“Ərdoğan hökumətinin erməniyə mehriban münasibətləri haradan qaynaqlanır?” -Eldar Sabiroğlu

“Türkiyənin indiki hakimiyyətinin regionda sülh adıyla Ermənistanla yaratdığı dostluq əlaqələri Rusiya ilə əməkdaşlıqdan sonra yeni mərhələyə qədəm qoymuşdur. Hələ xeyli əvvəl hava məkanını ermənilərin üzünə açan qardaş dediyimiz Türkiyənin öz maraqları üzərində oynaması heç də qəribə görünməsin. Ərdoğan hakimiyyətindən Azərbaycan üçün daha böyük sürprizlərin olacağına təəccüblənməməliyik. İrəvandan Van şəhərinə uçan təyyarənin sərnişinləri içərisində işgal altında olan Qarabağımızda ümumerməni futbol yarışı təşkilatçılarının olması və onların təmtəraqla qarşılanması ürəyimizi ağrıtdı”

Sozcu.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu deyib. Eldar Sabiroğlu bildirib ki, 80 milyonluq nüfuzu olan Türkiyənin 3 milyon dılğır Ermənistan qarşısında özünü bu cür aparması isə başa düşülən deyil:

“Bu səhnəni görmək, qanqaraldan hərarətli çıxışları eşitmək dəhşətli anlar yaşatdı mənə. Siyasətdən az da olsa təsəvvürümüz var. Bu gün Avropaya, ABŞ-a meydan oxuyan Ərdoğan hökumətinin türkün düşməni olan erməniyə mehriban münasibətləri nədən və haradan qaynaqlanır? Və nə üçün ermənidən ehtiyat edilir!? Yaxşı, daxildə ikinci cəbhəninin yarana biləcəyi təhlükəsinin qorxusunu başa düşdük. Daha bu qədər də yox axı!!!

Pakistandankı müsəlman qardaşlarımızın nümunəsi Türkiyə üçün ciddi bir dərsdir. Azərbaycanın düşməni olan Ermənistan Pakistan hökuməti tərəfindən ümumiyyətlə, bir dövlət kimi tanınmır. 80 milyonluq nüfuzu olan Türkiyənin 3 milyon dılğır Ermənistan qarşısında özünü bu cür aparması isə başa düşülən deyil. Türkiyənin tarixində sinəsini erməni üçün belə geniş açan ikinci bir hökumət olmayıb”.

Qeyd edək ki, Avqust ayında Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkilatçılığıyla keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyənin Xatay vilayətindəki Musadağ deyilən məkanda yandırılıb. İştirakçıların arasında Paşinyanın “Mənim addımım” hərəkatına mənsub deputatlar da olub.

Elşən Əlisoy