Əliyevin əfv sərəncamı təəccübləndirir, demokratik dəyişikliklər ilə əlaqədar suallar doğurur

Bayram Məmmədovun həbsi bu əfv qərarının hakimiyyət üçün çətin və davamlı ola bilməyən limitli “islahat” olduğu görüntüsünü yaratdı

Azərbaycanda həbs edilən siyasi məhbus kimi tanınan 51 nəfərin əfv olunması prezidenti bu hərəkətinə görə tərifləməkdən, motivləri haqqında şübhə duymaqdan, bu qeyri-adi addıma gətirib çıxaran səbəblər haqqında fərziyyələr yürütməyə qədər bir çox reaksiyalara səbəb olub.

Son on ildə ən çox siyasi məhbus kimi tanınanların azad edildiyi məhz bu sərəncamla gerçəkləşib.

Sərəncam ümumilikdə 431 nəfərə şamil olunur, onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Sərəncamla ömürlük azadlıqdan məhrum edilən üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Əfv edilən məhbuslar sırasında keçmiş səhiyyə naziri və iki müxalifət partiyasının millət vəkilləri kimi yüksək rütbəli siyasi simalar, jurnalist, NİDA Vətəndaş Hərəkatının fəal üzvləri, o cümlədən, sosial mediada orduda baş verən zorakılığa qarşı etiraz aksiyası təşkil etdiyi üçün həbs edilən İlkin Rüstəmzadə, həmçinin, azadlığa buraxılanlar arasında 2016-cı ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəlinin üzərinə şüar yazdığı üçün həbs edilən Qiyas İbrahimov və Bayram Məmmədov da var.

Azərbaycanda Prezidentin baharın başlanğıcı kimi qeyd olunan Novruz bayramı ərəfəsində məhbusları əfv etməsi adi haldır. Lakin bu qədər siyasi məhbus hesab edilən şəxsin adının siyahıya daxil edilməsi qeyri-adi addımdır. Prezident İlham Əliyevin bu addımı onun motivasiyası və məhbusların azad edilməsinin səbəbləri haqqında fərziyyələr yürüdülməsinə səbəb olub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı azadlığa buraxılmasının “xalqın gücü” ilə əlaqəli olduğunu deyib.

“Bu, bizim gücümüzdür ki, hakimiyyətin özbaşınalığı və zorakılığı qarşısında geri çəkilmədik,” – deyərək Qəhrəmanlı əlavə edir ki, bu əfv ilə hökumət repressiv siyasətlə irəli gedə bilməyəcəyini sübut etdi.

Prezidentin Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev

431 keçmiş məhbusun əfvinin “dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığını” göstərdiyini deyib.

Keçmiş səhiyyə naziri Əli İnsanov isə bu əfvlə razılaşmır. “Mən kiçik həbsxanadan böyük həbsxanaya gəldim,” – deyə o azadlığa çıxandan sonra jurnalistlərə bildirib.

71 yaşlı İnsanov hazırkı Azərbaycan prezidenti İlham Əliyevin atası Heydər Əliyevin köhnə müttəfiqi və hakim Yeni Azərbaycan Partiyasının (YAP) həmtəsisçisi olub. O, 2003-cü ildə atasının yerinə keçən İlham Əliyevə qarşı dövlət çevrilişinə cəhd etmək ittihamı ilə 2005-ci ildə həbs edilib.

Lakin İnsanov azadlığa buraxılmasını “demokratik Qərbin, Amerika Birləşmiş Ştatlarının rəhbərliyinin, konqresinin, Avropa Birliyinin və Avropa Şurasının təşəbbüsü ilə” əlaqələndirir.

İnsanovun fikrincə, onun azad olunmasına səbəb Prezident administrasiyasının dediyi kimi “humanizm” deyil.

“Hansı hümanizimdən danışmaq olar ki. .. vaxtilə kimisə şərləyib, həbs etmək istəyirdilərsə, onun cibinə narkotik atırdılar. İndi bunu ya eləyir, ya elətdirir – prezident edir…”- deyə İnsanov bildirib.

Azərbaycanın siyasi fəallar və jurnalistləri həbs etmək və ya cəzalandırmaqla bağlı tarixçəsi var. “Freedom House” təşkilatının 2018-ci il hesabatında Azərbaycanı “Şəxsiləşdirilmiş rejimin hakimiyyəti əlində sıx saxladığı, siyasi rəqabətin qarşısını aldığı, danışmağa cəsarət edən müstəqil fəalları və jurnalistləri hədəf aldığı, Avrasiyanın ən sərt avtoritar rejimi” adlandırıb.

Sərəncam prezident İlham Əliyevin imzaladığı 34-cü əfv sərəncamı və ümumilikdə Azərbaycan tarixindəki 65-ci əfv sərəncamıdır. Azərbaycanın məlumatına əsasən, 87 siyasi məhbus hələ də həbsdədir. “Freethemall” (Hamısını Azad Et) haştaqı altında başladılan yeni sosial medya kampaniyası hələ də həbsdə olan siyasi məhbuslara diqqət çəkməyi hədəfləyir.

Hökumət rəsmiləri Azərbaycanda siyasi məhbusların olduğunu inkar edir və hüquq müdafiəçilərinin göstərdiyi rəqəmlərini qərəzli sayır. Hökumət səlahiyyətliləri təməl hüquqların təmin olunduğunu və vətəndaşların fikir və ya inancları səbəbiylə cəzalandırılmadığını söyləyir.

Prezident Əliyevin hüquq müdafiəçilərini və siyasi rəqiblərini əfv etməsi Azərbaycanda və başqa yerlərdə müsbət qarşılanıb. Hüquq müdafiəçisi Rəsul Cəfərov bunu “siyasi məhbus məsələsinin həlli ətrafında müsbət emosiya yaradan addım” kimi dəyərləndirib.

Hökuməti tənqid edən ictimai fəal və Meydan TV-nin direktoru Emin Milli prezident Əliyevə təşəkkür edib.

“Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır,”- deyə Emin Milli idarəetmədə daha müsbət dəyişikliyə səsləyərək, öz “Facebook” səhifəsində yazıb.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti sədrinin sözçüsü Federika Moqerini bu əfvi “xoş gəldin addımı” adlandırır. O, həmçinin qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməsini gözləyir və bu insan hüquqları məsələləri üzrə əməkdaşlıq üçün Aİ ilə Azərbaycan arasındakı münasibətin ən mühüm elementidir.

Beynəlxalq hüquq müdafiə qrupları və bəzi Qərb hökumətləri Azərbaycanın insan hüquqları ilə bağlı vəziyyətini tənqid ediblər və illərlə Azərbaycan hökumətini siyasi məhbusları buraxmağa çağırıblar. Bu barədə Azadlıq Radiosunun Azərbaycan bölməsi məhbusların azadlığa çıxmasına şərh olaraq saytda qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda monitorinqi üzrə həmməruzəçisi Stefan Şennaç Azadlıq Radiosunun Azərbaycan bölməsinə bildirib ki, əfv sərəncamı “sürpriz” olub və fikir dəyişdirilməsinin əsl səbəbindən xəbərsizdir.

“Keçmişdə cənab prezident beynəlxalq tənqiddən yayınırdı. Bugünə qədər o sadəcə iki təzyiqə, birinci Xədicə İsmayılovanın işinə, ikincisi isə Mehman Hüseynovun işinə qarşı öz reaksiyasını bildirib,”- deyə Şennaç vurğulayıb.

Azərbaycanlı araşdırmaçı jurnalist İsmayılova Azərbaycanın yüksək vəzifəli rəsmilərinin, o cümlədən hakim ailənin korrupsiya faktları haqqında araşdırması dərc olunduqdan sonra vergidən yayınma və pul mənimsəmə ittihamları ilə 2014-cü ilin dekabrında həbs olunub. O, 2016- cı ilin may ayında azadlığa buraxılıb, lakin ölkədən çıxışına qadağa var. Ölkədə insan haqları pozuntularını geniş şəkildə sənədləşdirən tanınmış video bloqer Hüseynov prezident Əliyevin həyat yoldaşı Mehriban Əliyevanı vitse-prezident təyin etməsini xalqa açıq şəkildə sorğuladığı üçün iki il müddətinə azadlıqdan məhrum edilib. O, 2 martda azadlığa buraxılıb.

Bəzi fərziyyələrə görə Avropa İttifaqı ilə Azərbaycan arasında aprelin əvvəlinə təyin edilən görüş prezidentin bu qədər çox siyasi məhbusu azadlığa buraxmasına təsir göstərib.

“İndi Azərbaycan Qərblə sıx əlaqələri möhkəmləndirmək istəyir və Avropa İttifaqı ilə çox əhəmiyyətli bir saziş imzalamağa hazırlaşır, bu da ölkənin Qərb ilə olan münasibətini tənzimləmək üçün əhəmiyyətli olacaq,” – Respublikaçı Alternativ Partiyasının (ReAL)sədri İlqar Məmmədov bildirib.

Siyasi məhbuslar Azərbaycan ilə Qərb ölkələri arasındakı ikili görüşlərdə ən önəmli mövzu oub. Məhkumların ilk kütləvi əfvi 2001- ci ildə Azərbaycan Avropa Şurasına üzv olduğu zaman həyata keçirilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli əfv sərəncamanı “yaxşı”, lakin “yetərli olmayan” xəbər kimi dəyərləndirir. O, yanvarın 19-da keçirilən mitinqdə bloger Hüseynovun azad edilməsinə çağırış edilməsinin və siyasi məhbuslar adından müxalifətin təşviqat kampaniyasına ictimai marağın olmasının prezidentin qərarına təsir etdiyini bildirib.

“19 yanvar mitinqindən sonra hakimiyyət anladı ki, beynəlxalq ictimaiyytlə yanaşı ölkə ictimaiyyəti ilə də hesablaşmaq lazımdır. Buna görə də sosial problemlərlə bağlı addım atıldı, ünsiyyətdə daha sivil forma seçildi. Görünür, bu sərəncam da həmin siyasətin davamıdır,” – Kərimli deyib.

Siyasi müxalifət ötən yay iki hadisə ilə sarsıldı: Mingəçevirdəki elektrik enerjisi stansiyasında baş verən qəza bütün ölkənin enerjisiz qalmasına səbəb olması və Gəncə şəhərində baş verən etirazlar və sui-qəsd cəhdinin qarşıdurmalara səbəb olması və iki polis məmurunun ölümü ilə nəticələnməsi. Digər narahatlıq doğuran məsələ bloger Hüseynovun cəzasının dekabrda əlavə ittihamlarla uzadılması və bunun ardından yanvarın 19-da aksiya təşkil olunması idi.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev prezidentin əfv sərəncamını “ictimaiyyətlə itmiş əlaqəni bərpa etmə” cəhdi kimi qiymətləndirir.

Tarixçi Altay Göyüşov isə bildirib ki, Qafqaz regionunda baş verən hadisələr, xüsusilə Ermənistan və Gürcüstandakı müsbət dəyişikliklər də rol oynayıb.

“Əliyev keçmiş Ermənistan prezidenti Köçəryanı günahlandıra bilərdi, ancaq Ermənistanın Baş naziri Paşinyanın hakimiyyətə gəlməsindən və Ermənistanda baş verən demokratik keçiddən sonra faktiki olaraq Azərbaycanın bölgədə irticaçı imici yarandı,” – Göyüşov Meydan TV- yə müsahibəsində deyib və əlavə edib ki, Azərbaycanda bəzi müsbət dəyişikliklərə ehtiyac var idi və “hökumət geri çəkildi”.

Əvvəllər həbs edilmiş jurnalist və rusdilli “haqqin.az” media platformasının baş redaktoru Eynulla Fətullayevin fikrincə, bu sərəncam hökumətin zəifliyini göstərmir, əksinə bu göstərir ki, “hakimiyyət öz qərarı ilə “siyasi məhbuslar” məsələsini bağlayıb. Birdəfəlik bağlayıb”.Prezident İlham Əliyev vətəndaşlara Novruz təbrikində ölkədə siyasi, iqtisadi və sosial islahatlar həyata keçiriləcəyini bildirib.

“İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur… Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir” – Əliyev 20 martda video mesajında qeyd edib.

Siyasi hüquq müdafiəçisi Cəfərov isə qeyd edib ki, “siyasi islahatlar vacibdir. Siyasi islahatlar olmadan iqtisadi, sosial və ya digər islahatlara fokuslanmaq mənasızdır”.

O hökuməti “cəmiyyətə müsbət mesaj” adlandırdığı əfv sərəncamını davam etdirməyə çağırıb və əsas diqqətin məhkəmə sistemi və hakimlərin müstəqilliyi, azad və demokratik seçkilər, media azadlığı və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi kimi fundamental islahatların üzərində olmasının vacibliyini vurğulayıb.

Lakin REAL Partiyasının sədri İlqar Məmmədov isə əfvin islahatlarla heç bir əlaqəsi olmadığını deyib və qeyd edib ki, baş verənlər “hakimiyyətin özünü itirdiyini” göstərir.

“Azərbaycanda pul azalıb, iqtisadi imkanlar daralır deyə əlbəttə ki, Azərbaycanda əvvəlki idarəetmə üsulu artıq bu rejimə yaramır və formada [bu rejim] köhnə idarəçiliyi təkrarlamaq, davam etdirmək istəyir,” – Məmmədov bildirib əlavə edib ki, “islahatlar” olaraq təqdim edilən son hadisələr ölkədə “demokratik keçidə heç bir təminat yaratmır”.

Heydər Əliyevin heykəlinin üstünə yazdığı şüara görə həbs olunan və azadlığa buraxılan Qiyas İbrahimov qeyd edib: “Bu gün sərbəst buraxılmışıqsa, bu, qarşımızda olan gücün geri çəkilməsidir”. Həmçinin, o bildirib ki, azadlıq döyüşçüləri dayanmamalı, bu şansı nə isə yeni bir şeyin başlanğıcını qoymaq üçün istifadə etməli, “gücün üstünə getməlidir”.

Onunla eyni vaxtda – keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan həbs olunmuş və İbrahimovla eyni vaxtda azad olunan Bayram Məmmədovun isə azadlığı cəmi 13 gün çəkdi. Bununla da bu əfv qərarı hakimiyyət üçün çətin və davamlı ola bilməyən limitli “islahat” kimi göründü.

Bir gün öncə polisə müqavimət göstərməkdə ittiham edilərək yenidən 30 sutka həbs cəzası alan Məmmədovun “Turan” İnformasiya Agentliyinə verdiyi son müsahibəsində səsləndirdiyi “Əgər bilsəydim ki, yaşadıqlarımın bir neçə qatını yaşayacağam, hec çəkinmədən, qorxmadan yenə gözübağlı gedərdim ora, abidənin yanına. Sadəcə, bu dəfə daha artığını etməyə çalışardım” sözlərindən sonra həbs edildiyi bildirilir.(Meydan tv)

Sozcu.az