər bəzi suriyalı qruplarla görüşlər keçirəcək.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Liderlərin söhbətində ikitərəfli və regional məsələlər müzakirə edilib, 75 milyard dollarlıq ticarət dövriyyəsi ilə bağlı hədəfdən danışılıb. Ölkə prezidentləri həmçinin, Suriyadakı prosesləri müzakirə ediblər və terrorla mübarizədə sıx əməkdaşlığın vacibliyini dilə gətiriblər.