Ərdoğan Çin mediasına Bakının layihəsindən yazdı

Türkiyə olaraq dünyada sülhün, təhlükəsizliyin və sabitliyin qorunması və azad ticarətin davam etdirilməsi kimi sahələrdə Çin ilə eyni mövqeni bölüşürük.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çinin “Qlobal Tayms” qəzetində yayımlanan “Türkiyə və Çin: Birgə gələcək perspektivləri olan iki ölkə” başlıqlı məqaləsində bildirilib.

Ərdoğan məqalədə yeni dünya sisteminin ortaya çıxmağa başladığı indiki dövrdə Türkiyə və Çinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Asiyanın şərqində və qərbində yer alan iki qədim mədəniyyətə malik olan çinlilər və türklər tarixi İpək Yolu vasitəsilə ticarət və mədəniyyətin inkişafında bəşəriyyətə böyük töhfə verdilər”.

Ərdoğan, bundan əlavə, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi, İstanbul boğazında inşa edilən Yavuz Sultan Səlim körpüsü, İstanbul boğazının altından keçən Mərmərə və Avrasiya tunelləri, Dardanel boğazında inşasına başlanılan 1915 Dardanel körpüsü, şoselər, sürətli qatar xətləri, maddi-texniki bazalar və bütün kommunikasiya infrastrukturunun “Mərkəzi dəhliz” layihəsi çərçivəsində həyata keçirildiyini qeyd edib.