Xidmət qurumlar əlilləri sosial infrastrukturdan məhrum edir

Azərbaycan Respublikası Prezidentininin 25 fevral 2019 tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə yaşa görə sosial müavinətin məbləği 73 manatdan 130 manata, 1-ci qrup əlilliyə və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinətin 82 manatdan 150 manata, 2-ci və 3-cü qruplar üçün müvafiq olaraq 61 və 52 manatdan 130 və 110 manata çatdırılması məsələlərinin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb. Eyni zamanda 1-ci qrup sosial müavinətçi əlillər üçün müəyyən edilən 60 manatlıq Prezident təqaüdünün məbləği 100 manata çatdırılıb və ümumi xəstəlik, peşə xəstəliyi, hərbi xidmət , Çernobıl qəzası … nəticəsində 1-ci qrup əlil olanlara da şamil edilib. 1-ci qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə də 50 manat məbləğində Prezident təqaüdü müəyyən olunub.

Göründüyü kimi, başlıca olaraq 1-ci qrup əlillərin sosial müdafiəsi müavinətlər və təqaüdlərlə gücləndirilir və ümumi pul təminatı 250 manata (qulluq edənə ayrıca 50 manat) çatdırılır. 2 və 3-cü qrup əlillər isə cəmi 130 və 110 manatın ümidinə qalmalı olacaqlar. Çoxluğu bu kateqoriyadan olan əlillərin təşkil etdiklərini nəzərə alsaq, əlillərin sosial müdafiəsiz qalacaqları şübhəsizdir. Biz hələ bu müavinətlərin işıq, qaz, su, dərman puluna getdiyini demirik. Hətta əlilərin sosial infrastrukturla təminatı da öz üzərlərinə qoyulub. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018 tarixli Azərbaycan Respublikası Qanununun 15.3 maddəsində yazılıb ki, peşə xəstəliyi, istehsalatda bədbəxt hadisələr nəticəsində əlil olmuş şəxslər istisna olmaqla digər əlillər yaşayan fərdi evlər onların öz hesabına əlillərə uyğunlaşdırılması təmin edilir. 110-130 manat ,lap 500 manat alan əlil dəyəri on min manata çatan sosial infrastruktura uyğunluğu necə təmin edə bilər?Müharibə əlillərinə gəldikdə isə hər üç kateqoriyadan olan əlillərə ayrılan Prezident təqaüdü 1-ci qrup üçün 182 manatdan 250, 2-ci qrup üçün 158 manatdan 230, 3-cü qrup üçün 121 manatdan 210 manata çatdırılır. Bu hesabla sosial müavinət alan 1-ci qrup Qarabağ əlillərinin ümumi pul təminatı 400 manat (onlara qulluq edənə ayrıca 50 manat ), 2 -ci qruplarınkı 360 manat, 3-cü qruplarınkı 320 manat olacaq. Onu da deyək ki, sosial müavinət alan müharibə əlillərinin sayı 450 civarındadır . Bu şəxslərə prezidentin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş 26 manatlıq aylıq müavinətin 18 ildir dəyişməz qalması bir yana, verilməsi də təmin edilmir. Sadəcə, sosial müdafiə orqanları bu müavinətin “sosial müavinət” olmasını bildirib əmək pensiyaçılarına şamil edilmədiyini vurğulayırlar. Halbuki, əlillərin sosial müavinətlərinin 26 manat deyil, bundan 5-6 dəfə çox olmasını elə sosial qurumlar özləri bilməmiş olmaz.

Kommunal, tibb xidmətlərinə sərf olunan məbləğin sosial müavinətləri dəfələrlə üstələməsi hökuməti bu xidmət haqlarının kompensasiyasına ayrılan 26 manatlıq aylıq müavinəti artırmağa sövq edir . Gerçəkdə isə artım o yana, heç 26 manatın özü də yada düşmür.

Məğrur Bədəlsoy

Sozcu.az